İyunun 15-də - Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək qonaqları Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrindən biridir. Xüsusi nümayəndə azad olunmuş ərazilərdə görülən işlərdən bəhs edərək mənfur qonşularımız tərəfindən ata-baba yurdlarından qovulmuş insanların öz doğma evlərinə Böyük Qayıdışının davam etdiyini söyləyib. A.Kərimov qeyd edib ki, bugünədək Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub.
Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı videoçarx nümayiş olunub. Daha sonra beynəlxalq konfrans sessiyalarla öz işini davam etdirib.
Milli Məclisin deputatı Ramil Həsənin moderatorluğu ilə keçirilən plenar sessiyada çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib: “Bu gün biz Azərbaycan xalqı və dövləti üçün olduqca əlamətdar bir tarixdə bir araya gəlmişik. 32 il əvvəl – 1993-cü il iyunun 15-də son dərəcə mürəkkəb bir şəraitdə - Azərbaycan Respublikası yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazılmışdır”. O, əlavə edib ki, həmin ilin oktyabrın 3-də xalqın böyük etimadı əsasında Prezident seçilən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə Azərbaycanda sabitlik və inkişafı təmin etmiş, təcrid vəziyyətində olan ölkəmizi beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirmiş və bugünkü möhtəşəm qələbələrin – tərəqqi və Zəfər yolunun əsaslarını formalaşdırıb.
YAP Sədrinin müavini 2021-ci ilin məhz 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığını, bu gün həmin əlamətdar hadisənin dördüncü ildönümünün də qeyd edildiyini vurğulayıb.
Tahir Budaqov, həmçinin söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursu yalnız Cənubi Qafqaz bölgəsində deyil, daha geniş coğrafiyada qarşılıqlı maraqlara uyğun tərəfdaşlıq əlaqələrinin inkişafına və ortaq strateji hədəflərin reallaşmasına xidmət edir. “Bu, Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişafını təmin etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsini də şərtləndirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi nailiyyətlər, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təsisatlarda səmərəli fəaliyyəti, 2024-cü ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu ölkəmizin beynəlxalq müstəvidə ədalətli və etibarlı tərəfdaş kimi önəmini qabarıq şəkildə bir daha təsdiq edib”, - deyə YAP Sədrinin müavini qeyd edib .
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala çıxışında Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluğa, qardaşlığa və strateji müttəfiqliyə əsaslandığını qeyd edib. O, 2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsini iki qardaş ölkənin münasibətlərində tarixi bir mərhələ adlandırıb. E.Ala Şuşanın xüsusi bir rəmzi məna – böyük mənəvi önəm daşıdığını deyib. "Ümummilli Lider Heydər Əliyevin əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala və əziz bir abidə adlandırdığı Şuşa malik olduğu dini, tarixi və mədəni abidələri ilə yanaşı, yetirdiyi görkəmli sənət və fikir adamları ilə də Türk dünyasının qəlbində taxt qurub. Bu gün burada bir tarixin, bir mədəniyyətin və bir xalqın ruhunda görüşürük. Mədəni irsi, sənəti, musiqisi, memarlığı və ruhu ilə Şuşa bir mədəniyyətin daşıyıcısıdır. Bu torpaqların azad olunması yalnız hərbi qələbə deyil, eyni zamanda, hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür. Böyük Zəfər uğrunda canlarını fəda edən bütün şəhidlərimizi rəhmətlə yad edir, əziz xatirələrinə dərin hörmət və ehtiramımı bildirirəm", - deyə o əlavə edib.
Cənubi Qafqazda dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın formalaşması üçün mühüm zəminin formalaşdığını bildirən E.Ala qeyd edib ki, regional problemləri məhz bölgə ölkələri həll edə bilərlər. Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələri öz məsələlərini uzaq coğrafiyalardakı güclərin müdaxiləsinə ehtiyac duymadan öz qonşuları ilə əməkdaşlıq yolu ilə həll etməyə qadirdir və bu iradəyə sahibdir.
AK Parti Sədrinin birinci müavini qeyd edib ki, qlobal sistemin ədalətli bir formaya salınması Türkiyənin xarici siyasətinin də prioritetlərindəndir.
Türkmənistan Demokratik Partiyasının Sədri Ata Sərdarov çıxışında təmsil etdiyi ölkənin Azərbaycanın siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə sürətli inkişafını, beynəlxalq arenada nüfuzunun və təsirinin artmasını, aktual qlobal məsələlərin həllində fəal rolunu xüsusi maraqla izlədiyini deyib. O, bu marağın, hər şeydən əvvəl, Türkmənistan və Azərbaycan xalqlarının ortaq köklərindən qaynaqlandığını bildirib.
O, Türkmənistan ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edərək daha da möhkəmlənəcəyinə əminliyini diqqətə çatdırıb.
Sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Ulusal Birlik Partiyasının sədri, Baş nazir Ünal Üstel Şuşa şəhərini mübarizə simvolu adlandırıb. O deyib ki, Şuşa bir millətin yenidən ayağa qalxmasının nümunəsidir: "Şuşa böyük bir Zəfərin adıdır. Şuşanın Zəfərini bir daha təbrik edirik. Şimali Kipr Türk Cümhuriyyəti olaraq can Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Bildirmək istəyirəm ki, Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı o böyük qüruru biz də öz qəlbimizdə hiss etdik. Çünki bu Zəfər bütün Türk dünyasınındır".
Ünal Üstel vurğulayıb ki, müasir dövrdə Türk dünyası tək ürək-tək biləkdir. "Bunu bütün dünyaya göstəririk. Biz təkcə bir millətin nümayəndələri deyilik, eyni zamanda, böyük bir sivilizasiyanın da daşıyıcılarıyıq. 2022-ci ildə Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçildi. Bu hadisə bizim böyük ailənin önəmli tərkib hissəsi olduğumuzu bir daha nümayiş etdirdi. Bu gün Şuşadan bir daha bəyan edirik ki, Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının ayrılmaz bir parçasıdır", - deyən Baş nazir Türk Dövlətləri Təşkilatı ilə hər sahədə inteqrasiyanı artırmaq istədiklərini vurğulayıb.
Plenar sessiyanın sonunda moderator Ramil Həsən yeni dünya nizamının qlobal çağırışlarla zəngin olduğunu vurğulayıb. O qeyd edib ki, dünyada baş verən mürəkkəb proseslər dövlətlərin fəal əməkdaşlığını zəruri edir. R.Həsən konfransda aparılan müzakirələrin bu baxımdan böyük əhəmiyyət daşıdığını bildirib.
Daha sonra Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zafer Sırakayanın moderatorluğu ilə “Milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları” mövzusunda keçirilən panel sessiyada Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Qazaxıstanın “AMANAT” Partiyasının İcra katibi Daulet Kəribek, Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyasının Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasındakı UzLiDeP fraksiyasının sədri Aktam Xaitov, Serbiya Tərəqqi Partiyası Sədrliyinin üzvü, Serbiya Respublikasının Avropa inteqrasiyası naziri Nemanya Staroviç çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrımın moderatorluğu ilə keçirilən Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” mövzusunda panel sessiyasında isə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Tacikistan Xalq Demokratik Partiyası Sədrinin birinci müavini Malikşo Nematzoda, Belarusun “Belaya Rus” Partiyası sədrinin müavini Andrey Buqrov, Ukraynanın Xalqın Xidmətçisi Siyasi Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, Ukrayna Ali Radasının üzvü Vadim Halayçuk çıxış ediblər.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun moderatoru olduğu “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzusunda panel sessiyasında Çinin Azərbaycandakı səfiri Lu Mey, Bolqarıstanın Haqq və Azadlıqlar Hərəkatı parlament fraksiyası sədrinin müavini Ceyhan İbryamov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili mövzu ilə bağlı fikirlərini çatdırıblar.
Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbirdən sonra iştirakçılar Şuşa və Xankəndinin tarixi məkanları, aparılan tikinti və bərpa-quruculuq işləri ilə tanış olublar.