01 iyun 2025 22:55
178

Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırılıb

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının mükafatlandırılma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, Azərbaycan Minifutbol Federasiyasının prezidenti (AMF) Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.

F. Qayıbov yarışın uğurla keçdiyini vurğulayıb: "Bizə inanan və turnirin Azərbaycanda keçirilməsinə şərait yaradan Dünya Minifutbol Federasiyasına təşəkkür edirəm. Ölkəmizdə idman ildən-ilə inkişaf edir. Dövlət tərəfindən ölkə idmanına yüksək səviyyədə qayğı göstərilir".

AMF-in prezidenti Orxan Məmmədov milli komandanı dəstəkləyən hər kəsə minnətdarlığını bildirib: "Milli üzvləri, texniki heyət, digər işçilər, həmçinin də Dünya Minifutbol Federasiyasına minnətdaram. Bizə möhtəşəm şərait yaradan və daim idmançıların yanında olan dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edirəm".

Ardınca mundialın qalibi olan Azərbaycan millisinə kubok və qızıl medallar təqdim edilib. Macarıstan yığması gümüş, Serbiya seçməsi isə bürünc medallarla mükafatlandırılıb.