04 iyul 2026 18:30
174

Yüksələn dinamika ilə inkişaf edən münasibətlər - ŞƏRH

“Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur”. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Donald Trampa ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. 

Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminlik ifadə olunan məktubda, həmçinin vurğlanıb ki, keçən ilin avqustun 8-də Ağ Evdə Donald Trampın təşəbbüsü ilə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaradıb: “Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar”. Yeri gəlmişkən xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub. 

Artıq Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” - Zəngəzur dəhlizi də reallaşmaqdadır. Prezident İlham Əliyev bu dəhlizin, həmçinin regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin reallaşmasına görə ABŞ-ın göstərdiyi davamlı dəstəyi təqdir edib. Bildirib ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq. Yeri gəlmişkən, qeyd edək ki, ötən ay “Bakı Enerji Həftəsi” və ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində ABŞ şirkətləri Azərbaycan tərəfdaşları ilə qabaqcıl materiallar, süni intellekt, bulud texnologiyaları və digər yeni texnologiyalar sahələrində 8 milyard ABŞ dollarından çox dəyərində sazişlər imzalayıblar. Bu isə o deməkdir ki, bu gün Azərbaycan-ABŞ münasibətləri yüksələn dinamika ilə inkişaf etməkdədir. Şübhəsiz, bu məsələdə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin bu ilin fevralında Azərbaycana səfəri mühüm rol oynayıb.

Bir məsələni də vurğulayaq ki, Prezident Donald Tramp 907-ci düzəlişin ləğv müddətinin uzadılması haqqında memorandum imzalayıb. Hazırda ədalətsiz düzəlişin tamamilə ləğvi məsələsi gündəmdədir. 2025-ci ilin dekabrında ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini Konqresə təqdim edib.
Bəli, bütün bunlar bir daha göstərir ki, ABŞ-ın Cənubi Qafqazın lider dövləti olan, Cənubi Qafqazda yeni reallıqlar yaradan, heç bir güc mərkəzindən asılı olmayan, öz milli maraqlarını qətiyyətlə müdafiə edən Azərbaycanla münasibətləri günün tələbləri səviyyəsindədir. ABŞ-ın, super dövlətin Azərbaycana belə bir münasibət isə ölkəmizin beynəlxalq nüfuzunun armasının bir daha təsdiqidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”