08 avqust 2025 11:12
219

Müəllim hazırlığı diplom vermək deyil, məsuliyyət formalaşdırmaqdır - MÜSAHİBƏ

Eldar Aslanov: Biz artıq müəllim hazırlığını yalnız keçmiş təcrübə əsasında deyil, gələcəyin tələblərinə uyğun qururuq

Pedaqoji təhsilin yalnız fənn bilikləri üzərində qurulması artıq keçmişdə qalıb. Müasir müəllim rəqəmsal savadlı, xarici dil bilikli, yüksək etik dəyərlərə və vətəndaş məsuliyyətinə malik  olmalıdır. Bu yanaşma Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də müəllim hazırlığının əsas istiqamətinə çevrilib. Universitetin tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanovla söhbətimizdə müəllimlik peşəsinə seçim meyarlarından tutmuş, pedaqoji təhsildə prinsipial mövqeyə, tələbələrin inkişafı üçün görülən işlərə və universitetin bu sahədə daşıdığı strateji öhdəliyə qədər bir sıra önəmli məsələlərə toxunduq.

-Azərbaycan Dövlət Pedaqoji Universiteti hazırda ölkəmizin  ali pedaqoji təhsilində hansı mövqedədir və bu statusu daha da möhkəmləndirmək üçün nə kimi addımlar atılır?

-Pedaqoji Universitet 104 illik tarixə malik təcrübəli ali məktəb kimi ölkəmizdə pedaqoji kadr hazırlığının əsas mərkəzidir. Hazırda ölkəmizin 21 dövlət və özəl ali təhsil müəssisəsində pedaqoji kadr hazırlanır. Bu kadr hazırlığının əsas pay sahibi olan ADPU filialları və Pedaqoji Kolleci ilə birlikdə  hər il tələbə qəbulu dövründə ayrılan plan yerlərinin təxminən 35 faizini əhatə edir. Bu, ADPU-nun üzərinə böyük məsuliyyət qoyur. Universitetimiz bu mövqeyin məsuliyyətini dərindən anlayır, öz fəaliyyətini ali təhsil səviyyəsində pedaqoji kadr hazırlığının yeni çağırışlarına uyğunlaşdırmağa çalışır. Bu istiqamətdə mövqeləri möhkəmləndirmək üçün universitet məzmunun yenilənməsi, infrastrukturun təkmilləşdirilməsi,  professor-müəllim heyətinin səriştələrinin daha da artırılması, akademik heyətin gənc, rəqəmsal texnologiyalar və müasir təlim üsullarını tətbiq etməyi bacaran müəllim heyəti ilə komplektləşdirilməsi kimi məsələlərə xüsusi dəqqət yetirir.

- ADPU-da müəllim hazırlığında müasir pedaqoji yanaşmaların və texnologiyaların tətbiqi hansı səviyyədədir və bu sahədə hansı əsas yeniliklər həyata keçirilir?

- 2016-cı ildən etibarən ADPU-da müəllim hazırlığında müasir pedaqoji yanaşmaların və texnologiyaların tətbiqi istiqamətində ciddi addımlar atılıb. İnklüziv təhsilin təşviqi, bütün ixtisaslarda fərdi təlim və inklüzivlik mövzularının tədrisi, beynəlxalq layihələr çərçivəsində resurs mərkəzlərinin yaradılması və müəllimlərin təlimlərə cəlb olunması bu sahədə aparılan işlərin əsas istiqamətlərindəndir. 2020-ci ildən STEAM yanaşması universitetdə tətbiq olunur. Müvafiq ixtisaslarda bu fənnin tədrisinə başlanılmış, STEAM Mərkəzi yaradılmışdır. Müəllimlərin XXI əsr bacarıqları çərçivəsində səriştələrinin artırılması məqsədilə müxtəlif tərəfdaşlarla təlimlər keçirilir, rəqəmsal və virtual tədris imkanlarından geniş istifadə olunur. “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində proqramlaşdırma və texnoloji səriştələrin inkişafı məqsədilə ixtisas proqramlarına müvafiq modullar əlavə edilmişdir. İnformatika və riyaziyyat və informatika müəllimiyi ixtisaslarında bu bacarıqlar artıq tədris planlarına inteqrasiya olunmuşdur. Xarici dil hazırlığı da gücləndirilib - Xarici Dillər Mərkəzi yaradılıb, müəllimlərin  “English Teaching Knowlodge” testi dediyimiz TKT sertifikatlaşdırılması və tələbələrin dil səviyyəsinə uyğun qruplara bölünməsi sistemi tətbiq edilməyə başlanılıb. Bundan əlavə, müəllimlər “Microsoft sertifikatlı təlimçi” proqramına cəlb edilir, “Moodle” sistemi, “Microsoft Teams” və “Office 365” vasitəsilə rəqəmsal tədris mühiti gücləndirilir. Bütün bu tədbirlər ADPU-da müasir təlim texnologiyalarının geniş tətbiqini təmin edir.

-Sizcə, bu gün müəllim peşəsinin nüfuzunun artırılmasında ali pedaqoji təhsil müəssisələri hansı məsuliyyəti daşıyır və bu baxımdan ADPU-nun missiyası nədən ibarətdir?

-Müəllim peşəsinin nüfuzunun artırılmasında ali təhsil müəssisələrinin məsuliyyəti çox kritik əhəmiyyətə malikdir. Bu gün müəllimlərin iş şəraitinin, məktəblərimizin infrastrukturunun yaxşılaşdırılması istiqamətində dövlətimiz, hökumətimizin hansı işlər gördüyünü, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun nə qədər yeni məktəb qurduğunu Azərbaycan cəmiyyəti yaxşı bilir. Hazırda isə Azərbaycanın nəinki paytaxtında, həttə  bölgələrində, o cümlədən işğaldan azad olunan ərazilərimizdə müasir dünya standartlarına cavab verən məktəblər tikilir. Müəllimlərin əmək haqqılarının  artırılması sahəsində görülən işlər, müəllim əməyinin qiymətləndirilməsi, sertifikasiyanın nəticəsinə əsasən müəllimlərin əmək haqqına əlavələrin hesablanması müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən amillərdir. Deyilənlər kontekstində üzərlərinə düşən məsuliyyət baxımından, məncə, ali məktəblər pedaqoji kadr hazırlığında heç bir güzəştə getməməlidirlər. Pedaqoji ixtisasa yiyələnmək hər kəsin müyəssər olacağı bir iş olmamalıdır. Çünki Ümummilli Liderimiz haqlı olaraq müəllim peşəsindən uca, ali bir peşə olmadığını deyirdi. Dolayısı ilə  pedaqoji fakültələrdən və Pedaqoji Universitetdən yalnız ən yüksək peşə sərtiştələrinə, biliklərə, dünyagörüşünə, etik dəyərlərə və yüksək vətəndaşlıq hisslərinə malik olan şəxslər məzun olmalıdırlar. Düzdür, bu, asan bir proses deyil. Bunun üçün professor-müəllim heyətinin qiymətləndirmə bacarıqları artmalı, məzmunlara olan tələblər ildən-ilə, belə demək mümkündürsə, daha yüksək səviyyəyə qaldırılmalıdır. Müəllim peşəsini təsdiq edən diplomu həqiqətən o peşəni şərəflə daşıyacaq adamlar əldə etməlidirlər. İnanın ki, Pedaqoji Universitet bu misiyanı dərk edir, bunu anlayır və bunun üçün çox ciddi sosial problemlər yaratmadan, tədricən aparılan kadr islahatları ilə bu tələbləri artırır. Pedaqoji Universitetin məzunlarının əmək bazarındakı performansı, tələbə hərəkətliliyinin, normativ təhsil müddətində məzun olanların sayının, nəticələrinin analizi onu göstərir ki, ADPU-da daha çox qarşısına müəllim olmaq hədəfi qoyan, öz üzərində işləyən, öz akademik nailiyyətləri ilə universiteti uğurla başa vuranlar təhsil alır və məzun olurlar. Bunun nəticəsində də bizim əmək bazarındakı rolumuz ildən-ilə artır.

- Pedaqoji Universitetdə tələbələrin sosial rifahı, psixoloji dəstəyi və kampus həyatı ilə bağlı hansı əsas proqramlar həyata keçirilir?

-Pedaqoji Universitet tələbələrin sosial rifahını təmin etmək məqsədilə müxtəlif təqaüd proqramları təqdim edir. Tələbələr akademik göstəricilərinə əsasən klassik və adlı təqaüdlərlə yanaşı, Tələbə Həmkarlar İttifaqı Komitəsi vasitəsilə əlavə dəstək də ala bilirlər. Ehtiyac meyarına uyğun olan tələbələrə nəqliyyat kartları və yeməkxanalarda istifadə edilə bilən vouçerlər (ödəniş kuponları) verilir. Nəqliyyat məsələsi xüsusilə Bakı, Sumqayıt şəhərlərindən və Abşeron bölgəsindən gələn tələbələr üçün diqqətdə saxlanılır və oriyentasiya görüşlərində bu barədə geniş məlumat verilir. Psixoloji dəstək məqsədilə universitetin psixologiya kafedralarının müəllimləri hər semestr tələbələrə xidmət göstərirlər. Psixoloqlarla görüşlər anonimlik qorunmaqla aparılır və bu xidmət bütün tədris binalarını əhatə edir. Tibbi xidmətlər çərçivəsində universitet poliklinikası fəaliyyət göstərir. Burada birinci kurs tələbələrinin pulsuz müayinəsi və gündəlik tibbi yardım təmin olunur. Aşkarlanan sağlamlıq problemləri üzrə tələbələr peşəkar müalicəyə yönləndirilirlər. Kampus həyatı şəhər formatındadır. Tədris binalarında kitabxanalar və yeməkxanalar mövcuddur. II tədris binasında yerləşən 200 nəfərlik yataqxana xanım tələbələr üçün nəzərdə tutulub. Hazırda məcburi köçkün ailələrinin yaşadığı keçmiş yataqxanaların yaxın gələcəkdə təmir edilərək tələbələrin istifadəsinə verilməsi planlaşdırılır.

 -ADPU-nun məzunları əmək bazarında nə dərəcədə rəqabətlidir və onların işlə təmin olunması məsələsində universitetin rolu nədən ibarətdir?

-Pedaqoji Universitetin məzunlarının əmək bazarında rəqabətliliyini biz daha neytral qurumların rəyləri əsasında deyə bilərik. Təvazökarlıqdan  uzaq olsa da, bunu mən məmnuniyyətlə bölüşə bilərəm və rahatlıqla istənilən bir oxucu qısa bir internet axtarışı ilə universitetin məzunlarının əmək bazarında məşğulluq faizlərinə baxa bilər. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi bu prosesləri tənzimləyir. ADPU-nun  Məzun-karyera və koordinasiya şöbəsi digər ali məktəblərin uyğun mərkəzləri və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq şəraitində işləyir. Bizim Məzun-karyera və koordinasiya şöbəsi hər ilin oktyabr-noyabr aylarında Pedaqoji Universitetin son il məzunlarının məşğulluq hesabatını təqdim edir. Bu hesabat Elmi Şurada geniş müzakirə edilib əsas nəticələri ictimaiyyətə təqdim olunur. Məmnunluq hissi ilə qeyd etmək olar ki, 2023/2024-cü tədris ili üzrə ADPU-dan məzun olan 2317 bakalavrdan 812 nəfəri Azərbaycanda, 72 nəfəri xaricdə magistraturaya qəbul olunub. 1063  məzun MİQ imtahanlarında iştirak edib ki,  bunlardan 984 nəfəri müsabiqə mərhələsində iştirak etmək hüququ qazanıb, 551 nəfəri isə dövlət ümumtəhsil müəssisələrində işlə təmin edilib. Məzunlardan 142 nəfəri dövlət orqanlarında, 308 nəfəri isə özəl təhsil müəssisələrində işə qəbul olunub. Pedaqoji Universitetin 2024-cü ildə əmək bazarına çıxmış məzunlarının məşğulluğu  83,7 %, işləyən məzunların ixtisas üzrə məşğulluğu isə 85,8 % təşkil edib.

Cari ilin məzunlarının hesabatının hazırlanması üçün hal-hazırda biz prosesi izləyirik. Bakalavr məzunlarımızın hansı hissəsinin ölkə və xaricdə magistratura təhsili aldığını izləyir, nə qədər məzunumuzun müəllimlərin işə qəbulu imtahanlarında müraciət etdiyini, test və müsahibə mərhələsində uğur əldə etdiyini təyin edirik. Müvafiq olaraq Elm və Təhsil Nazirliyinin,  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) , və digər müvafiq sturukturların informasiya bazası ilə müntəzəm bilgi alış-verişi etməyə, onların məlumatlarını, hesabatlarını izləməyə çalışırıq. Məzunlarımızın dövlət qulluğu imtahanlarındakı nəticələrini, magistr məzunlarımızın doktorantura səviyyəsində təhsillərini ölkədə və ya xaricdə almalarını və məşğulluğunu diqqətdə saxlayırıq. O cümlədən Dövlət Məşğulluq Agentliyinin əmək müqavilələrinin müvafiq qeydiyyatı elektron resursu vasitəsilə də məzunlarımızın məlumatlarını izləməyə çalışırıq. Məzunlarımızın nəticələrinə əsasən, xüsusilə son illərdə yüksək göstəricilər əldə etdiyimizi deyə bilərəm. Məzunlarımızın istər öz ixtisasları üzrə, istərsə də özəl və dövlət sektorunun digər sahələrində məşğulluğu kifayət qədər yüksəkdir. Baxmayaraq ki, ölkəmizdə 21 ali məktəb pedaqoji kadr hazırlayır, Elm və Təhsil Nazirliyinin açıqlamalarına görə, ölkəmizdə hər il ümumtəhsil məktəblərində təxminən 3 min yeni vakansiya yaranır. Hər il bu rəqəmlərdən daha çox sayda tələbə ali məktəblərdən məzun olur. Dolayısı ilə, bizim rəqabət mühitimiz daha da kəskinləşir. Amma pedaqoji ixtisaslara olan marağı, plan  yerlərinin dolma payını, universitetimizi seçən tələbələrin qəbul ballarını, məzunlarımızın əmək bazarının ayrı-ayrı seqmentləri üzrə performansını müşahidə edərkən, deyə bilərəm ki, Pedaqoji Universitetin rəqabətliliyi ildən-ilə artır, güclənir. İnanıram ki, biz müvafiq strategiya üzrə əmək bazarının ehtiyaclarına görə həm pedaqoji ixtisaslarda, həm də qeyri-pedaqoji ixtisaslarda qəbul planımızı düşünülmüş şəkildə korreksiya edərək bu rəqabətliliyi daha da artıracağıq. Təbii ki, burada əsas məsələ hazırladığımız kadrlara nə qatdığımız, diplomla bərabər hansı peşə səriştələləri verdiyimiz, onların nələri bacardığını da göz önündə tutmamızdır.

-Müsahibə üçün təşəkkür edir,  nəcib fəaliyyətinizdə sizə uğurlar arzulayırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”