20 iyun 2025 22:56
143

Əsərləri ilə sükutun içində səslənən həqiqətləri söyləməyə çalışan rəssam - MÜSAHİBƏ

Ülviyyə Həmzəyeva: Mənim üçün sənət sadəcə forma və rəng deyil

Ülviyyə Həmzəyeva özünəməxsus üslubu ilə təsviri sənətimizdə öz sözünü demiş, imzasını təsdiq etmiş rəssamdır. Onun əsərləri dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ, Çin, Türkiyə, Portuqaliya, Gürcüstan, İspaniyada da nümayiş etdirlib. Ülviyyə xanım artıq üçüncü dəfədir (V, VI və VII çağırışlar) ki, Milli Məclisdə təmsil olunur. Ona həm rəssamlığı, həm də  deputat kimi fəaliyyəti ilə əlaqədar bir neçə sualla müraciət etdik. Beləliklə, müsahibimiz Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyevadır.

- Rəssamlıq sizin həyatınıza necə daxil olub? Bu sənətə meylin başlanğıcı nə ilə bağlıdır?

- Rəssamlıq mənim həyatımda seçimdən çox bir qismət, irsi bir çağırış olub. Deyə bilərəm ki, dəst-xəttim məni özü tapıb. Bu sənət mənə təkcə ilhamla yox, qanla, yaddaşla keçib. Onu da vurğulayım ki, ailəmizdə sənətə həmişə xüsusi dəyər verilib. Həm ata, həm ana tərəfimdən yaradıcı insanlar olublar. Nənələrim xalçalar toxuyar, hər bir naxışda duyğularını, zövqlərini ifadə edər, ipliklərin rənglərini özləri seçərdilər. Atam isə həm rəssamlıqla, həm də metal üzərində döymə sənəti ilə məşğul olub. Bu mənada deyərdim ki, bu sənət mənim qanıma kodlaşdırılıb. İlk dəfə fırçanı əlimə alanda sanki içimdən danışan bir səs vardı. O səs nə etməli, necə yaratmalı olduğumu pıçıldayırdı. Rəssamlıq mənim üçün yalnız ifadə vasitəsi yox, irsi bir miras, daxili harmoniya formasıdır. Bu səbəbdən yaradıcılığımın hər bir qatında həm keçmiş nəsillərin əli, həm də öz daxili səsim var.

- Sənətşünasların fikrincə, sizin bir rəssam kimi dəst-xəttiniz kəskin seçilir. Özünəməxsus yolu olan bir sənətkar olduğunuzu düşünürsünüzmü?

- Bu qiymətləndirməyə görə dəyərli sənətşünaslarımıza, elm adamlarımıza, sənətsevərlərə  təşəkkür edirəm. Mənim üçün sənət sadəcə forma və rəng deyil. O, simvollardır, qədim düşüncənin izləridir, milli yaddaşın bədii təzahürüdür. Mifoloji motivlərə, miniatür elementlərinə meylim təsadüfi deyil. Bu, xalqımızın kollektiv yaddaşından süzülüb gələn dəyərləri bu günün insanına çatdırmaq, gələcəyə bir mesaj göndərmək istəyidir. Mən əsərlərimlə sükutun içində səslənən həqiqətləri söyləməyə çalışıram. Bu baxımdan, rəssamlıq mənim üçün həm ifadədir, həm də tarixi-mədəni bir missiyadır. Düşünürəm ki, sənətdə səmimiyyət varsa, o yol təbii şəkildə fərdi və özünəməxsus olur.

“Parlamentdə çalışmaq yaradıcılığıma mane olmur”

- Siz artıq 3-cü dəfədir ki, (V, VI və VII çağırışlar) Milli Məclisə seçilirsiniz. Bunu Ülviyyə xanıma olan xalq sevgisi kimi dəyərləndirmək olarmı?

- Bu etimadı hər şeydən əvvəl böyük bir məsuliyyət kimi qəbul edirəm. Əlbəttə, bu inam müəyyən qədər mənim fəaliyyətimə, seçicilərlə qurduğum səmimi münasibətə bağlıdır. Ancaq bu dəstək eyni zamanda, təmsil etdiyim Yeni Azərbaycan Partiyasına olan inamın da ifadəsidir. Mən fəxr edirəm ki, daim dövlətçilik maraqlarını, milli dəyərləri və xalqın rifahını ön planda saxlayan Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu bu partiyanın üzvüyəm.

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı, güclənməsi və beynəlxalq aləmdə söz sahibi olmasında mühüm rol oynayır. Mənə göstərilən etimadı həm də  YAP-ın sədri, Prezident İlham Əliyevin apardığı siyasətə və ümumən dövlətimizə olan güclü inamın bir təzahürü kimi qəbul edirəm. Bu inamı doğrultmaq və vətəndaşlarımızın səsini Milli Məclisdə layiqincə təmsil etmək mənim üçün həm şərəf, həm borcdur.

- Deputat fəaliyyətiniz yaradıcılığınıza təsir göstərirmi?

- Milli Məclisdə fəaliyyətim mənə Azərbaycan cəmiyyətini daha dərindən müşahidə etməyə imkan verir. Xalqla təmas, bölgələrin həyatı, gənclərin arzuları, qadınların fəallığı – bütün bunlar sənətimdə ruh kimi dolaşır. Parlamentdə çalışmaq yaradıcılığıma mane olmur, əksinə bəzən məni daha çox düşünməyə, insanın dərinliyini araşdırmağa sövq edir.

-Milli Məclisin deputatı kimi seçicilərinizlə tez-tez görüşürsünüz. Seçicilər daha çox hansı məsələlərlə bağlı müraciət edirlər?

- Bəli, seçicilərlə daim təmasdayam. Məncə, deputatın fəaliyyətində əsas amil xalqa yaxınlıqdır. Seçicilərim daha çox sosial rifah, məşğulluq, infrastruktur və təhsil məsələləri ilə bağlı müraciət edirlər. Gənclər isə təhsil və özünüinkişaf imkanları ilə maraqlanırlar.

- Parlamentin Mədəniyyət komitəsinin üzvü kimi nələr demək istərdiniz?

- Mədəniyyət cəmiyyətin ruhudur. Komitədəki fəaliyyətim zamanı da çalışıram ki, Azərbaycanın mədəni irsi daha da qorunsun, gənc istedadlara yol açılsın, regionlarda mədəni həyat daha da canlansın. Bu gün müasir Azərbaycan mədəniyyəti öz qədim köklərinə bağlı olmaqla yanaşı, qlobal arenada da tanınmağa başlayıb. Biz bu tarazlığı qoruyub saxlamalıyıq, həm dünyaya açıq olmalıyıq, həm də özümüz olaraq qalmalıyıq.

“Bu səhnə yaddaşımda istiqlal, milli iradə və azadlıq simvolu kimi qalıb”

- Ulu Öndər Heydər Əliyevlə bağlı hansısa xatirəniz varmı?

- Ulu Öndər Heydər Əliyev mənim yaddaşımda təkcə siyasi lider olaraq yox, həm də ruhani bir şəxsiyyət kimi qalıb. Uşaqlıq illərimdə atamın hərbçi kimi xidmət etdiyi Naxçıvanda Ulu Öndərin birbaşa iştirakı ilə baş verən tarixi bir hadisənin şahidi olmuşam: Sovet dövründə hərbi hissəyə gəlib, üçrəngli bayrağımızı orada asdırması və həmin bayrağın altında sovet hərbçilərinin keçərək ərazini tərk etməsi mənim üçün həm həyəcanlı, həm də ilhamverici bir an idi. Bu səhnə sanki həyatım boyu mənim yaddaşımda istiqlal, milli iradə və azadlıq simvolu kimi qalıb.

Milli-mənəvi dəyərlərə bağlılıq, Azərbaycan mədəniyyətinə və sənət adamlarına verdiyi yüksək qiymət, xüsusilə gənclərə göstərdiyi diqqət Ulu Öndərin uzaqgörənliyinin və insaniyyətinin əsl göstəricisidir. Bu yanaşma  həm bir vətəndaş, həm yaradıcı şəxs, həm də ictimai xadim olaraq məni çox təsirləndirib.

Bu gün ölkəmizin əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyev siyasəti dayanır. Çox sevindirici haldır ki, Prezident İlham Əliyev bu siyasi irsi uğurla davam etdirərək, Azərbaycanı həm regional, həm də qlobal səviyyədə söz sahibi olan bir ölkəyə çevirib. Onun rəhbərliyi ilə milli kimlik və mədəni suverenlik prinsipləri qorunmaqla yanaşı, daha da möhkəmlənib. Xüsusilə mədəniyyət sahəsində aparılan ardıcıl dövlət siyasəti, tarixi-mədəni irsimizin beynəlxalq miqyasda təbliği bu istiqamətdə atılan mühüm addımlardandır.

Düşünürəm ki, Ulu Öndərin bizə qoyub getdiyi ən böyük miras – milli qürur hissi və əzm ruhudur. Prezident İlham Əliyev bu ideyaları yalnız qorumaqla kifayətlənməyir, onları müasir reallıqlarla zənginləşdirərək yeni mərhələyə daşıyır. Bu gün Azərbaycan yaradır, inkişaf edir və öz sözünü mədəniyyət vasitəsilə də deyə bilir. Bu yol ulu bir siyasətin, dərin bir iradənin davamıdır.

- Bu gün Azərbaycan mədəniyyəti dünya ilə necə danışır?

- Bu gün Azərbaycan mədəniyyəti həm öz içindən danışır, həm də dünyaya çağırış edir. Bizim mədəni kodumuz təkcə əski ornamentlər və muğamla məhdudlaşmır. O, bir dəyərlər sistemidir: sülh, tolerantlıq, milli ləyaqət və suverenlik. Biz bu dəyərləri təkcə sözlə deyil, rəsmimizlə, musiqimizlə, memarlığımızla, qastrol səfərlərimizlə, sərgilərimizlə və multikultural tədbirlərimizlə ifadə edirik.

Azərbaycan bu gün qlobal mədəniyyət xəritəsində yalnız iştirakçı deyil, həm də aktiv təşəbbüskar rolundadır. Mədəniyyətin diplomatik güc kimi istifadəsi konseptini Azərbaycan uğurla tətbiq edir. Bu, Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən beynəlxalq layihələrdə özünü xüsusilə göstərir. Elə Fransadakı Luvrla əməkdaşlıqdan tutmuş UNESCO çərçivəsindəki təşəbbüslərə qədər.

Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan milli mədəniyyət strategiyası Azərbaycanın həm regionda, həm də beynəlxalq səviyyədə öz mədəni irsini qoruyub dünyaya tanıtmaq istiqamətində mühüm addımlar atmasına şərait yaradıb. “Azərbaycan brendi” artıq təkcə enerji ilə deyil, mədəniyyətlə də tanınır.

Bütün bunlarla yanaşı, mənim üçün Azərbaycan mədəniyyətinin dünyaya danışan ən gözəl səslərindən biri səmimiyyətdir. Biz süni şəkildə deyil, özümüz olaraq danışırıq. Bu “özümüz” anlayışında əsrlərin nəfəsi, milli yaddaşın rəngi, qürurumuzun tonu var.

İnanıram ki, yaxın gələcəkdə Azərbaycanın mədəni səsi daha da güclənəcək. Çünki bu səs kökü torpaqda olan, budaqları göyə açılan bir ağacın səsidir – nə qədər dərinə getsə, bir o qədər uzağa yayılır.

“Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil”

- Azərbaycan dövlətinin daxili və xarici siyasəti ilə bağlı nə düşünürsünüz? Hazırda ölkəmizə qarşı xaricdən təzyiqlər güclənib. Necə düşünürsünüz, yaxın zamanda Ermənistanla sülh müqaviləsi bağlana bilərmi?

- Azərbaycan bu gün güclü və öz prinsiplərinə sadiq bir dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili siyasət siyasi sabitliyi, sosial rifahı və milli birliyi təmin edir. Xarici siyasətimiz isə müstəqilliyə və beynəlxalq hüquqa əsaslanan balanslı, prinsipial mövqeyə söykənir. Əlbəttə, belə bir xətt bir çoxlarını narahat edir və bu səbəbdən də müxtəlif təzyiqlər müşahidə olunur. Amma Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və sair istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bir məsələni də qeyd edək ki, bu gün Azərbaycan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərini davam etdirir. Artıq keçmiş köçkünlər Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıtmaqdadırlar.  Şübhəsiz, bütün bunlar Azərbaycanın iqtisadi gücünün, inkişafının göstəricisidir.

Sülh məsələsinə gəlincə, Azərbaycan dəfələrlə göstərib ki, sülh tərəfdarıdır, amma bu sülh şərtsiz və ədalətli olmalıdır. Ermənistan bu reallığı nə qədər tez qəbul etsə, bir o qədər tez bölgədə sabitlik bərqərar olar. İnanıram ki, gec-tez bu sənəd imzalanacaq.

- Son illər hansı hadisə yaddaşınıza əbədi həkk olub?

-Ən yaddaqalan və dərin iz buraxan hadisə, şübhəsiz ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərimiz, həm də cəmi 23 saat çəkmiş və uğurla başa çatmış lokal antiterror əməliyyatımızdır. O günlərdə hər bir azərbaycanlı sanki bir əsgər idi:  kimisi dua ilə, kimisi də ürəyindəki qürurla bu mübarizənin içində idi.

Bir də... Qarabağ torpaqlarına, xüsusilə Şuşaya ilk dəfə səfər etdiyim anı heç vaxt unutmaram. O an bir rəssam kimi rəngləri, bir vətəndaş kimi tarixi, bir ana kimi gələcəyi içimdə yaşadım. O hissi sözlə ifadə etmək çox çətindir, onu duymaq, anlamaq gərəkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”