15 sentyabr 2026 20:17
161

Bu yanaşma Ermənistanın sülh gündəliyinə münasibətdə hələ də ciddi ziddiyyətlərin olduğunu göstərir - EKSPERT

Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyətinin Xankəndi, Şuşa, Ağdam və Kəlbəcərə səfəri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Bu 2020-ci ildən sonra diplomatik korpusun regiona artıq 22-ci səfəridir. Deməli, söhbət birdəfəlik təşəbbüsdən deyil, Azərbaycanın azad edilmiş ərazilərində gedən proseslərin beynəlxalq nümayəndələrə yerində təqdim edilməsini nəzərdə tutan ardıcıl diplomatik praktikadan gedir. Səfərin əsas əhəmiyyəti ondan ibarətdir ki, xarici diplomatlar Qarabağdakı vəziyyəti müxtəlif siyasi şərhlər əsasında deyil, bilavasitə yerində müşahidə edərək öyrənmək imkanı əldə edirlər. Onlar dağıdılmış ərazilərin bərpasını, yeni yolları, yaşayış məntəqələrini, sosial infrastrukturu və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesini görürlər. Azərbaycanın nümayiş etdirdiyi mənzərə artıq müharibənin nəticələrindən deyil, postmünaqişə dövründə qurulan yeni həyatdan ibarətdir. Xankəndində Qarabağ Universitetinin fəaliyyətə başlaması da bu dəyişimin mühüm göstəricilərindən biridir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Aytən Qurbanova bildirdi. 

Politoloq bildirdi ki, Azərbaycan tərəfinin diplomatik və xarici nümayəndə heyətlərini Qarabağa dəvət etməsi də məhz bu reallığın açıq və şəffaf şəkildə təqdim olunmasına xidmət edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Ermənistanın müəyyən siyasi və media dairələrində səfərə qarşı nümayiş etdirilən qərəzli münasibət ciddi siyasi ziddiyyət yaradır. Çünki söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanışlıqdan gedir. Diplomatik nümayəndələrin Azərbaycanın suveren ərazisinə səfərinin siyasi təzyiq və ya müdaxilə kimi təqdim edilməsi erməni cəmiyyətində keçmiş münaqişə məntiqinin hələ də tam aradan qalxmadığını göstərir. Burada daha mühüm məqam isə Ermənistanın sülh prosesində nümayiş etdirdiyi yanaşmalarla real davranışları arasındakı ziddiyyətdir. Rəsmi İrəvan bir tərəfdən Azərbaycanla sülhdən, ərazi bütövlüyünün qarşılıqlı tanınmasından və regionda yeni münasibətlər sisteminin formalaşdırılmasından danışır, digər tərəfdən isə Ermənistanın siyasi və informasiya məkanında Qarabağla bağlı əvvəlki iddiaların yenidən gündəmə gətirilməsinə şərait yaranır. Sülh haqqında danışıb, Azərbaycanın suveren ərazisinə xarici diplomatların səfərinə etiraz etmək məntiqi baxımdan bir-birini tamamlayan mövqelər deyil. Əksinə, bu yanaşma Ermənistanın sülh gündəliyinə münasibətdə hələ də ciddi ziddiyyətlərin olduğunu göstərir. Ermənistanın qeyri-səmimiliyi məhz bu ikili yanaşmada özünü göstərir. Əgər rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həqiqətən tanıyırsa, Qarabağda baş verənləri Ermənistanın daxili siyasi müzakirəsinə çevirmək, Azərbaycan ərazisinə səfər edən diplomatlara təzyiq göstərmək və keçmiş münaqişənin ritorikasını yenidən gündəmə gətirmək üçün heç bir əsas qalmır. Deməli belə reaksiyalar davam edirsə, bu Ermənistanın sülh prosesində verdiyi bəyanatlarla siyasi davranışları arasında uyğunsuzluğun mövcudluğundan xəbər verir.

Ekspert qeyd etdi ki, eyni qeyri-səmimilik tarixi və mədəni irs məsələsində də müşahidə olunur. Ermənistan tərəfi Qarabağdakı ayrı-ayrı dini və tarixi abidələri erməni irsi kimi təqdim etməyə çalışarkən, Ermənistan ərazisində azərbaycanlıların çoxəsrlik yaşayışını və onların yaratdığı mədəni irsi eyni ardıcıllıqla qəbul etməkdən yayınır. Bu tarixi irsə selektiv münasibətdir. Tarix siyasi maraqlara uyğun şəkildə seçilə və dəyişdirilə bilməz. Əgər mədəni irsin qorunması həqiqətən prinsip məsələsidirsə, bu prinsip bütün xalqların irsinə münasibətdə eyni şəkildə tətbiq edilməlidir. Qafqaz Albaniyası irsi ətrafında aparılan mübahisələr də siyasi manipulyasiyalardan uzaq tutulmalıdır. Tarixi faktların etnik və siyasi məqsədlərlə mənimsənilməsi region xalqları arasında qarşıdurmanı dərinləşdirməkdən başqa nəticə vermir. Azərbaycan öz ərazisindəki tarixi-mədəni irsin qorunmasını dövlət siyasətinin prioritetlərindən biri kimi həyata keçirir. Eyni məsuliyyət və obyektivlik Ermənistan ərazisində mövcud olmuş Azərbaycan mədəni irsinə münasibətdə də nümayiş etdirilməlidir. Ermənistanın qeyri-səmimi yanaşması yalnız ritorikada deyil, keçmişin siyasi yaddaşının necə təqdim edilməsində də özünü göstərir. 2022-ci ilin sentyabr döyüşlərinin siyasi kontekstdən çıxarılaraq yalnız Ermənistan cəmiyyətində düşmənçilik yaddaşını gücləndirən formada təqdim edilməsi sülh atmosferinin möhkəmləndirilməsinə xidmət etmir.

Aytən Qurbanova qeyd edb ki, bu gün Ermənistan qarşısında prinsipial seçim dayanır. Ya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörməti real siyasi davranışa çevirmək, keçmişin revanşist ritorikasından imtina etmək və sülhün ictimai əsaslarını formalaşdırmaq, ya da formal sülh bəyanatları ilə ziddiyyət təşkil edən köhnə siyasi yanaşmaları davam etdirmək. Birinci yol Cənubi Qafqazda sabitlik və əməkdaşlığa, ikinci yol isə etimadsızlığın və qarşıdurma risklərinin qorunub saxlanmasına aparır. Azərbaycanın mövqeyi isə dəyişməzdir. Qarabağ Azərbaycanın suveren ərazisidir və burada həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycanın daxili siyasətinin tərkib hissəsidir. Xarici diplomatların bu proseslərlə yerində tanış olması da tamamilə legitim və şəffaf diplomatik praktikadır. Buna etiraz etmək nə sülhə, nə normallaşmaya, nə də regional əməkdaşlığa xidmət edir. Əslində, diplomatik korpusun Qarabağa səfəri reallığı bir daha ortaya qoyaraq göstərir ki, münaqişənin hərbi mərhələsi başa çatıb, ərazi məsələsi Azərbaycanın suverenliyi çərçivəsində həll olunub və regionda yeni həyat qurulur. Ermənistanın qarşısında duran əsas vəzifə isə bu reallığı yalnız bəyanatlarda deyil, siyasi düşüncə və praktiki davranış səviyyəsində də qəbul etməkdir. Çünki həqiqi sülh səmimi siyasi mövqe tələb edir. Keçmiş iddiaları müxtəlif formalarda yaşadıb eyni zamanda sülhdən danışmaq isə artıq inandırıcı görünmür.