21 noyabr 2026 10:00
137

YAP: Azərbaycançılıq məfkurəsinin, möhtəşəm Zəfərin, Böyük Qayıdışın, əzmli milli iradənin təzahürü

Əsas hədəfləri Ulu Öndər Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının təbliği, güclü iqtisadiyyat və davamlı inkişaf, ədalətli sosial təminat və insan kapitalının inkişafı, dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, milli maraqlar, Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış olan Yeni Azərbaycan Partiyası öz Liderinin rəhbərliyi ilə bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq

Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqiliyini yenicə bərpa etmiş Azərbaycanda son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Qarabağ müharibəsi və torpaqlarımızın Ermənistan tərəfindən işğalı, səriştəsiz idarəçilik, daxili siyasi böhran, dərin iqtisadi tənəzzül, qaçqın və məcburi köçkün böhranı, mövcud hakimiyyətin uğursuz xarici siyasəti nəticəsində respublikanın diplomatik təcridi, xaos, silahlı qarşıdurmalar ölkəni “olüm ya ölüm” dilemması ilə üz-üzə qoymuşdu. İdeoloji fikir ayrılığı, ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsini təşkil edirdi. Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı öz doğma yurd-yuvalarından qovulmuşdu.

1992-ci il oktyabrın 16-da 91 tanınmış Azərbaycan ziyalısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək Ulu Öndəri ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyətdə yeni siyasi partiyaya rəhbərlik etməyə və fəal siyasi mübarizəyə dəvət etdi. Ümummilli Lider 1992-ci il oktyabrın 24-də onların müraciətinə “Yeni, Müstəqil Azərbaycan uğrunda!” başlıqlı məktubla cavab verdi. Ulu Öndərin bu məktubu müasir Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu. 1992-ci ii noyabrın 21-də Naxçıvanda keçirilən konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi.

1993-cü ilin oktyabrında Ümummilli Lider Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Prezidenti seçilməsi ilə ölkənin böhrandan çıxma prosesi başladı. Ulu Öndərin öz xalqına olan sədaqəti və ölkənin gələcəyi ilə bağlı mütərəqqi baxışları xalqı dahi rəhbərin ətrafında birləşdirdi. Ulu Öndərin siyasi iradəsi, əzmi və peşəkarlığı Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdi. Ümummilli lider Heydər Əliyevin liderliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin edilməsinə böyük töhfələr verdi.

2005-ci il martın 26-da keçirilmiş YAP-ın III qurultayında Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi müasir çağırışlar fonunda təşkilatın fəaliyyətində yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilən YAP-ın VII Qurultayı həm təşkilatın, həm də ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş oldu. Bu qurultay Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonrakı dövrə təsadüf etdiyi üçün ölkədə yaranmış yeni reallıqlar fonunda siyasi sistemin təkmilləşdirilməsi baxımından strateji əhəmiyyət kəsb etdi. Qurultayda qəbul olunmuş qərarlar ölkədəki “iqtidar-xalq” modelini möhkəmləndirdi və milli həmrəyliyin inkişafına güclü təkan verdi.

 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratdı. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılmasının və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etdi. Öz fəaliyyətini daim zamanın tələblərinə və müasir çağırışlara uyğun formalaşdıran YAP yeni idarəetmə modelini özündə ehtiva edir. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin dialoq siyasəti YAP-ın fəaliyyətində də əsas istiqamət kimi qəbul edilir. YAP əməkdaşlığa açıq və siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyalarının sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.

Milli maraqların qorunması ötən 34 ildə YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir.  Bu gün YAP ölkənin vətənpərvər, intellektual səviyyəli yeni gənc nəslin nümayəndələrini sıralarında birləşdirən avanqard siyasi qüvvə kimi çıxış edir. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri aktiv fəaliyyət göstərdilər. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlar idilər. Onlar yetişdilər, vətənpərvərlik və fədakarlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular və tarixi ədaləti bərpa etdilər.

Bu gün respublikamzın inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri Ulu Öndər Heydər Əliyevin irsinin, azərbaycançılıq ideologiyasının təbliği, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışdır. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə YAP hər zaman fəaliyyətini uğurla davam etdirib. Bunun nəticəsində də Azərbaycan dövləti çox böyük uğurlar əldə edib, və keyfiyyətcə inkişafının yeni tərəqqi mərhələsinə qədəm qoyub.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın bu il oktyabrın 2-də keçirilən VIII Qurultayındakı çıxışında bildirdi ki, ilk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir. VII Qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı dedi: “Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdi və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.

Zahid Rza, “İki sahil”