08 avqust 2025 13:59
217

DOST konsepsiyasının Qarabağ modeli: Bərpadan rifaha aparan yol

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin yaradılması Azərbaycan dövlətinin vətəndaşlara xidmət sahəsində həyata keçirdiyi dərin islahatların və müasir idarəçilik modelinin bariz nümunəsidir. Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilən bu qurum qısa zaman ərzində ölkənin sosial siyasətinin yenilənməsində mühüm rol oynayıb.

Agentliyin fəaliyyəti birbaşa vətəndaş məmnunluğunun artırılmasına, xidmətlərin elektronlaşdırılması və bürokratik əngəllərin aradan qaldırılması kimi strateji məqsədlərə xidmət edir. Xüsusilə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə reallaşdırılan innovativ yanaşmaların təməlini qoyub. Bu model təkcə xidmət göstərmə strukturunda deyil, həm də dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidində önəmli rol oynayır. Konsepsiyanın əhatə dairəsi olduqca genişdir – əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial müdafiə və təminat sahələrini əhatə edən 15 istiqamət üzrə 160 sosial xidmət bir məkanda, “bir pəncərə” prinsipi ilə təqdim olunur. Bu isə öz növbəsində xidmət prosesində vaxt itkisini minimuma endirir, vətəndaşlara rahat və şəffaf imkanlar yaradır.

Azərbaycanın sosial xidmətlər sahəsində yeni brendi olan DOST konsepsiyası təkcə milli səviyyədə deyil, həm də beynəlxalq aləmdə diqqət mərkəzindədir. Agentliyin innovativ yanaşması, şəffaf və vətəndaş yönümlü idarəetmə modeli müxtəlif beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Qısa müddət ərzində DOST Agentliyi 30-dan çox beynəlxalq mükafat və sertifikata layiq görülüb. Bu mükafatlar arasında Avropa Sosial Şəbəkəsi, Beynəlxalq Sosial Təminat Assosiasiyası və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası kimi nüfuzlu qurumların təqdim etdiyi xüsusi mükafatlar da yer alır. Bu faktlar DOST modelinin artıq qlobal sosial innovasiya sistemində öz yerini tapdığını və beynəlxalq təcrübə üçün nümunəyə çevrildiyini təsdiqləyir. DOST mərkəzlərinin fəaliyyətinə verilən beynəlxalq qiymətlər arasında “Aİ Biznes Mühiti Hesabatı 2021”də konsepsiyanın Azərbaycanın ən təkmil üç islahatından biri kimi göstərilməsi xüsusi diqqət çəkir. Bu, DOST-un yalnız sosial xidmət sahəsində deyil, ümumilikdə ölkədəki islahatların keyfiyyət göstəricilərindən biri olduğunu sübut edir. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının DOST modelini “İnnovativ ictimai xidmət həlləri” kateqoriyasında tanıması, bu təcrübəyə dünya ölkələrinin artan marağına zəmin yaradıb. Hazırda bir sıra dövlətlər DOST təcrübəsini öyrənmək, tətbiq etmək və əməkdaşlıq qurmaq niyyətini ortaya qoyur, bu məqsədlə təcrübə mübadiləsi proqramları həyata keçirilir. Bu isə Azərbaycan modelinin beynəlxalq sosial idarəetmə sisteminə verdiyi töhfənin göstəricisidir.

DOST Agentliyinin fəaliyyətində könüllülük prinsiplərinin də xüsusi yeri var. “Könüllü DOST” proqramı cəmiyyətin müxtəlif təbəqələrindən olan gəncləri sosial xidmət proseslərinə cəlb etməklə həm onların şəxsi inkişafına, həm də cəmiyyətin rifahına töhfə verir. Bu proqram, ölkədə könüllülük hərəkatının genişlənməsində aparıcı təşəbbüslərdən biri kimi çıxış edir. On minlərlə müraciətin daxil olduğu və minlərlə gəncin bu proqram vasitəsilə sosial xidmət sahəsində təcrübə qazandığı “Könüllü DOST” layihəsi də beynəlxalq səviyyədə təqdir olunub. Xüsusilə “Global HR Summit 2023” beynəlxalq müsabiqəsində qalib adını qazanması bu proqramın innovativ və insan yönümlü yanaşmasının təsdiqidir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial xidmət infrastrukturunun qurulması və müasir idarəetmə modelinin tətbiqi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan Prezident İlham Əliyevin 2023-cü il avqustun 7-də iştirakı ilə açılışı həyata keçirilən Qarabağ Regional DOST Mərkəzi xüsusi əhəmiyyət daşıyır. Bərdə şəhərində yerləşən bu mərkəz, artıq 10 rayon və şəhərin – Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə və Xankəndi sakinlərinə yüksək səviyyəli xidmət göstərməkdədir. Mərkəz ölkəmizdə uğurla tətbiq edilən DOST konsepsiyasının tərkib hissəsi olaraq fəaliyyət göstərir. Burada 161 növ sosial xidmət tam şəffaf, operativ və vətəndaş məmnunluğu prinsipi əsasında “bir pəncərə” üsulu ilə təqdim edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, son iki il ərzində Qarabağ Regional DOST Mərkəzində 147 min vətəndaşa xidmət göstərilib və bu xidmətlər üzrə vətəndaş məmnunluğu 99,7 faiz təşkil edir. Bu göstərici mərkəzin fəaliyyətinin nə dərəcədə effektiv və insan yönümlü olduğunu əyani şəkildə ortaya qoyur. Mərkəzdə 80 nəfərdən ibarət peşəkar işçi heyəti və 27 könüllü çalışır. Onların gündəlik orta hesabla 650-700 vətəndaşın qəbulunu həyata keçirməsi, sosial xidmətlərə çıxış imkanlarının genişliyindən və idarəetmədə səmərəlilikdən xəbər verir. Bu, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesinin davam etdiyi bir zamanda vətəndaş rifahının təmin olunmasına verilən yüksək dəyərin təzahürüdür.

Ötən ilin iyul ayında Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində açılışı olan Dövlət Xidmətləri Mərkəzi və onun tərkib hissəsi kimi fəaliyyət göstərən Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı da bu strategiyanın növbəti uğurlu addımı kimi qiymətləndirilir. Şuşa kimi tarixi şəhərin sosial xidmət şəbəkəsinə daxil edilməsi onun dayanıqlı inkişafına mühüm töhfə verir.

Qarabağ Regional DOST Mərkəzinin strukturuna daxil olan müəssisələr də burada təqdim olunan xidmət spektrini genişləndirir. Belə ki, mərkəzdə fəaliyyət göstərən 7 emalatxana, 8 sinif və təlimat otağından ibarət Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi gənclərin və işaxtaranların peşəkar bilik və bacarıqlar əldə etməsinə xidmət edir. Bu Mərkəz eyni zamanda, Peşəyönümü və Karyera Mərkəzi vasitəsilə bölgədə məşğulluğun artırılması və insan resurslarının səmərəli istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sosial xidmətlərin yalnız idarəçilik və sənədləşmə ilə məhdudlaşmadığını nəzərə alsaq, Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən “RehaPoint” – Reabilitasiya Məntəqəsi də xüsusi diqqətə layiqdir. Bu müəssisə bölgə əhalisinə reabilitasiya xidmətlərinin göstərilməsi ilə fiziki və psixoloji sağlamlığın bərpasına töhfə verir. Reabilitasiya xidmətlərinin məhz yerində – Qarabağ bölgəsində təşkil olunması, əhalinin bu xidmətlərə rahat və maneəsiz çıxışını təmin edir. Qarabağ Regional DOST Mərkəzinin fəaliyyəti, bütövlükdə dövlətin sosial siyasətinin strateji hədəflərinə uyğun olaraq, Qarabağ və ətraf ərazilərdə müasir sosial idarəetmə modelinin formalaşmasına xidmət edir. Bu, eyni zamanda, azad olunmuş torpaqların bərpası və dayanıqlı inkişafı prosesində insan amilinin ön planda saxlanıldığını sübut edir.

Nigar Orucova, “İki sahil”