29 may 2025 18:57
332

Vüqar Rəhimzadə: Azad Laçın Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluğunun rəmzinə çevrildi

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrinin uğuru inkişafı günümüzün reallıqlarında özünü aydın şəkildə nümayiş etdirir. Bu reallıq da hər zaman xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın digər sahələr kimi, xarici siyasətdə də uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimi dəyərləndirilmir. Məhz İkinci Qarabağ müharibəsi kimin haqqın, ədalətin, kimin təcavüzkarın yanında olduğunu bir daha açıqladı. Sübut edildi ki, münasibətlərdə qarşılıqlı etimad mühitinin, səmimi dostluq münasibətlərinin qorunması əsasdır. Dünya 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dostluğu, qardaşlığı bütün dövrlər üçün dünyaya nümunə olan Azərbaycan-Türkiyə, eyni zamanda, Azərbaycan-Pakistan münasibətlərinin əyani nümayişinin bir daha şahidi oldu.  Tarixi Zəfərimizdən sonra hər üç ölkənin münasibətlərinin daha yüksələn xətlə inkişafı, əməkdaşlıq formatlarının tərkibinin genişlənməsi, daha dəqiq desək, ikili formatdan üçlüyə doğru inkişaf etməsi  özündə bütün məqamları açıqladı. 2021-ci ilin iyun ayında Qarabağın tacı Şuşanın şahidliyi ilə Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı,  müttəfiqliyi rəsmiləşdirildi, tarixi Şuşa Bəyannaməsi imzalandı. Bunun ardınca isə həmin ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri səviyyəsində sarsılmaz dostluğun, qardaşlığın əsasını Bakı Bəyannaməsini imzalmaqla təsdiqlədilər. Ötən ilin iyul ayında isə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirildi.  

Azərbaycanın Müstəqillik Günündə Şərqi Zəngəzurda, Laçında üç ölkənin liderlərinin Zirvə görüşünün keçirilməsi münasibətlərin gələcək inkişafının aydın mənzərəsini yaratdı.  Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 2020-ci ildən etibarən yeni mərhələyə qədəm qoyan bu üçtərəfli əməkdaşlıq, siyasi və hərbi koordinasiya ilə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə ortaq təşəbbüslərlə zənginləşib.  Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq, Türkiyə vasitəsilə Avropaya enerji tədarükünü uğurla davam etdirir. Bu əməkdaşlığın əsasını Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP  layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Genişlənən enerji əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə isə İğdır-Naxçıvan qaz kəməridir. Bu layihə uzun illər blokada şəraitində yaşamış Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi və sosial inkişafına da töhfə verir. Uzaqgörən siyasi yanaşmanın nəticəsi olan bu kəmər Naxçıvanın təbii qaz təminatında etibarlı alternativ rolunu oynayır və bir mənbədən asılılığın aradan qaldırılmasına şərait yaradır.

Dövlət başçısı İlham Əliyev Laçında keçirilən Zirvə görüşündəki çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində böyük layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik. Çıxışda bu statistik rəqəmlər də açıqlandı ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard  dollardan çox sərmayə qoyub. Pakistan iqtisadiyyatına 2 milyard  dollar sərmayə qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

Vüqar Rəhimzadə vurğulayıb ki,  Azərbaycan və Pakistan arasında da çoxəsrlik qardaşlıq və dərin mənəvi bağlılıq mövcuddur. Bu mühüm amil   onların beynəlxalq səviyyədə bir-birinə dəstəyini daha da gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaş kimi diqqətdə olub. Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq son illərdə daha da genişlənməkdədir. Tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə birgə komissiyalar və işçi qrupları yaradılıb, qarşılıqlı səfərlər və biznes forumlar keçirilib. Nəqliyyat sahəsində birbaşa hava əlaqələri və artan yükdaşıma həcmi də əməkdaşlığın əhəmiyyətli göstəricilərindəndir.

Zirvə görüşündə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif belə bir əminliyi ifadə etdi ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının gələcək inkişafı ilə bağlı onu qeyd etdi ki, mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığımızı institusional səviyyəyə çatdıracağıq. Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirib terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik. Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərək addımlar atmağı hədəfləyirik. Bütün  sahələrdə nüfuzlu layihələri həyata keçirməklə üçtərəfli əməkdaşlığımızı daha da yüksək səviyyəyə çatdıracaq və xalqlarımıza yeni nailiyyətlər bəxş edəcəyik.

     Milli Məclisin deputatı bildirib ki, hər üç qardaş ölkənin hərbi sahədə də əməkdaşlığı uğurla inkişaf edir. “Üç Qardaş – 2021” beynəlxalq hərbi təlim bu əməkdaşlığın konkret təzahürü olub. Təlimdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirak etməsi tərəflər arasında yüksək etimadın və qarşılıqlı hərbi hazırlığın göstəricisidir. Ümumilikdə Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialına malikdir. Bu əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir. Qardaşlıq, ortaq tarix və ümumi maraqlara əsaslanan bu format gələcək illərdə siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində daha da dərinləşərək beynəlxalq aləmdə nüfuzlu üçtərəfli bloklardan birinə çevrilə bilər.

Vüqar Rəhimzadə qeyd edib ki, hər üç ölkə  beynəlxalq platformalarda və təşkilatlarda da  həmrəylik nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Prezident İlham Əliyev Azərbaycanın ötən il  D-8 təşkilatına üzv seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və  Pakistana bir daha təşəkkür etdi. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var.

Millət vəkili diqqəti, eyni zamanda,  Laçında keçirilən  28 May-Müstəqillik Günü ilə bağlı konsertə yönəldərək bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan dövlətinin başçısı İlham Əliyev ilə  bərabər bu bayram tədbirlərində iştirakı qardaşlığımızın, dostluğumuzun növbəti nümunəsi oldu. Prezident İlham Əliyevin bayram tədbirindəki çıxışında qeyd etdiyi kimi, bizə göstərilən bu  dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir.  Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərir. Belə bir əminlik də ifadə olundu ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.