30 may 2025 12:15
364

İcbari tibbi sığorta: DƏRMANSIZ DƏRD QALMAYACAQ…

YENİLİK: 2025-ci ilin sonundan hipertoniyanın dərmanla müalicəsi sığorta hesabına qarşılanacaq

İcbari tibbi sığorta sistemi Azərbaycanda əhalinin səhiyyə xidmətlərinə çıxış imkanlarını genişləndirməklə yanaşı, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir. 2021-ci ildən etibarən ölkə üzrə tam tətbiq edilən bu sistem bu gün artıq milyonlarla insanın həyatına birbaşa təsir edir. Sistemin tətbiqindən əldə olunan nəticələr, sığorta ilə əhatə olunan tibbi xidmətlərin həcmi, bölgələr üzrə aktivlik və qarşıdakı dövrdə gözlənilən yeniliklər barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova ilə həmsöhbət olduq.

-Artıq dörd ildir ki, ölkəmizdə icbari tibbi sığorta tətbiq olunur. Bu müddət ərzində sığortadan istifadə səviyyəsi necə olub?

-1 aprel 2021-ci ildən, yəni, bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiq olunduğu dövrdən etibarən sığortadan istifadə edən vətəndaşların sayı ilbəil artıb. Bu illər ərzində 78 milyondan çox müraciət qeydə alınıb və icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 235 milyondan artıq tibbi xidmət göstərilib. İllər üzrə müqayisə etsək görərik ki, göstərilən tibbi xidmət sayında 2023-cü il ilə müqayisədə 2024-cü ildə 32% artım olub.Qeyd edim ki, bəzi ixtisaslaşdırılmış xidmətlərin dövlət xəstəxanalarında göstərilməsi mümkün olmadıqda, həmin vətəndaşlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə, yəni özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki xəstəxanalara göndəriş verilir. Bu müddət ərzində vətəndaşlar özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə 541 mindən çox əməliyyat və prosedurdan yararlanıblar.

-Bölgələrimizdə icbari tibbi sığortadan istifadə göstəriciləri hansı vəziyyətdədir?

-Statistikaya görə, əhalinin çoxluğu səbəbindən müraciətlərin 42%-i Bakı şəhərində qeydə alınır. Amma bölgələrdə də aktivlik var. Məsələn, müraciətlərin 9%-i Sumqayıtın, 7%-i Bərdə-Yevlax bölgəsinin, 7%-i isə Gəncənin payına düşür.

Əgər bölgələrdəki dövlət xəstəxanaları hansısa tibbi xidmət göstərə bilmirsə, o zaman vətəndaşlar digər bölgələrdəki dövlət xəstəxanalarına və ya  Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə yönləndirilir. Hazırda Agentlik 190-dan çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir və bu klinikaların 30%-dən çoxu bölgələrdə yerləşir.

- Əhali daha çox hansı tibbi xidmətlərdən yararlanmaq üçün müraciət edir?

-Əhalinin icbari tibbi sığorta çərçivəsində ən çox istifadə etdiyi xidmətlər əsasən onların gündəlik sağlamlıq ehtiyacları və geniş yayılmış xəstəlik qrupları ilə bağlıdır. Müraciətlər əsasən ümumi tibbi baxış, qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəliklərinin müayinə və müalicəsi ilə əlaqədardır. Bu, həm məlumatlılığın artması, həm də erkən diaqnostika imkanlarının əlçatan olması ilə bağlıdır.

Əməliyyatlara gəldikdə isə doğuş və ginekoloji prosedurlar, sidik-cinsiyyət, ürək-damar, oftalmoloji və həzm sistemi ilə bağlı cərrahi müdaxilələr üstünlük təşkil edir. Bu xidmətlərin sığorta çərçivəsində qarşılanması, xüsusilə həyati əhəmiyyət daşıyan prosedurların əlçatanlığını artırır.

-MRT və KT müayinələri ilə də bağlı müraciətlər çoxdur. Bununla bağlı sıxlığı aradan qaldırmaq üçün Agentlik tərəfindən hansısa tədbir görülürmü?

-Bəli, MRT və KT müayinələrinə olan tələbatın artması nəticəsində yaranan sıxlığın aradan qaldırılması məqsədilə Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər, ilk növbədə, tibbi xidmətlərin keyfiyyətli və davamlı şəkildə təşkilinə, diaqnostika və müalicə proseslərinin vaxtında və effektiv şəkildə aparılmasına yönəlib. Bu yanaşma vətəndaşların tibbi xidmətlərə fasiləsiz və əlçatan çıxışını təmin edir.

Qeyd edilməlidir ki, 2024-cü ilin aprel ayının sonundan etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə ixtisaslı həkim göstərişi əsasında ambulator şəraitdə göstərilən MRT və KT müayinələrinə Xidmətlər Zərfində nəzərdə tutulan tarifin 20%-i həcmində müştərək maliyyələşmə məbləği tətbiq olunub. Bu mexanizm tibbi xidmətlərə ehtiyacın daha düzgün qiymətləndirilməsinə, real tibbi ehtiyaclara uyğun xidmətin təşkilinə yönəlib.

Nəticə olaraq, bütün bu tədbirlər sığorta sisteminin maliyyə dayanıqlılığının qorunmasına xidmət edir. Sistem uzunmüddətli perspektivdə də işlək və davamlı olmalıdır. Bunun üçün toplanan vəsaitlərin səmərəli idarə olunması və dövlətin səhiyyəyə ayırdığı resursların düzgün istiqamətləndirilməsi böyük əhəmiyyət daşıyır. Tətbiq edilən müştərək maliyyələşmə mexanizmi də məhz bu dayanıqlılığın təmin olunmasına yönəlmiş addımlardan biridir.

- Hansı yeni tibbi xidmətlərin icbari tibbi sığorta hesabına qarşılanması gözlənir?   

-İcbari tibbi sığortanın Xidmətlər Zərfinə tibbi xidmətlər daxil edilərkən əsas meyarlardan biri insanların ən çox həyatını itirdiyi xəstəliklərin nəzərə alınmasıdır. Hazırda Xidmətlər Zərfində 3315 tibbi xidmət təminata alınıb. Ürək-damar cərrahiyyəsi, neyrocərrahi əməliyyatlar, qaraciyər, böyrək, sümük iliyi transplantasiyası kimi mürəkkəb və dəyəri yüksək tibbi xidmətlər sığorta hesabına qarşılanır. Məqsəd əhalinin sağlamlığına təsir edən xəstəliklərin vaxtında aşkarlanması və müalicəsidir. Bu yanaşma həm insanların həyatını qorumağa, həm də səhiyyə sistemində daha effektiv və davamlı nəticələrin əldə olunmasına şərait yaradır.

Qeyd edim ki, həm dünyada, həm də ölkəmizdə ürək-damar sistemi xəstəlikləri arasında ən geniş yayılmışlardan biri hipertoniyadır. Bu xəstəliyin müalicəsində dərman preparatlarının rolu xüsusilə böyükdür. 2025-ci ilin sonundan etibarən hipertoniyadan əziyyət çəkən şəxslərə ambulator şəraitdə həkim resepti ilə təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına verilməsi planlaşdırılır. Gələcək illərdə isə ambulator müalicə məqsədilə istifadə olunan digər dərman preparatlarının da mərhələli şəkildə sığorta təminatına daxil edilməsi nəzərdə tutulur.

Həmçinin Xidmətlər Zərfi genişləndirilən zaman ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır. 

-Resept əsasında yazılan dərmanların icbari tibbi sığortanın təminatına daxil edilməsi  ilə bağlı oxucularımıza daha ətraflı məlumat verməyinizi istərdik. 

-Ambulator dərman təminatı ilə bağlı dəyişiklik mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri, sonra isə tənəffüs və həzm sistemi ilə bağlı dərmanların sığortaya daxil edilməsi planlaşdırılır. Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq.

Dərmanlar yalnız elektron reseptlə veriləcək. Vətəndaş elektron resept əsasında Agentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki dərmanların təsiredici maddəsi və dozalarına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tapa bilsinlər. Ödəniş forması isə belə olacaq: bir hissəsini sığorta qarşılayacaq – bu şərti kompensasiya məbləğidir, digər hissəsini vətəndaş özü ödəyəcək – bu isə müştərək maliyyələşmə məbləğidir.

Dərmanların qiyməti ilə bağlı qeyd edim ki, eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər. Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni məbləğ ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq isə onun ödədiyi məbləği fərqli ola bilər.

-İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə vətəndaş müraciəti nə qədərdir və əsasən nə ilə bağlı olur?

-Ötən ilin statistik göstəricilərinə əsasən, Çağrı mərkəzimizə 372 mindən çox zəng daxil olub. Zənglərin 90.49%-i 30 saniyə ərzində cavablandırılıb. Ən çox müraciətlər müayinə və müalicə, göndərişlər, dərman və tibbi sərf materialları, həmçinin müharibə iştirakçıları ilə bağlı olub. Həmçinin vətəndaşların xidmətə əlçatanlığını daha da artırmaq məqsədilə ötən ilin sonundan etibarən Agentliyin rəsmi internet saytında yeni “Onlayn çat” xidməti istifadəyə verilib. Bura daxil olan vətəndaş müraciətləri, sorğular Çağrı mərkəzinin operatorları tərəfindən fasiləsiz (24/7) cavablandırılır. Ötən ilin dekabrından bu günə qədər “Onlayn çat” xidməti vasitəsilə 10 600-dən çox vətəndaş müraciəti cavablandırılıb.

Yaqut Ağaşahqızı, “İki sahil”