20 mart 2026 00:59
128

Bayramda nə üçün sevdiklərimizi ziyarət etməliyik?

Rəqəmsal ünsiyyətin gündəlik həyatın əsas hissəsinə çevrildiyi indiki dövrdə mütəxəssislər bayramlarda sevdiklərimizi  ziyarət etməyin sosial əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını bildirirlər. Onların fikrincə, bayramlar yalnız istirahət deyil, həm də insanlar arasında münasibətlərin gücləndiyi xüsusi zaman kəsiyidir.

Türkiyəli psixoloq Jülide Unutmaz qeyd edib ki, son illərdə ünsiyyətin böyük hissəsi rəqəmsal platformalar üzərindən qurulsa da, üzbəüz ünsiyyət emosiyaların daha aydın ifadə olunduğu və qarşılıqlı əlaqənin daha güclü hiss edildiyi ünsiyyət formasıdır. Onun sözlərinə görə, bayram ziyarətləri insanların fiziki olaraq bir araya gəlməsinə imkan yaradaraq sosial əlaqələrin möhkəmlənməsinə töhfə verir. Mütəxəssis vurğulayıb ki, güclü sosial münasibətlər fərdlərin çətin vəziyyətlərlə mübarizə qabiliyyətini artırır və emosional dayanıqlığı gücləndirir. Eyni zamanda, yaxın insanlarla birlikdə vaxt keçirmək stress və narahatlıq kimi mənfi emosiyaların azalmasına kömək edir.

Bayram görüşləri zamanı ailə üzvləri arasında keçmiş incikliklərin və həssas mövzuların gündəmə gələ biləcəyini qeyd edən Unutmaz ünsiyyətdə qarşılıqlı anlayış və hörmətin qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, qarşı tərəfi dinləmək, mübahisə yarada biləcək mövzulardan uzaq durmaq və səmimi ünsiyyət qurmaq bayram günlərində daha rahat və xoş mühit yaradır.

Psixoloq, həmçinin qeyd edib ki, bayramın yaratdığı müsbət emosional fonu qorumaq üçün gündəlik həyatda da sosial əlaqələri aktiv saxlamaq lazımdır. Yaxınlarla əlaqəni davam etdirmək, kiçik paylaşımlar etmək və istirahətə vaxt ayırmaq psixoloji sağlamlığa müsbət təsir göstərir.

Bayram günləri həm də gündəlik iş yükündən qısa fasilə verərək zehni yorğunluğun azalmasına və insanın özünü daha yenilənmiş hiss etməsinə imkan yaradır.

Şahnigar Əhmədova, "İki sahil"