03 iyun 2025 16:58
211

“Qarabağ” klubu “İqlim Fəaliyyəti üçün İdman” təşəbbüsünün rəsmi tərəfdaşı olub

“Qarabağ” klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi “İqlim Fəaliyyəti üçün İdman” (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşı olub.

“İki sahil” xəbər verir ki,  Ağdam təmsilçisindən verilən məlumata görə, klub bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin “Race to Zero” kampaniyasının bir hissəsinə çevrilib. “Qarabağ” Paris Sazişinin məqsədlərinə uyğun olaraq idman sektorunda sıfır karbon emissiyasına keçidə dəstək verib.

Önəmli yeniliyə münasibət bildirən klubun prezidenti Tahir Gözel bu təşəbbüsə qoşulmaqla “Qarabağ”ın məsuliyyətinin daha da artdığını vurğulayıb: “Bu nüfuzlu təşəbbüsə qoşulmaq bizim üçün təkcə beynəlxalq tanınma deyil, həm də böyük məsuliyyətdir. İdman cəmiyyətləri güclü nüfuz vasitəsidir və biz bu gücü ətraf mühitin qorunması istiqamətində istifadə etməyə hazırıq. Bu təşəbbüsün bir parçası olmaqdan həm sevinc, həm də qürur duyuruq. Klubumuz Qarabağ adını uzun illərdir Avropada layiqincə, böyük məsuliyyətlə daşıyır. Əsas komandamızın qazandığı davamlı nəticələr, klubumuzun gördüyü işlər beynəlxalq qurumların diqqətindədir. Bütün bunlar “Qarabağ”ın dünyada güvən qazanmasına, tanınmasına səbəb olub. BMT-nin təşəbbüsündə də həm ölkəmizi, həm Qarabağ adını layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) “Qarabağ”ın təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları - “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) “Qarabağ”ın dəvətini qəbul edərək, alyansa qatılmaqla bağlı deklarasiya imzalayıblar.

Qeyd edək ki, “Qarabağ” bu platformaya qoşulmaqla qlobal iqlim fəaliyyətinə idman vasitəsilə töhfə verməyi öhdəsinə götürüb. Öhdəliklər karbon emissiyalarının 2030-cu ilə qədər ən azı 50 faizə qədər azaldılmasını, 2040-cı ilə qədər 0-a endirilməsini, illik iqlim hesabatlarının ictimaiyyətə açıqlanmasını, 12 ay ərzində konkret fəaliyyət planının təqdim edilməsini, iqlim məsələlərinin tərəfdaşlarla açıq şəkildə bölüşülməsini əhatə edir.