Laçında Şuşa Qlobal Forumu çərçivəsində “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bir əsrdən çoxdur ki, agentliyin fasiləsiz şəkildə fəaliyyət göstərdiyini qeyd edib. "AZƏRTAC 1920-ci ildə Şərqdə o dövrdə yaradılan ilk demokratik dövlət tərəfindən təsis olunub. Həmin dövrdə AZƏRTAC müstəqil ölkənin xəbər mənbəyi kimi cəmi iki ay fəaliyyət göstərib. Lakin xəbər axını sonrakı sovet dövründə də davam edib, ölkəmiz haqqında yüz minlərlə foto və məlumatı özündə əks etdirən dəyərli bir resursa çevrilib. Agentliyin yüzillik tarixinə nəzər saldıqda bu irsin nə qədər qiymətli olduğunu aydın şəkildə görürük", - deyə İdarə Heyətinin sədri əlavə edib.
Onun sözlərinə görə, müasir, sürətlə dəyişən informasiya dövründə, xəbərin bir toxunuşla yayıldığı zamanda informasiya agentliklərinin rolu heç vaxt olmadığı qədər önəmlidir. "Məhz bu informasiya axını fonunda biz çağdaş dünyanın ən ciddi problemlərindən olan feyk xəbərlər və dezinformasiya ilə üz-üzəyik. Agentliklər hazırda feyk xəbərlərlə mübarizə aparır. Faktların yoxlanması bu gün agentliklərin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Süni intellekt və təsdiqləmə texnologiyaları saxta şəkillərin, deepfake videoların və manipulyativ kontentin müəyyənləşdirilməsi üçün geniş şəkildə istifadə olunur”,- deyə V.Əliyev vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov qeyd edib ki, Laçın şəhəri Azərbaycan, Türkiyə Prezidentləri və Pakistanın Baş nazirinin iştirakı ilə Zirvə görüşünün, həmçinin bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bugünkü tədbir bunu bir daha sübut edir.
Laçının tamamilə bərpa olunan şəhər olduğunu diqqətə çatdıran xüsusi nümayəndə, şəhərin müxtəlif formada inkişaf etdiyini, son iki il ərzində burada hava limanı, beynəlxalq əhəmiyyətli tunellər inşa edildiyini bildirib.
Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi AZƏRTAC-ın 105 illiyinə həsr olunan tədbirin onun üçün çox özəl olduğunu bildirib: "Bu qədər ölkəni təmsil edən xəbər agentliklərini burada bir arada görmək olduqca önəmlidir. AZƏRTAC-ın 105 illiyini qeyd etməsi böyük nailiyyətdir. Belə uzun tarixi olan agentliklər bu dövrdə çox nadir hallarda mövcuddur".
O qeyd edib ki, biz burada yalnız keçmişə deyil, eyni zamanda, gələcəyə fokuslanmalıyıq. “Hamımız elə bir dövrdə yaşayırıq ki, bu günün reallıqları əvvəlki dövrlərə nisbətən daha mürəkkəbdir. Gələcəyi düzgün planlaşdırmaq bizim üçün həyati əhəmiyyət daşıyır. Çünki texnologiya çox sürətlə inkişaf edir və bu da yeni çağırışlar yaradır. Müasir dövr qeyri-müəyyənliklərlə doludur və biz bu dəyişikliklərlə ayaqlaşmağa çalışmalıyıq", - deyə Alexandru Giboi bildirib.
BTA xəbər agentliyinin baş direktoru Kiril Valçev AZƏRTAC və BTA arasındakı əməkdaşlıq memorandumunun 2004 ildə imzalandığını diqqətə çatdıraraq əlaqələrin artıq 21 ildir davam etdiyini deyib: "Agentliklər arasında xəbər mübadiləsi aparılır, əməkdaşlığımız genişlənir".
Xəbər agentliklərinin məsuliyyət təzahürü olduğunu qeyd edən baş direktor onların yalnız təcrübə deyil, həmçinin sülhün qurulmasında əhəmiyyətli rol oynadıqlarını bildirərək deyib: "Xəbər agentlikləri yeni alətlərdən faydalanmalı, peşəkar standartlara əməl etməlidir. Sosial şəbəkələrdə xəbər yerləşdirən şəxslər heç bir məsuliyyət daşımır. Xəbər agentlikləri olaraq biz insan hüquqlarını pozan xəbərlər paylaşmamalıyıq. Biz etikaya riayət etməli, yeni maliyyələşmə modelləri tapmalıyıq. Həmçinin gənclərə məlumatları yeni formatlarda ötürməliyik".
TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman AZƏRTAC-ın tarixinin yarısı qədər bu agentliklə uzunmüddətli əlaqələrinin olduğunu deyib: "Biz tarixi bilməli, ondan nəticə çıxarmalı və faydalanmalıyıq. AZƏRTAC kimi tarixi olan bir xəbər agentliyinin keçmişindən danışmaq olduqca vacibdir".
O qeyd edib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev AZƏRTAC-a hər zaman yüksək dəyər verib, onun fəaliyyətini daim diqqətdə saxlayıb. Ulu Öndərin hakimiyyəti dövründə ölkə ilə bağlı ən vacib xəbərlər məhz AZƏRTAC vasitəsilə cəmiyyətə çatdırılıb. Heydər Əliyev bu agentliyə hər zaman xüsusi diqqət göstərib.
“Bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Prezident İlham Əliyev AZƏRTAC-ın fəaliyyətinə yüksək dəyər verir. 105 illik yubiley – bu, sadəcə, bir rəqəm deyil, həm də zəngin peşəkar təcrübənin, sadiqliyin və milli medianın inkişaf tarixinin göstəricisidir. Azərbaycanın ən görkəmli jurnalistləri və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıb", - deyə Mixail Qusman əlavə edib.
Pakistan Xəbər Agentliyinin (APP) Baş direktoru Məhəmməd Asim Xiçi AZƏRTAC-ın dünyanın aparıcı xəbər agentliklərindən birinə çevrildiyini və bunun böyük uğurun göstəricisi olduğunu bildirib.
“Eyni zamanda vurğulamaq istərdim ki, APP xəbər agentliyi ilə AZƏRTAC arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətlərindən böyük məmnunluq duyuram. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə ümid edirəm. AZƏRTAC-ı bu əlamətdar yubileyi münasibətilə bir daha təbrik edir, quruma davamlı inkişaf və yeni nailiyyətlər arzulayıram”,- deyə Məhəmməd Asim Xiçi əlavə edib.
Bosniya və Herseqovinanın FENA xəbər agentliyinin baş direktoru Elmir Huremoviç Laçında AZƏRTAC-ın 105 illik yubileyinin birgə qeyd olunmasının dəyərli və yaddaqalan hadisə olduğunu deyib: "Bu tədbir yalnız bir media qurumunun yubileyi deyil, həm də beynəlxalq informasiya əməkdaşlığının və dostluğun nümunəsidir".
O qeyd edib ki, bu il Bosniya və Herseqovina ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümüdür. FENA xəbər agentliyi ilə AZƏRTAC arasında qurulan əməkdaşlıq bu münasibətlərin güclənməsinə töhfə verir.
Rumıniyanın AGERPRES xəbər agentliyinin baş direktorunun müavini Kristina Mixaela Tatu qeyd edib ki, AZƏRTAC müxtəlif ölkələrin xəbər agentlikləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurub. Rumıniyanın AGERPRES xəbər agentliyi də bunlardan biridir. “Bizim əsas məqsədimiz ictimaiyyətə yalnız təsdiqlənən və etibarlı xəbərləri təqdim etməkdir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində mühüm məlumatların paylaşılmasına xüsusi önəm veririk”, - deyə Kristina Mixaela Tatu bildirib.
Anadolu agentliyinin strateji kommunikasiyalar və beynəlxalq əlaqələr meneceri Bilgehan Öztürk AZƏRTAC-ın 105 ildir ki, xəbərlərin düzgün formada çatdırılmasına sadiq qaldığını deyib: "Qeyd etmək istərdim ki, bu il Anadolu agentliyi AZƏRTAC kimi eyni yubileyi - 105 illiyini qeyd edir".
Xəbər agentliklərinin müasir çağırışlara cavab verməsinin önəmini vurğulayan Bilgehan Öztürk bu məsələdə əməkdaşlığın mühüm əhəmiyyət daşıyan bir məqam olduğunu diqqətə çatdırıb.
"Dünyadakı transformasiyanı nəzərə alaraq əməkdaşlıq vacibdir. Əlbəttə, əməkdaşlıq mövcuddur, lakin biz institusional tərəfdən əlaqələr qurmalıyıq", - deyə o bildirib.
İordaniyanın Petra Xəbər Agentliyinin Xəbər departamentinin direktoru Cəmil Qadalrah qeyd edib ki, ən vacib məsələlərdən biri ictimaiyyətin bizə olan etimadını qorumaqdır. "Media qurumları üçün bu etimad çox qiymətlidir və onu itirmək olduqca asandır. Buna görə də əxlaqi və peşəkar dəyərlər media fəaliyyətimizin əsasında dayanmalıdır. Hər bir jurnalist bu dəyərləri şəxsi karyerasının ayrılmaz hissəsi kimi görməlidir. Biz inanırıq ki, jurnalistlər, sadəcə, xəbər ötürücüsü deyil, həqiqətin qoruyucularıdır. Onların üzərinə düşən məsuliyyət yalnız informasiyanı çatdırmaq deyil, həm də onu dürüst və vicdanla təqdim etməkdir”, - deyə Cəmil Qadalrah vurğulayıb.
O əlavə edib ki, AZƏRTAC bu prinsiplərə əməl etdiyi üçün əsl düzgün xəbər mənbəyidir.
Məsuliyyətli jurnalistin məlumatları ictimaiyyətə düzgün, sürətli və keyfiyyətli şəkildə çatdırmasının önəmini vurğulayan Pakistanın DND xəbər agentliyinin direktoru Ağa İqrar Harun bu istiqamətdə əməkdaşlığın çox vacib olduğunu, qərəzsiz xəbərlərin yayılmasında mühüm rol oynadığını bildirib.
AZƏRTAC-ı 105 illiyi münasibətilə təbrik edən direktor agentlik ilə 2018-ci ildən əməkdaşlıq etdiyini deyərək iki ölkə arasında fəal xəbər mübadiləsi aparıldığını vurğulayıb.
"Bəzi Avropa xəbər agentlikləri 44 günlük müharibə zamanı yanlış məlumatlar paylaşarkən, Pakistan mediası AZƏRTAC-la çox sıx əməkdaşlıq edərək ən son məlumatları ötürürdü", - deyə o əlavə edib.
Sonda qonaqlara hədiyyələr təqdim edilib və xatirə fotoşəkli çəkdirilib.
Qeyd edək ki, dəyirmi masada müxtəlif ölkələrin 40-dan çox media nümayəndəsi iştirak edib.
***
Laçında Şuşa Qlobal Forumu çərçivəsində “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bugünu və gələcəyi” mövzusunda dəyirmi masa keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə aparıcı informasiya agentliklərinin rəhbər şəxsləri medianın qarşısında duran müasir çağırışlar və texnologiyaların onun inkişafına təsirini müzakirə edəcəklər.
Qeyd edək ki, dəyirmi masada 40-dan çox qonaq iştirak edir.