Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlamlığına səbəb olur
İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı, neçə əsrlərdir ki, Ramazan bayramını yüksək inam və ruh yüksəkliyi şəraitində qeyd edir. Xüsusi vurğulamaq lazımdır ki, hələ keçmiş Sovet İttifaqı dövründə bütün qadağalara baxmayaraq, Ramazan bayramının qeyri-rəsmi səviyyədə keçirilməsi Ümummilli Lider Heydər Əliyevin milli maraqlara xidmət edən fəaliyyətinin nəticəsi idi. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşdı. Ulu Öndər Heydər Əliyev xalqın qəlbən tapındığı dini dəyərlərə bağlı olmaqla yanaşı, həm də müqəddəs İslam bayramlarının dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir. Ramazan bayramının da rəsmi dövlət bayramları sırasına daxil edilməsi məhz Onun təşəbbüsü və qayğısı sayəsində mümkün olmuşdur. Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının bayramları haqqında" Qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Ramazan bayramı iş günü olmayan bayram hesab edilir və bu, dövlətin vətəndaşların vicdan azadlığına necə yüksək həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.
Təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu dövlət-din münasibətləri bu gün də uğurla davam etdirilir. Hər il Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dininin əhəmiyyətli rol oynadığını bildirən ölkə başçısı milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımızın öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxladığını, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə qeyd etdiyini bildirir.
Göründüyü kimi, Ramazan bayramı İslam dinində mövcud olan ən böyük bayramlardan biridir, bəlkə də birincisidir. Bu bayram Ramazan ayının sona çatması münasibətilə Şəvval ayının birində qeyd edilir və dini mənbələrdə "Fitr bayramı" kimi də xatırlanır. Bayram günü İslam şəriətinə görə oruc tutmaq haramdır. Ramazan bayramına keçən gecə fitrə pulunu ayırıb həmin axşam, ya bayram namazına qədər, ya da gün ərzində öz təyinatı üzrə çatdırmaq lazımdır. Bayram namazına qədər fitrə pulunu çatdırmaq daha savab əməl hesab olunur. Fitrə zəkatının vacibliyini Məhəmməd Peyğəmbər (s.v.s) hicrətin 2-ci ilində Ramazan ayının sonunda söylədiyi xütbədə müsəlmanlara elan etmişdir. Fitrə zəkatı maddi vəziyyəti dözülməz dərəcədə çətin olan adamlara (fəqirlərə) verilməlidir. Fitrə zəkatını hər kəs öz kasıb qohumuna və ya qonşusuna versə daha yaxşı olar. Həmin gün qəbirləri ziyarət etmək, onları səliqə-sahmana salmaq, ölənlərin ruhlarına rəhmət diləmək, Fatihə, İxlas və Yasin surələrini oxumaq və ya oxutdurmaq ənənəyə çevrilmişdir.
On bir ayın Sultanı Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. Bayrama keçən gecəni ibadətdə keçirmək tövsiyə olunur. Həmin gecə də Qədr gecələri kimi oyaq qalıb çoxlu namaz qılmaq, dua, Allahı zikr etmək, "Qurani-Kərim”i oxumaq və s. kimi ibadətlərlə məşğul olmaq böyük savabdır. Çünki bu gecə də müqəddəs gecə hesab olunur. Rəvayətlərdə deyilir ki, imam Zeynül-abidin (ə) Ramazan bayramının gecəsi sübhə kimi oyaq qalıb namaz qılar və deyərdi: "Bu gecə heç də Qədr gecəsindən əskik deyil". İmam Əli ibn Əbu Talib (əs) isə həmin gecənin üstünlüyünü belə təsvir edirdi: "... insan hər il dörd gecə yalnız ibadətlə məşğul olsun. Fitr bayramı gecəsi, qurban bayramı gecəsi, şabanın orta gecəsi və rəcəb ayının birinci gecəsi."
Ramazan bayramı oruc tutub-tutmamasından asılı olmayaraq hər bir müsəlmanın bayramıdır. Bütün dünya müsəlmanları bu bayramı qeyd edirlər. Bəzi müsəlman ölkələrində bu bayram rəsmi şəkildə təntənəli surətdə keçirilir. Bu bayramı başqa bayramlardan fərqləndirən bir xüsusiyyət də bir ay boyunca gündüzlər ac-susuz qalıb, axşamlar ibadət edən və bu ibadətlərin çətinliklərinə dözən, Qədr gecələrində səhərə qədər oyaq qalıb ibadət edən müsəlmanların bu ayın tələblərindən irəli gələn məsuliyyətin başa çatmasından dolayı hiss etdikləri bir rahatlıq və arxayınlıq duyğusudur. Başqa bayramlarda olduğu kimi, Ramazan bayramı da insanların yaşayış tərzinə öz müsbət təsirini göstərir. Ümumiyyətlə, bu bayramın yaxınlaşması belə insanlarda xoş əhval-ruhiyyə yaradır. Belə xoş emosiyaların insan psixikasına müsbət təsirinin isə sübuta ehtiyacı yoxdur. Bayram günündə insanlar şadlanır, əhatəsi ilə səmimi və isti münasibət saxlayır, ailəsinə daha çox vaxt ayıraraq bayram gəzintisinə çıxırlar. Ramazan bayramının əsas üstünlüklərindən biri də bir ay boyunca insanın etdiyi əməlləri müqabilində mükafatlandırılacağına inamı və bu işin öhdəsindən gəldiyi üçün keçirdiyi sevinc hissidir. Heç şübhə yoxdur ki, orucluq, Ramazan bayramı insanlara vəhdət, birlik, həmrəylik, sülh, barışıq, mərhəmət gətirdiyi kimi, müsəlman dövlətlərini də ən azından ilahi amallar ətrafında birləşdirəcək, aralarındakı xırda ədavətləri bir kənara qoyaraq müsəlmanların rifahı naminə bir-birini dəstəkləməsinə və onların beynəlxalq miqyasda sülhün bərqərar olmasına öz töhfələrini verməsi yolunda bir vəsilə olacaqdır. Ramazan bayramınız mübarək!
Sevinc Azadi, “İki sahil”