19 iyun 2025 17:40
121

Xudadat bəy Rəfibəyli nəslinin nümayəndəsi Qətərin neft sektorunda

Diasporla İş üzrə Dövlət Komitəsinin yutub kanalı olan Diaspor TV-nin əməkdaşları Ər-Riyadda ərəb ölkələrindəki Azərbaycan icması ilə keçirilən görüş çərçivəsində Qətərdə yaşayan soydaşımız, məşhur Rəfibəylilər nəslinin nümayəndəsi Eldəgiz Rəfibəyli ilə söhbət aparıblar.

“İki sahil” xəbər verir ki, müsahibə zamanı Eldəgiz Rəfibəyli 2004-cü ildən etibarən SOCAR-da və müxtəlif beynəlxalq şirkətlərdə neft-qaz sahəsində fəaliyyət göstərdiyini, 2010-cu ildən isə xarici ölkələrdən aldığı iş təkliflərini dəyərləndirdiyini qeyd edib. Soydaşımız 2011-ci ildən Qətərin paytaxtı Doha şəhərində yaşadığını və peşəkar fəaliyyətini orada davam etdirdiyini vurğulayıb.

Eldəgiz Rəfibəyli tanınmış nəslin davamçısı olmaqdan qürur duyduğunu qeyd edib, Azərbaycan adının onun üçün, ilk növbədə, əcdadlarının ismi ilə bağlı olduğunu bildirib. O, milli kimliyini hər zaman yüksək tutduğunu və Azərbaycan diasporunun güclənməsinə dəstək verməyə həmişə hazır olduğunu ifadə edib.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasının general-qubernatoru, Xalq Səhiyyəsi naziri, həkim Xudadat bəy Rəfibəyli həmsöhbətimiz Eldəgiz Rəfibəylinin ulu babasıdır.

Müsahibəni linkə keçid etməklə izləmək mümkündür.