22 iyul 2025 08:50
128

Zəif şifrə 158 illik Britaniya şirkətini iflasa sürükləyib

Sadə və zəif şifrə 158 illik Britaniya şirkətinin fəaliyyətini tamamilə dayandırıb və 700 nəfəri işsiz qoyub.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, hadisə Northamptonşirdə yerləşən KNP adlı nəqliyyat şirkətində baş verib. Şirkətin kompüter sisteminə “Akira” adlı haker qrupu tərəfindən hücum edilib. Hakerlər sadəcə bir işçinin zəif şifrəsini təxmin edərək sistemə daxil olublar.

Hadisə 2023-cü ilin iyun ayında baş verib və bu kiberhücum nəticəsində şirkət qısa müddət ərzində fəaliyyətini dayandırmalı olub. Məsələ hazırda BBC-nin “Panorama” proqramında geniş araşdırma çərçivəsində yenidən gündəmə gətirilib.

KNP hadisəsi Böyük Britaniyada bizneslərə qarşı artan kiberhücumların tək nümunəsi deyil. Son aylar ərzində “M&S”, “Co-op” və “Harrods” kimi tanınmış brendlər də bu cür hücumlara məruz qalıb. “Co-op” rəhbərliyi ötən həftə 6,5 milyon üzvün məlumatlarının oğurlandığını təsdiqləyib.

Milli Kiber Təhlükəsizlik Mərkəzinin (NCSC) icraçı direktoru Riçard Horn bildirib ki, bu cür halların qarşısını almaq üçün təşkilatlar təhlükəsizlik sistemlərini gücləndirməli və bu sahəyə ciddi yanaşmalıdırlar.

Qeyd edək ki, KNP 2023-cü ildə “Knights of Old” brendi altında 500 yük maşını ilə fəaliyyət göstərirdi və sənaye standartlarına uyğun IT sisteminə və kiberhücumlara qarşı sığortaya malik idi. Buna baxmayaraq, bir səhv bütün sistemi çökdürməyə bəs edib.