Mayın 19-23-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb.
“İki sahil” xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr, bundan başqa 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb.
Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.
Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.