06 iyul 2026 16:33
87

"Handelsblatt": "Porsche" Almaniyada 4 min iş yerini ixtisar edəcək

"Volkswagen Group"un nəzarətində olan lüks avtomobil istehsalçısı xərcləri optimallaşdırmaq üçün idarəetmə personalını və mühəndislik gücünü azaltmağı planlaşdırır

Almaniyanın məşhur idman avtomobilləri istehsalçısı "Porsche" şirkəti daxili bazarda (Almaniyada) 4 min iş yerini ixtisar etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Handelsblatt" qəzeti məlumat yayıb. Qeyd edək ki, "Porsche" avtokonserninin səhmlərinin nəzarət paketi "Volkswagen Group"a məxsusdur.

Məlumata görə, bu kütləvi ixtisarlar daha çox şirkətin idarəetmə və inzibati (administrasiya) heyətinə şamil olunacaq. Bundan əlavə, rəhbərlik Ştuttqart şəhərinin şimal-qərbində yerləşən Vaysaxdakı mühəndislik və tədqiqat mərkəzinin istehsal/işçi gücünü 30% dərəcəsində azaltmaq imkanlarını da araşdırır.

Nəşr xatırladır ki, lüks avtomobil markası bundan əvvəl də bənzər bir addım atmış və 2029-cu ilə qədər 1.9 min iş yerinin ixtisar edilməsini planlaşdırmışdı. Hazırkı qərar isə ixtisar dalğasının daha da böyüdüyünü göstərir.

"Porsche" şirkətinin rəsmi nümayəndəsi qəzetə açıqlamasında konkret ixtisar rəqəmlərini təsdiqləməkdən boyun qaçırsa da, hazırda şirkətin fəaliyyətinin optimallaşdırılması istiqamətində kompleks tədbirlər paketinin hazırlandığını bildirib. Onun sözlərinə görə, qənaət və yenidənqurma hədəflərini ehtiva edən bu yeni proqram iyul ayının sonuna qədər ictimaiyyətə təqdim olunacaq.