02 iyun 2025 00:48
196

Orxan Məmmədov: Qələbəmiz çox böyük bir hadisədir

"Hər bir azarkeşə təşəkkürümü bildirirəm".

“İki sahil” xəbər verir ki, bunu matçdan sonra Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu, tarixi bir hadisədir. Hər bir azarkeşə təşəkkürümü bildirirəm. Azərbaycan Respublikasının Prezidentinə bizə göstərdikləri dəstək üçün minnətdarlığımı bildirirəm. Dövlətin bizə dəstəyi olmasaydı, bu qələbəni qazana bilməzdik. Futbolçularımız yüksək səviyyədə və səhvsiz çıxış etdilər. Ona görə də, belə oyun bizi daha da yüksək yerlərə çatacağımızı göstərir. Bu qələbənin öz azarkeşlərimiz qarşısında baş verməsi bizi daha da çox qürurlandırır".

Orxan Məmmədov ABŞ səfirliyinin Azərbaycan millisini qələbə münasibətilə təbrik etməsini böyük bir hadisə olduğunu bildirib.

"Əlbəttə, bizim qələbəmiz çox böyük bir hadisədir. Bu danılmaz bir faktdır. Biz hələ Avropa çempionu olanda, cənab Prezidentimiz bizi qəbul etməklə qələbəmizin nə dərəcədə əhəmiyyətli olduğunu göstərmişdi. Bizə həmin çempionluqdan sonra maliyyə dəstəyi də ayrılmışdı. Deyə bilərik ki, bu dəstək bizim hazırda dünya çempionu olmağımızda böyük pay sahibidir. Bu, dünya çempionatıdır, burada zəif komanda yoxdur. 32 yığma arasından ilk pillədə olmağımız qürurlandırıcıdır. Kim bizim qələbəmizi kiçiltmək istəyirsə, onları bizim ölkəmizin düşmənləri də adlandırmaq olar".

Federasiya prezidenti qarşıya qoyulan digər hədəflərdən də danışıb. "Biz cavan federasiyayıq. Ona görə də, hədəflərimiz çoxdur. Minifutbolun başqa səviyyəyə çatdırılması, infrastrukturun daha da inkişaf etdirilməsi əsas hədəflərimizdən biridir. Gənclərin də minifutbola daha çox maraq göstərməsi məqsədlərimiz sırasına daxil edilə bilər. Əlbəttə, biz çalışacağıq ki, FIFA rəsmiləri də bu təşkilatçılığı görsün. Dünya Minifutbol Federasiyası ilə birlikdə bu məsələyə baxılır", - deyə O.Məmmədov bildirib.