19 iyun 2025 23:37
112

Elm sahəsində uğur hekayəsinin zirvəsinə aparan yol

Elanə Heydərova: Ədalət mənim üçün çox ali məfhumdur

Əgər cəmiyyətin inkişafını təmin edən əsas sütunlardan biri təhsildirsə, o halda bu yolu inamla, əzmlə və böyük hədəflərlə addımlayan gənclər bizim sabaha olan ümidimizdir. Belə gənclərdən biri də Elanə Heydərovadır. O, Kaspi Liseyindən qızıl medalla məzun olmuş, 668.8 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuş, Prezident təqaüdünə layiq görülmüş, SABAH qruplarına seçilmiş və  artıq  universiteti qırmızı diplomla bitirmək üzrədir. Elanə xanım həm də hüquq təhsili ilə pedaqoji fəaliyyəti birləşdirmək, hüquqi maarifləndirmə sahəsində aktiv olmaq, cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasına töhfə vermək kimi ali məqsədlərə sahibdir.

Bu müsahibə Elanə Heydərovanın həyat yoluna işıq salmaq, onun təhsil və dəyərlər üzərində qurulan uğurunu oxucularla bölüşmək məqsədi daşıyır.

-Elanə xanım, Kaspi Liseyindən qızıl medalla məzun olmusunuz. Bu uğur sizin üçün nə ifadə edir?

-Əlbəttə ki, bu, mənim üçün böyük qürur hissi, eyni zamanda, məsuliyyət ifadə edir. İllərdir çəkdiyim zəhmətin qarşılığını almaq,   müəllimlərimin və valideynlərimin inamını doğrultmaq, onların üzərimdə olan əziyyətini dəyərləndirmək mənim üçün qürurverici idi. Kaspi liseyi mənim üçün çox doğma və dəyərli bir məkandır. Liseyimi bu cür gözəl bir şəkildə təmsil etmək mənim üçün bir ayrı dəyər kəsb edirdi.  Geriyə dönüb bu uğuruma baxanda bir daha başa düşürəm ki, inanaraq və çox çalışaraq nail ola bilməyəcəyimiz heç nə yoxdur.

-668.8 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmusunuz. Bu nəticəyə necə nail oldunuz?

-Düşünürəm ki, uğurun iki əsas açarı var. Birincisi, özünə inanmaq, ikincisi isə sistemli və davamlı çalışmaqdır. Həyatda uğurlu olmaq üçün hər zaman bu iki meyarı özüm üçün rəhbər tutmuşam.  Bəzən motivasiya bizi tərk edə bilir, bu zaman nizamlı və sistemli  çalışmaq  bizə kömək edir ki, hədəfə doğru dayanmadan addımlayaq. Qarşıma kiçik məqsədlər qoyaraq irəliləyirdim, bu, həm də özümə olan güvənimi qorumağa da kömək edirdi. Sadəcə, müəllimlərin verdiyi tapsiriqlarla  kifayətlənmirdim, əlavə olaraq öz üzərimdə çox işləyirdim. Vaxtımı düzgün bölə bilmək mənə həm dərslərimi vaxtında tamamlamağa, həm də istirahətə vaxt ayırmağa kömək edirdi. Xüsusilə də sosial şəbəkələr və digər vaxt oğurlayan vasitələrdən uzaq durmağa çalışırdım.

-Prezident təqaüdünə layiq görülmək sizə necə bir məsuliyyət hissi verir?

-Abituriyent dönəmində yüksək bal toplayacağıma demək olar ki,tam əmin idim. Prezident təqaüdçüsü olacağıma çox inansam da yenə də  tam əminliyim yox idi, təqaüdçülərin siyahısının açıqlanmasını səbirsizliklə gözləyirdim. Bu xəbəri eşidəndə çox sevindim. Prezident təqaüdü bir tələbə üçün çox böyük bir uğurdur, amma, eyni zamanda, böyük bir məsuliyyətdir. Çünki uğurlarımız nə qədər böyük olursa, insanların bizdən olan gözləntiləri də bir o qədər böyüyür. Bu, bəzən məni qorxudurdu. Düşünürdüm ki, birdən valideynlərimin mənimlə bağlı gözləntilərini və inamını doğrulda bilmərəm və s. Amma geriyə baxanda düşünürəm ki, əksinə bu hiss mənə stimul verib ki, daha çox çalışım, sanki məni hərəkətə gətirib. Başqalarının mənə inamının çoxluğunu gördükcə, mən də daha çox çalışmışam ki, bu inamı doğruldum.

-Hüquq fakültəsinin SABAH qruplarına qəbul olunmaq təhsilinizə hansı üstünlükləri qazandırdı?

-SABAH qruplarına qəbul olunduğum il, ilk dərs günündə müəllimlərimizdən biri demişdi ki, siz seçilmişlərin seçilmişisiniz.  Doğrudan da belə idi. Daha potensiallı və bilikli tələbələr arasında olmaq mənə kömək etdi ki, öz üzərimdə daha çox çalışım, bu rəqabətli mühitə uyğunlaşım. Belə bir söz var, əgər olduğunuz məkanda ən ağıllı sizsinizsə, deməli doğru yerdə deyilsiniz. SABAH qrupları mənə seçilmişlərin seçilmişləri ilə bir ortamda olub,  özümü daha da  inkişaf etdirməyimə şərait yaratdı.

-Universiteti qırmızı diplomla bitirmək üzrəsiniz. Bu uğura gedən yolda hansı çətinliklərlə qarşılaşdınız?

-Ümumiyyətlə, uğuru bir dağın zirvəsinə bənzətsək,  şübhəsiz belə də o zirvəyə çatmaq üçün uzun və çətin bir yol qət etmək lazımdı. Əlbəttə ki, bu, heç də asan məsələ deyil. Mənim üçün də çətinliklər oldu. Bəzən yorulduğum, motivasiyamin azaldığı zamanlar oldu. Dərslərin ağırlığı, imtahan stresi, bacara bilməmək qorxusu, insanların mənfi fikirləri və s. Lakin məqsədimə üçün çalışdığımi xatırlamaq mənə bu çətinlikləri aşmaqda kömək oldu. Artıq 4 illik tələbəlik illərini geridə qoydum. Nə qədər çətinliklər olsa da, bu 4 il mənim üçün xoş xatirələrlə yadda qalacaq.

-Hüquq sahəsini seçməkdə sizi ruhlandıran əsas səbəblər nələr idi?

-Düşünürəm ki, bu sahəni seçməkdə mənim üçün əsas səbəb haqsızlığa qarşı dözümsüz olmağımdır. Bu, mənim xarakterimdən irəli gəlir. Ədalət mənim üçün çox ali məfhumdur. Uşaqlıqdan bəri nə zamansa ədalətsizlik görəndə, daima onu düzəltmək üçün çalışmışam. Hüquq mənə bu yolda çox kömək edəcək. Düzdür, ədalətsizliyi tamamilə yox edəcəyimə söz verə bilmərəm , amma hüququ tapdalanmış bir şəxsin həyatında edəcəyim bir toxunuş belə mənim  üçün çox dəyərlidir. Hüquqlarını bilən insan güclüdür, daha özgüvənlidir, özünə əmindir.

-Gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyirsiniz. Hüquq təhsili bu istiqamətdə sizə hansı imkanları təqdim edir?

-Bəli, gələcəkdə hüquq sahəsində pedeqoji fəaliyyətlə məşğul olmaq istəyirəm. Bu, çox böyük bir arzumdur. Uşaqlıqdan bəri müəllimliyə böyük marağım olub. Hüquq fakultəsinə qəbul olunduqdan sonra düşündüm ki, nə üçün sevdiyim bu iki sahəni eyni anda yürüdə bilməyim ki. Hər zaman, müəllimləri kürsüdə mühazirə deyərkən izləyəndə xəyal edirdim ki, mən bu mövzunu necə izah edərdim. Hətta müəllimlərdə bəyəndiyim metodikalar və texnikalar olanda özüm üçün qeyd edirəm ki, məndə gələcəkdə pedeqoji karyeramda istifadə edərəm. Əslində hüquqi sferada müəllim olmaq çox dəyərlidir, ən azından o səbəbdən ki, yüzlərlə hüquqşünasın yetişməsində rolun olur. Məncə, bu, hüquqa ən böyük töhfədir. Öyrədərək öyrənmək çox gözəldir.

-Hüquq sahəsində insanların hüquqi maarifləndirilməsi ilə bağlı konkret planlarınız varmı?

-Hüquqi maarifləndirmə hazırkı cəmiyyətimiz üçün çox önəmli bir məsələdir. Gələcəkdə könüllü şəkildə təlimlər təşkil etməyi, xüsusilə rayonlara səfərlər edərək məktəblilərin hüquqi cəhətdən maarifləndirilməsi  üçün tədbirlər təşkil etməyi, bu sahədə layihələrdə iştirak etməyi düşünürəm. Çünki cəmiyyətin gələcəyi gənclərdən asılıdır. Əgər onlar hüquqi cəhətdən maariflənsələr sağlam hüquqi düşüncəli bir cəmiyyət formalaşar. Hüquqa dəyər verilən cəmiyyətdə hüquqşünaslara da dəyər veriləcək.

-Boş vaxtlarınızda bədii kitablar oxumağı və tarixi filmlərə baxmağı sevdiyinizi qeyd etdiniz. Bu maraqlar hüquq təhsilinizi necə tamamlayır?

-Düşünürəm ki, yaxşı hüquqşünas olmağın ən önəmli cəhətlərindən biri səlis nitq qabiliyyətinə malik olmaqdır. Hüquqşünas həm də yaxşı natiq olmalıdır. Bunu isə bədii ədəbiyyat oxumadan təsəvvür etmək mümkün deyil. Bədii kitablar mənim nitqimi zəngiləşdirməklə yanaşı, empatiya bacarığımı, hadisələrə müxtəlif bucaqlardan baxa bilmə imkanımı da  genişləndirir. Xüsusilə də dedektiv janrda oxuduğum kitablar mənə hüquqi sahədə hadisələrə fərqli baxış bucağı qazandırır. Xüsusilə də Aqata Kristinin dedektiv əsərlərini oxumağı çox sevirəm.

-Gənc hüquqşünas olaraq gələcəkdə Azərbaycan cəmiyyətində hansı dəyişikliklərə töhfə verməyi arzulayırsınız?

-Ən böyük arzum cəmiyyətimizdə hüquq mədəniyyətinin formalaşmasına və insanların hüquqi maariflənməsinə töhfə verməkdir. Hüquq  təkcə hüquqşünasların bilməli olduğu mürərrəd bir anlayış deyil. Hüquq insanlar arasında münasibətləri praktiki olaraq nizamlayan bir fenomendir. İstəyərdim ki, cəmiyyətimizdə insanların ədalətin bərpa olunmasında hüququn gücünə inamı artsın.

-Səmimi müsahibəyə görə sizə təşəkkür edirik. Sizə həyatınızın bütün mərhələlərində bol uğurlar, möhkəm iradə, bitməz enerji və daim yüksələn zəfərlər arzulayırıq. İnanırıq ki, hüquq sahəsində və pedaqoji fəaliyyətdə uğurlarınız təkcə sizin deyil, bütün cəmiyyətimiz üçün bir qürur mənbəyi olacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”