İranın Ermənistandakı səfiri, cəfəng iddiarlı ilə həmişə gündəmdə olmağa çalışan Mehdi Sobhani növbəti dəfə sayıqlayıb. Belə ki, o, İsrail dronlarının Azərbaycan ərazisindən İrana qarşı hücum həyata keçirməsi ilə bağlı cəfəng fikir səsləndirib. Halbuki Azərbaycan öz ərazisindən hər hansı bir ölkəyə qarşı istifadə edilməsinə heç vaxt icazə verməyib.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu bildirməklə yanaşı, bu gərginliyi qınadığını vurğulayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyyat olduğunu vurğulayıb.
Səfir Müctəba Dəmirçilu isə Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd edib. O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini söyləyib və buna görə də təşəkkürlərini çatdırıb. Səfir, həmçinin bildirib ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz. Diplomat, həm də xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Şübhəsiz, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin səsləndirdiyi bu şəxsi iddia əsassız və təxribat xarakterlidir. Bu mənada həmin iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir. Görünür, Mehdi Sobhaninin məqsədi ölkəmizin artan nüfuzuna, həm də İranla münasibətlərə xələl gətirməyə hesablanıb. Heç kimə sirr deyil ki, hazırda Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişaf etməkdədir. Buradan belə qənaətə gəlmək olar ki, Mehdi Sobhaninin bu iddiaları onun şəxsi təxəyyülünün məhsuludur. Onun şəxsi mövqeyi isə İran diplomatiyasının balanslı imici ilə uyğunluq təşkil etmir. O zaman belə bir sual ortaya çıxır: Azərbaycan-İran münasibətlərinə zərər verən fikirləri irəli sürən Mehdi Sobhani nə demək istəyir?
Yazını isə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin bu məsələ ilə bağlı açıqlamasındakı bu sözlərlə bitimək istərdik: “İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısını almasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik”. Görəsən, İran rəhbərliyi bu səfirin ipini yığa biləcəkmi? Axı belə bir şəxsin əsas missiyası təkcə Bakı-Tehran münasibətlərini pozmaq deyil, eyni zamanda, ölkəsinin maraqlarını müdafiə etməməkdən ibarətdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”