Xalq artisti Cəfər Namiq Kamal: Aktyorun obraza qatdığı şirinliyi heç bir dramaturq, ssenarist, hətta rejissor qata bilməz
Cəfər Namiq Kamal. Xalq artisti, Prezident təqaüdçüsü… Haqqında “Tale yazısı” kitabı yazılmış sənətkar. Teat səhnəsində, televiziya tamaşalarında, eləcə də kinomuzda bənzərsiz obrazlar qalereyası yaratmış bu şəxslə onun hazırda çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görüşdük. Beləliklə, müsahibimiz Xalq artisti Cəfər Namiq Kamaldır.
- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sizin 75 illik yubileyiniz münasibətilə N. V. Qoqolun eyniadlı pyesi əsasında “Müfəttiş” adlı benefis (artistin xidmətini, məharətini, əhəmiyyətini qeyd etmək üçün onun şərəfinə verilən tamaşa) tamaşa hazırlanıb. Siz bu tamaşada vəzifələrdə qocalmış, rüşvətxor, özünə görə ağllı adam olan bələdiyyə rəisi Anton Antonoviç Skvoznik-Dmuxanovski rolunda çıxış edirsiniz. Cəfər müəllim, niyə məhz “Müfəttiş”?
- Bu təklif Akademik Milli Dram Teatrından gəlib. Yeri gəlmişkən, neçə il bundan qabaq həmin tamaşa teatrımızın səhnəsində oynanılıb. Onda bu rolu Ramiz Novruzov, Rafael Dadaşov ifa edirdilər. Ümumiyyətlə, gənc yaşlarımda “Müfəttiş”dəki yelbeyin, başıboş Xlestakovu canlandırmaq istəmişəm. Hətta onun ştrixlərini də müəyyənləşdirmişdim. Amma 25 il fəaliyyət göstərdiyim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu tamaşa səhnəyə qoyulmadı. 1996-cı ildən çalışdığım Akademik Milli Dram Teatrında bu tamaşa hazırlananda da Xlestakovluq deyildim. Yəni, yaşım keçmişdi. Odur ki, mənə əsərin əsas personajlarından sayılan bələdiyyə rəisi rolu həvalə olundu. Mənə də həmin rola etiraz etmədim. Aprelin 11-də bu tamaşasının premyerası keçirilib. Deyilənlərə görə, tamaşa yaxşı alınıb.
- Bəs həyatınızın müfəttişi kimdir?
- Müfəttişlərim rejissorlarımdır. Bildiyiniz kimi, bizim aktyor sənəti bir qədər asılı sənətdir. Rol tapşırılanda da çalışmışam ki, onların, həm də özümün üzünü ağ edim.
“Canımda rejissorluq var”
- Müsahibələrinizin birində demisiniz ki, teatr epidemiya kimidir. Cəfər müəllim, teatr hara, epidemiya hara?
- Sözümün üstündə dayanıram, yenə də deyirəm, teatr epidemiyadır. Adam var deyir ki, 5-6 idarədə işləmişəm. Yəni, harada maaş çox verilir, ora gedib. Amma bizdə elə deyil. Bura düşən adam çıxa bilmir. Dediyim epidemiya canına elə düşür ki… Hə, həm də demişəm ki, bizim sənət ömür qısaldan sənətdir. İfa etdiyimiz rolların dərdini özəlləşdirib öz dərdimiz edirik. Mənim dördüncü sinifdən üzümə qrim dəyib. İnsan var, öz probleminin altında çabalayır. Amma aktyor ayda 5-10 obrazın problemini içindən keçirir.
- Bu və ya digər tamaşada improvizələrinizin şahidi olmuşuq. İmrovizələrinizdən inciyən olub?
-Yox… Çünki onların hər birini yerli-yerində edirəm. Mənim fikrimcə, aktyorun obraza qatdığı şirinliyi heç bir dramaturq, ssenarist, hətta rejissor qata bilməz. Onu da deyim ki, mən ümumiyyətlə, bəyənmədiyim rolun dalınca getmirəm. Seçim etməyi bacarıram. Amma boynuma götürəndə də bu və ya digər rolun üzərində cani-dildən çalışıram.
- Bəzən aktyorları dram, komik, faciə aktyorları kimi xarakterizə etməyə çalışırlar.
- Aktyora “ştamp” vurmaq olmaz. O, hər bir rolu oynamağı bacarmalıdır. Xarrat qapı da düzəltməyi bacarmalıdır, pəncərə də, başqa şeylər də. Aktyor da, əgər belə demək mümkünsə, insan düzəldir. Yəni, demək istəyirəm ki, aktyor hər cür insanı canlandırmağı bacarmalıdır.
- Akademik Milli Dram Teatrında, həmçinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir çox rejissorun quruluşunda tamaşalarda oynamısınız. Hansı rejissorla işləmək sizə daha çox ləzzət verir?
-Bəli, çox rejissorlarla işləmişəm. Hamısı da məndən razı qalıb. Mənim üçün də əsas budur. Çünki rejissor aktyordan narazı qalsa, növbəti tamaşasında ona rol verməz. Odur ki, mən heç vaxt rolsuz qalmıram. Bu mənada tələbatlı aktyoram. Aktyor ki, tələbatlı olmadı deməli, o yaşamır.
- 55 ilə yaxındır ki, teat aləmindəsiniz. Nə əcəb özünüzü rejissor kimi sınamaq fikrinə düşməmisiniz?
- Canımda rejissorluq var. Amma mənim aləmimdə aktyor ona həvalə olunan rolunun rejissoru olmalıdır. O ki qaldı konkret sualınıza, bu barədə əsla düşünmürəm.
Fuad Poladov sənətin hörmətini qazandıran sənətkar olub
-Sizin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışdığınız illərdə "Nəsimi"də Teymurləng, "Tütək səsi"ndə Qurban, "Arxadan vurulan zərbə"də Qurd Cəbrayıl və digər filmlərdə yaddaqalan obrazlar yaradan Xalq artisti Yusif Vəliyev də həmin teatrda çalışırdı. Onunla bağlı hansısa xatiratınız varmı?
-Mən mədəniyyət aləmimizdə öz dəst-xətti olan uşaq təbiətli unudulmaz aktyorumuz Yusif müəllimdən xeyli cavan idim. Amma bizim söhbətimiz tuturdu. O, söhbətlərinin heç birində qeybət etməzdi. Həmişə də bir qayda olaraq sənət aləmindən danışardı. İndiki kimi yadımdadır. Gənc Tamaşaçılar Teatrının 50 illiyində Moskvaya qastrola gedərkən ondan soruşdular ki, kupe yoldaşlarınız kimlər olsa yaxşdırı? O da dedi ki, Cəfər, şair-dramaturq İsgəndər Coşqun və aktyor Mübariz Əlixanoğlu… Bəli, mən onunla həmin günlərdə xoş anlar yaşadım.
-Siz televiziya tamaşaları ilə yanaşı, “Bomba”, “Günaydın, mələyim!”, “Yük”, “Yalan” və s. filmlərə də çəkilmisiniz. "Dərvişin qeydləri” filmində isə Fuad Poladovla tərəf-müqbil olmusunuz. Onunla bağlı nələr demək istərdiniz?
-Xalq artisti Fuad Poladov olduqca obyektiv, həm də öz şəxsiyyətinə hörmət edən insan idi. O, sənətini dərindən bilən, ona hörmət qazandıran bir şəxs idi. Hətta deyərdim ki, Fuad sənətin hörmətini qazandıran sənətkar olub. Bir dəfə onu Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşasına (rejissor Xalq artisti Ramiz Həsənoğludur) baxmağa dəvət etdim. O dedi ki, həmin tamaşaya baxmışam. Dedim ki, bəs həmin gün nümayiş olunan tamaşada mən yox, dublyorum iştirak edib. Uzun sözün qısası, o gəldi. Tamaşadan sonra mənə dedi ki, sözün düzü, ilk dəfə bu tamaşaya baxanda başa düşməmişdim, amma indi başa düşdüm, generaldan həm qorxdum, həm ona güldüm, həm sevdim, həm də yazığım gəldi. Maraqlı insan obrazı yaratmısan.
“Çox gözəl oynadınız”
- Bəs Ulu Öndər Heydər Əliyevin "Ah, Paris... Paris..." tamaşasına baxdıqdan sonra Onun yaradıcı heyətlə görüşünü necə xatırlayırsınız?
-Ulu Öndər Heydər Əliyev rejissor Azərpaşa Nemətovun Xalq yazıçısı Elçinin "Ah, Paris... Paris..." komediyası əsasında hazırladığı tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə onu ətraflı analiz etdi. Bildirdi ki, insani yüksəldən, insanı insan edən, adamı adam edən və insanı vətəndaş edən onun mənəviyyatıdır. Ona görə də mən pyesdə bunları gördüm. Daha sonra aktyorlardan söz açan Ulu Öndər tamaşadakı Eynşteyn rolum barədə bu sözləri dedi:”O elə qrim etmişdi, elə hərəkət edirdi ki, mən ona Eynşteyn deyə bilmərəm. Orada Eynşteyn idi. Amma burada... Çox gözəl oynadınız”. Şübhəsiz, Bu, Ulu Öndərin mənim sənətimə verdiyi qiymət idi. Elə bu tamaşaya görə mən 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görüldüm. Azərbaycanda peşəkar teatrın yaradılmasının 140 illik yubileyində isə Prezident İlham Əliyevin Sərəncamı ilə mənə “Xalq artisti” fəxri adı verilib.
-Bəlkə, qrim məsələsinə aydınlıq gətirəsiniz?
-Eynşteyn mənim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk rolum olub. Mən həmin rolun, əgər belə demək mümkünsə, “qlükoza”sını çox etmişdim. Üstəlik, bu rol üçün Rusiyada, “Mosfilm” kinostudiyasında keçəl rollarını oynamaq üçün nəzərdə tutulmuş parik də hazırlatmışdım. Onun da üstündən başqa bir parik qoymuşdum. Sözün düzü, mən Azərbaycan teatrında üst-üstə qoyulmuş iki parikdən istifadə edən aktyorun olduğunu eşitməmişəm.
“Üç bacı”nın Maarifi
- "Üç bacı” serialındakı Maarif rolunuz da uğurlu alınıb. Hətta serial həvəskarları məhz sizin oynadığınız rola görə həmin serialı izlədiklərini deyirdilər.
-Bəri başdan deyim ki, seriallar aləmində “Üç bacı” mənim ilk və son serial işim olub. O ki qaldı Maarifə, o rol üzərində çox işləmişəm. Rol təklif olunanda çox düşündüm və o obrazı vizual olaraq görməyə çalışdım. Məsələn, bilirdim ki, o dövrün NKVD işçiləri özlərini Bağırova oxşadardılar və onun kimi bığ saxlayardılar. Düşündüm ki, Maarifin bığı da, eynəyi, geyimi də o cür olmalıdır və s. Hətta mətndəki sözləri də özüm yazmışam. Yəni, o roldakıların hamısı mənim əməyimin bəhrəsidir. Maarif düzgünlük axtaran şəxsdir, amma hamı onu demaqoq bilir. Məsələn, görür ki, həyətdə kimsə qaraj tikir, heç kəs də həmin adama söz deyə bilmir. O isə zəng vurub, qarajı sökdürür. Bunu özü üçün etmir ki, sakinlər üçün edir. Yadıma düşmüşkən, hətta mənə zəng edib deyirdilər ki, bəs filan məhəllədə belə bir adam var. Olmaya onunla tanışsınız?
-Ondan sonra seriallara çəkilməməyinizin səbəbləri nədir?
-Dəvətlər olsa da imtina etdim. Çünki baxıb görürəm ki, serialı çəkmək istəyənlər ətrafılarına elə insanları toplayıblar ki...
-Müasri gənc aktyorların oyunu sizi qane edirmi?
- Mən nə rejissoram, nə də teatrşünas. Özümə cavabdehəm. Yaxşı olardı ki, bu sualla onlara müraciət edəsiniz. Amma sadəcə tövsiyə edərdim ki, səhnədə özləri kimi gülməsinlər, qışqırmasınlar, ağlamasınlar, əsəbləşməsinlar. Bütün bunlara oynadıqları rolun prizmasından yanaşsınlar.
- Son vaxtlar bu teatrda xoşagəlməz olaylar yaşanır. Bununla bağlı nələr deyə bilərsiniz?
-Hər kəs öz işi ilə məşğul olmalıdır. Aktyorsan rolunu oyna, bacarmırsan sağollaş get. Teatrda Fironluq etmək olmaz. Aktyor enerjisini öz işinə sərf etməlidir. Mən belə düşünürəm.
Həyatın səhnəsi
-Bir var səhnə həyatı, bir də həyatın səhnəsi… Bəlkə bir qədər həyat səhnələrinizdən danışasınız?
- Məni danışdırmaq çox çətindir, yəni az danışanam. Hətta deyərdim ki, evdə məni danışdırmaq üçün zülm çəkirlər... Həyatda mən başıaşağıyam, qonaqpərəstəm. Mən tıxsız balıq kimiyəm. Yəni, heç kəslə işi olmayan insanam. Hətta insanlara o qədər inanıram ki, məni uşaq da aldada bilər. Hə, bir də çox kövrək adamam. Hətta sevincimi belə göz yaşları ilə büruzə verirəm. İki balam var. İkisi də Azərbaycan Rəssamlıq Akademiyasını bitirib.
- Cəfər müəllim, qardaşınız, Xalq artisti İlham Namiq Kamal da səhnə adamıdır. Yəqin ki, aranızda sənət söhbətləri tez-tez olur?
-Əlbəttə.
- Son illərin hansı hadisələr yaddaşınıza əbədi həkk olunub?
- 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı. Bu tarixlər hər bir soydaşımızın, o cümlədən mənim yaddaşıma əbədi həkk olunub. 44 günlük Vətən müharibəsi günlərində ailəmlə birgə televizor qarşısında oturub səbirsizliklə xoş xəbərləri gözləyərdik. İnandırım sizi, bəzən sevincdən çox kövrəlirdim. Belə anlarda uşaqlar görməsinlər deyə, bir xəlvətə çəkilərdim.
Qvami Məhəbbətoğlu, “İki sahil”