Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 4 iyun 2025-ci il tarixində insan alveri ilə mübarizə sahəsində “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd sağlam ruhlu, yaxşı təhsilli, xalqına, millətinə və dövlətinə sadiq bir nəslin formalaşdırılmasıdır.
Bu sahədə koordinasiya və birgə fəaliyyətin əhəmiyyətini qeyd edən sədr müavini əlavə edib ki, bu istiqamətdə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq daha gücləndirilməli, kütləvi informasiya vasitələrinin, media nümayəndələrinin də potensialından səmərəli istifadə edilməlidir. Çıxışında müasir informasiya texnologiyalarının cəmiyyətə təsirindən danışan sədr müavini bildirib ki, uşaqların rəqəmsal təhlükələrdən müdafiəsi dövrün prioritetidir.
Uşaqların rəqəmsal mühitdə müdafiəsi istiqamətində dövlət siyasətinin sistemli şəkildə həyata keçirildiyini vurğulayan A.Sofiyeva,bu sahədə görülən işlər və hüquqi çərçivə haqqında məlumat verib. O, həmçinin bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması sahəsində qəbul olunmuş qanunvericilik sənədləri bu istiqamətdə hüquqi tənzimləməni təmin edir.
Çıxışının sonunda o, bu sahədə cəmiyyətin bütün təbəqələrinin – dövlət qurumlarının, media nümayəndələrinin və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığının vacibliyini vurğulayıb.
Daha sonra “Uşaqların internet təhlükəsizliyi” mövzusunda sosial çarx nümayiş etdirilib.
BMT-nin CEDAW Komitəsinin üzvü, Dr. Elgün Səfərov təqdimatla çıxış edərək, Azərbaycanda uşaqların süni intellektlə bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi haqqında fəaliyyət planı qəbul edilməsinin vacibliyini qeyd edib: “Nəzərə almalıyıq ki, insan alveri ilə bağlı yeni vasitələrdən istifadə etməklə törədilən cinayətlər qapıdadır. Bu, vacib siqnaldır. Uşaqlar sosial şəbəkələr vasitəsilə Azərbaycan dilində ala biləcəyi məlumatlar azdır. Bununla bağlı hesab edirəm ki, qeyri-hökumət təşkilatları da iş aparmalıdırlar".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli sosial medianın uşaqların gündəlik həyatındakı önəmindən danışıb. Nazirlik tərəfindən bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər barədə məlumat verən T.Cəfərli, nəzarət funksiyasının standartlara uyğun şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. ETX tərəfindən yayılması qadağan olunan informasiyalarla bağlı müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirən rəis müavini, kibertəhdidlərlə mübarizə sahəsində qurumlar arasında koordinasiyalı fəaliyyətin həyata keçirildiyini bildirib.Təhlükəsiz internetin təmin olunmasının qarşıdakı dövr üçün əsas hədəf olduğunu vurğulayan rəis müavini, bunu həm dövlətin, həm də cəmiyyətin birgə məsuliyyəti adlandırıb.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev Nazirliyin bu sahədə gördüyü işləri diqqətə çatdırıb. Qeyd edib ki, kibercinayətkarlar uşaqlara dost kimi yaxınlaşaraq şəxsi məlumatlarını əldə edirlər. İ.Əliyev bu istiqamətdə media nümayəndələrinin də iştirakı ilə valideynlər üçün maarifləndirmə tədbirlərinin keçirilməsini vacib məsələ adlandırıb. O, uşaq axtarış sistemlərinin və xüsusi internet paketlərinin olmasının əhəmiyyətini diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov uşaqların real mühitdə olduğu kimi virtual aləmdə də təhlükələrlə qarşılaşdığını qeyd edib. O vurğulayıb ki, internet məkanında Azərbaycan dilində məzmunun artırılmasına ehtiyac var.
Audiovizual Şurasının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı uşaqların kibertəhlükəsizliyi məsələsinin dövrümüz üçün aktual mövzu olduğunu diqqətə çatdırıb. O, Media haqqında Qanunda bu məsələ ilə bağlı mövcud olan bəndlərə diqqət çəkib. Maarifləndirmənin önəmini xüsusi qeyd edən Ayxan Sadıqlı, bu istiqamətdə media savadlılığının ən mühüm məsələ olduğunu əlavə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun mütəxəssisi Gülər Rzayeva haqqında danışılan mövzu ilə əlaqədar olaraq maarifləndirmə tədbirlərinin davamlı olmasının əhəmiyyətini qeyd edib. Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Məktəblinin dostu” layihəsinə diqqət çəkən G.Rzayeva, layihənin Bakı və regionlar da daxil olmaqla 78 məktəbdə 40 mindən çox məktəbliyə çatdığını qeyd edib.
Dövlət Əmək Müfəttişliyi Xidməti Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsinin müdir müavini Baxşiyeva Günel təqdimatla çıxış edərək uşaqların onlayn platformalarda əmək fəaliyyəti ilə bağlı qarşılaşa biləcəyi əsas təhlükələrə diqqət çəkib. O, rəqəmsal məkanda əmək istismarı riskləri və səbəbləri haqqında danışıb, bu istiqamətdə Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən işləri diqqətə çatdırıb.
Dəyirmi masa uşaqların rəqəmsal təhlükələrdən qorunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə təklif və tövsiyələrin müzakirəsi ilə davam edib.