19 iyun 2025 22:46
109

Bonnda Tərəf Olmayan Tərəfdaşlarla Bakıdan Belemə Yol Xəritəsi üzrə məsləhətləşmələr keçirilib

İyunun 19-da Bonn İqlim Dəyişikliyi Konfransı çərçivəsində Tərəf Olmayan Tərəfdaşlarla Bakıdan Belemə Yol Xəritəsi üzrə məsləhətləşmələr keçirilib.

“İki sahil” xəbər verir ki, konfransın açılışında COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, bu gün bir araya gəlməkdə əsas məqsəd baxış və tövsiyələri dinləmək, rəy və təklifləri birgə təhlil etməkdir.

“COP29 Sədrliyi olaraq biz inklüziv və şəffaf yanaşmaya sadiqliyimizi qoruyuruq. Məhz buna görə də COP30-un gələcək sədrliyi ilə birgə bu prosesi mandatdan kənara çıxararaq tərəf olmayan iştirakçılar üçün də açıq etmişik.

Bu günə qədər məsləhətləşmələrə verdiyiniz töhfəyə görə, xüsusilə də göndərdiyiniz yazılı təkliflərə görə minnətdarıq.

Lakin etiraf etməliyik ki, daha çox dəstəyə ehtiyacımız var – xüsusən çoxtərəfli inkişaf bankları və beynəlxalq maliyyə institutlarından. Onlar kapitalın maya dəyərinin azaldılması, borc yükünün yüngülləşdirilməsi və dünən müvafiq tərəflərin səsləndirilmiş olduğu digər prioritet istiqamətlərdə bizə mühüm dəstək göstərə bilərlər.

Biz onların da bu prosesə sahib çıxmasını və real həll yolları təqdim etməsini istəyirik.

Dünən keçirilən sessiyada tərəflərin nümayəndələrinin nümayiş etdirdiyi iradə və qətiyyət bizi ruhlandırdı. Bir çox tərəf vurğuladı ki, Bakıda əldə olunmuş nəticələr yenidən danışıqlara açıq deyil.

Məhz bu səbəbdən sənədin danışıqsız, məsləhət xarakterli formatda saxlanması bizə müxtəlif həll yolları təklif etmək imkanı verir. Bu isə “hamı üçün eyni model” prinsipindən uzaq duraraq daha çevik yanaşma təmin edir.

Son bir il bizim üçün asan olmadı. COP29-un əsas mandatlarından olan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə çoxillik prosesin uğurla yekunlaşdırılması və digər mühüm məsələlərin həllini təmin etmək bizim üzərimizə düşürdü.

COP28, COP27 və ondan əvvəlki COP-ların uğurlarına əsaslanaraq, qlobal iqlim fəaliyyətində ardıcıllığı və davamlılığı təmin etmək üçün növbəti məntiqi addımı atmaq istədik.

Əvvəldən bəyan etmişdik ki, yeni iqlim maliyyəsi məqsədi həm ədalətli, həm də iddialı olmalıdır. COP29 komandası bu məqsədə çatmaq üçün aylarla fasiləsiz çalışdı.

Struktur, donorlar və məbləğ kimi bir-birinə bağlı məsələlər üzrə mövcud fikir ayrılıqlarını aradan qaldırmalı olduq. Aydın şəkildə görünürdü ki, qlobal maliyyə arxitekturasının yenidən qurulması üçün güclü keyfiyyət meyarlarına ehtiyac var. Nəticədə biz Bakı Maliyyə Məqsədi üzrə çoxdan gözlənilən razılaşmanı əldə etdik.

Bu yeni məqsəd əvvəlki hədəfi üç dəfə artırdı və 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün hər il azı 300 milyard ABŞ dolları vəsaitin səfərbər olunması öhdəliyini ortaya qoydu. Qeyd etməliyəm ki, bu, BMT prosesi çərçivəsində indiyədək qəbul edilmiş ən böyük maliyyə hədəfidir.

Bu, maliyyə bazarlarına güclü siqnal verir və uzunmüddətli planlaşdırma üçün daha çox sabitlik təmin edir.

NCQG qərarı, həmçinin 2035-ci ilə qədər bu məbləği illik 1,3 trilyon ABŞ dollarına qədər artırmaq kimi iddialı məqsədi də qarşıya qoydu.

Beləliklə, biz milyardlardan trilyonlara keçidi təmin etmiş olduq.

Bu komponentlərin hamısı birlikdə Bakı Maliyyə Məqsədi ilə iqlim maliyyəsində yeni bir dövrün başlanğıcını qoydu.

Bu yeni dövrün astanasında, Bakıda biz “Bakıdan Belemə Yol Xəritəsi”ni başladıq – məqsədimiz 1,3 trilyona çatmaq üçün aydın addımlar və mexanizmləri müəyyən etməkdir.

Bu gün isə istəyirik ki, bu yol xəritəsi qlobal iqlim icmasının ehtiyac və gözləntilərinə cavab versin”, - deyə Yalçın Rəfiyev vurğulayıb.

Daha sonra çıxış edən COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai bildirib ki, Azərbaycan 300 milyard dollarlıq tarixi maliyyə öhdəliyinin həyata keçirilməsində böyük rol oynayıb: “Bu, bizim üçün qürurvericidir. Üstəlik, Bakıda daha iddialı bir hədəf – 1,3 trilyon dollar elan olundu. Bu, indiyədək görülmüş ən böyük maliyyə öhdəliyidir. Bu rəqəmlər ilhamvericidir, lakin təkcə rəqəmlər kifayət etmir. Qarşılaşdığımız ən böyük risklərdən biri odur ki, daha çox imkana – maliyyə resurslarına, biliyə və texnologiyaya sahib olanlar üstünlük qazanaraq nəticələri öz xeyirlərinə yönəldə, digərlərini isə kənarda qoya bilərlər. Bu, baş verməməlidir. Əhatəlilik gördüyümüz hər bir işin mərkəzində olmalıdır. Hər bir səs – xüsusilə tez-tez eşidilməyənlər – dialoqun və həllərin bir hissəsi olmalıdır.

Müzakirələrdən aydın olan budur ki, bu yol xəritəsi daha geniş tərəfdaşlar cəmiyyətini cəlb etməlidir. İqlim üzrə çempionlar olaraq biz kiçik və orta sahibkarlıq subyektlərini, vətəndaş cəmiyyətini, özəl sektoru və fərdi yenilikçiləri mərkəzə gətirdik.

Əsas nəticə belədir ki, bu yol xəritəsi həyati əhəmiyyət daşıyır.

Özəl sektor üçün əlverişli şərait və stimullar yaradılmalıdır. İqlim layihələrini dəstəkləyəcək potensial qurulmalıdır”, - deyə Nigar Arpadarai əlavə edib.