21 iyun 2025 13:46
113

Əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər

Dünya təcrübəsi göstərir ki, əyləncə və oyun turizmi bölgələrə xarici turist axınını artırır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən parlamentin plenar iclasında bildirib.

Deputatın sözlərinə görə, əyləncə və oyun turizmi hotellər, restoranlar və digər xidmət sahələrində yeni iş yerlərinin açılmasına, həmçinin xarici və yerli investisiyaların turizm infrastrukturuna cəlb olunmasına səbəb olur:

“Bu sahə büdcəyə əlavə gəlir gətirir, ölkəyə xarici valyuta axınını təmin edən iqtisadi kanallardan birinə çevrilir. Lakin burada əsas vurğulanmalı məqam ondan ibarətdir ki, hazırda müzakirə edilən “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi heç bir halda ölkədə "kazino iqtisadiyyatı" və ya oyun şəbəkəsinin qurulması məqsədi daşımır. Belə fikirlər varsa, tamamilə yanlışdır”.

A. Əmiraslanov qeyd edib ki, oyun biznesi sadəcə “premium” və "elit" turizmin əlavə bir komponentidir: “Bu sahənin gələcəkdə müəyyən dolayı iqtisadi təsirləri ola bilər, lakin o nə sahibkarlıq fəaliyyətinin, nə də qeyri-neft sektorunun əsasını təşkil edir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkənin iqtisadi inkişaf perspektivlərini bu sahə ilə bağlayır”.

Deputat əlavə edib ki, oyun biznesi Azərbaycanda lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq fəaliyyətindən yalnız biridir:
“2024-cü ilin nəticələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Onlardan 76 mini hüquqi şəxs statusundadır. Ölkəmizdə rəqabətqabiliyyətli milli iqtisadiyyatın qurulması, innovativ təşəbbüslərin dəstəklənməsi, sənayeləşmə, aqrar sahənin inkişafı, ixrac və tranzit potensialının genişləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetləridir”.

A. Əmiraslanov vurğulayıb ki, bu məqsədlə ölkədə sənaye parkları, texnoparklar və aqroparklar yaradılır: “Azərbaycanın iqtisadi strategiyası, sənaye və sahibkarlıq siyasəti, sosial inkişaf və məşğulluq konsepsiyası aydındır və bu istiqamətdə ardıcıl addımlar atılır”.