06 iyul 2026 15:50
78

Pol Makkartni toyda "The Beatles"ın əfsanəvi hitini İfa edib - 62 illik fasilədən sonra

Dünyaşöhrətli musiqiçi 62 illik fasilədən sonra ilk dəfə olaraq əfsanəvi "I Want to Hold Your Hand" mahnısını canlı və solo ifada səsləndirib

Məşhur britaniyalı musiqiçi, "The Beatles" qrupunun eks-üzvü Pol Makkartni müasir pop musiqisinin kraliçası Teylor Svift və amerikalı futbolçu Trevis Kelsinin toy mərasimində unudulmaz bir sürprizə imza atıb. O, iyulun 3-də Nyu-Yorkun məşhur "Madison Square Garden" stadionunda baş tutan möhtəşəm toyda "The Beatles" qrupunun dünyaşöhrətli hiti olan "I Want to Hold Your Hand" mahnısını canlı ifa edərək qrupa özünəməxsus ehtiramını nümayiş etdirib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, maraqlı və tarixi məqam ondan ibarətdir ki, Pol Makkartni bu mahnını sonuncu dəfə uzaq 1964-cü ilin sentyabrında, Nyu-Yorkun "Paramount Theatre" məkanında keçirilən konsertdə qrupun tərkibində ifa etmişdi. O, 62 illik fasilədən sonra ilk dəfə bu hitə müraciət edib, solo karyerasında isə bu mahnını ümumiyyətlə heç vaxt canlı oxumamışdı.

Pol Makkartni və Teylor Svift uzun illərdir ki, bir-birlərinin yaradıcılığına böyük rəğbət bəsləyirlər. 2020-ci ildə hər iki ulduz məşhur "Rolling Stone" jurnalının üz qabığında birlikdə yer alıblar.

Son müsahibələrində Makkartni Teylor Sviftin hazırkı şöhrətini vaxtilə dünyanı sarsıdan "Bitlomaniya" (Beatlemania) dövrü ilə müqayisə edib. Onun sözlərinə görə, bu gün Sviftin dünyadakı tanınma və sevilmə dərəcəsi vaxtilə "The Beatles" qrupunun sahib olduğu zirvə ilə eyni səviyyədədir.