Dəməşqdəki kilsədə törədilən terror aktı Suriyada sabitlik və təhlükəsizliyin təmini ilə bağlı səyləri hədəfə alır, əmin-amanlığı və sülhü pozmaq məqsədi güdür.
“İki sahil” xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) Suriyanın Dəməşq şəhəri yaxınlığındakı Müqəddəs Elias kilsəsində törədilən partlayışla bağlı açıqlamasında yer alıb.
Türkiyə XİN Suriya rəhbərliyinin və xalqının birlik və həmrəyliyini qoruyacağına, ölkədə xaos yaratmaq istəyən terror təşkilatları ilə mübarizəni qətiyyətlə davam etdirəcəyinə inamını ifadə edib. Bildirilib ki, Türkiyə, Suriya xalqının yanında olmağa və hər cür dəstəyi göstərməyə davam edəcək.
Nazirlik hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və Suriya xalqına başsağlığı verib, yaralananlara şəfa diləyib.