30 iyun 2026 18:51
141

Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir - TƏHLİL

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bir daha vurğulandı ki, biz beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik

Azərbaycanda rəqəmsal inkişaf və rəqəmsal transformasiya dövlət siyasətinin əsas prioritetlərindəndir. Süni intellektin tətbiqi və rəqəmsal suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev bu ilin fevral ayında keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu çağırışı etdi ki, hazırda süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir. Cənab İlham Əliyev onu da vurğuladı ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta  bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Əsas prioritetlər sırasında bu çağırış da səsləndirildi ki, kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir.

Prezident İlham Əliyevin  27 fevral 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edildi, həmçinin dövlətimizin başçısının həmin tarixdə imzaladığı  “Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”  Fərmana əsasən Rəqəmsal İnkişaf Şurası yaradıldı. Məqsəd ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində  prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsidir. Həmin sənədə əsasən Şuranın tərkibi təsdiqləndi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Şuranın Sədri təyin edildi.

İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. Diqqəti bir daha  cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən  ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirəyə yönəldən Mehriban xanım Əliyeva bildirdi ki, verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqləndi.  Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir: “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.” Rəqəmsal İnkişaf Şurasının sədri bu çağırışı xüsusi diqqətə çatdırdı ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.

“Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti onu da əlavə etdi ki, məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz  beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Birinci vitse-prezidentə məlumat verdi. Qeyd etdi ki, Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. 40 dövlət qurumu ilə Yol xəritələrinin hazırlandığı, onlardan 13-nün artıq təsdiqləndiyi və ya təsdiq mərhələsində olduğu diqqətə çatdırıldı. Rəqəmsal inkişaf və nəqliyyat naziri fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, "mygov" və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini bildirdi. İnnovasiya ekosisteminin inkişafı məsələlərinə diqqət yönəldildi, texnoloji suverenliyi gücləndirən sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirmək məqsədilə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanıldığı vurğulandı və kibertəhlükəsizlik sahəsində görülən işlərdən bəhs olundu. Bu məqam da qeyd edildi ki, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov rəqəmsal sahədə qanunvericilik üzrə islahatlar barədə məlumat verdi.  Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatların hazırlandığı diqqətə çatdırıldı. Bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür. Elm və təhsil naziri Emin Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə bəhs edərək bildirdi ki, təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, “Rəqəmsal məktəb” layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması prioritetdir. Növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Reallıq budur ki, son zamanlarda   dünya iqtisadiyyatında müşahidə olunan inqilabi- texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artır. Perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu çağırışlar tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda  təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də öz əksini tapıb. Təbii ki, hər dövrün öz tələbi, çağırışı vardır. Təhsilin inkişafı, savadlılıq səviyyəsinin yüksəldilməsi bütün dövrlərdə əsas çağırışlar sırasında olub. Hər bir ölkənin inkişafında bu amillərin rolu böyükdür. Milli Priortetlərdə bu mühüm hədəflər də açıqlanır ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır. Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır.

   Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin son illərdə təhsil sisteminin təkmilləşdirilməsinə yönələn sərəncamları “Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik” çağırışının təsdiqidir. Çünki bugünkü dünyada bilik, savad ön plandadır.Təhsilin səviyyəsinin dünyanın ən yüksək standartlarına cavab verməsi istiqamtəində atılan addımların davamlılığına diqqət yetirmək kifayətdir. Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra ikinci yerdə təhsil xərclərinin olması bu sahənin inkişafının nə qədər önəmli olduğunu təsdiqləyir. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin təminatında müdafiə qüdrəti nə kimi böyük rol oynayırsa, inkişafında, tərəqqisində də təhsilin rolu elə dəyərləndirilir. Prezident kimi fəaliyyətə başladığı gündən cənab İlham Əliyev «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək, bu istiqamətdə davamlı addımlar atdı. İKT sektorunda əldə olunan uğurlara söykənərək bu  fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün  dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. Ötən il Xankəndi şəhərində keçirilən  III şuşa Qlobal Media Forumunun mövzusunun da  “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” olması özündə mühüm məqamları və çağırışları ehtiva etdi. Jurnalistin « Gəlin, gələcəyə nəzər salaq. Biz süni intellekt dövründə yaşayırıq və Azərbaycan texnoloji güc olmaq istəyir. Siz şəxsən süni intellektin inkişafı ilə bağlı Milli Strategiyanın tərtib olunması göstərişini vermisiniz. Bu sahədə vəziyyət nə yerdədir» sualına cavab olaraq cənab İlham Əliyev bildirmişdir ki, biz bunu yeni başlamışıq. Onun nə dərəcədə uğurlu olacağını görəcəyik. Lakin aydındır ki, biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik. Buna görə, mənim qərarlarım yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır. Beləliklə, bizim aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var və onların əksəriyyəti ilə sərmayədar kimi işləyirik. Vəsaitlərimizi iri beynəlxalq qruplar vasitəsilə sərmayə kimi yatırırıq. Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir. Biz ön cərgədə olmalıyıq. Dövlətimizin başçısı bildirmişdir ki, süni intellektlə bağlı nə baş verəcəyini söyləmək mənim üçün çətindir. Mənim üçün indi “nəyə nail olacağıq, nəyə yox” söyləmək düzgün olmazdı. Biz yalnız müəyyən nailiyyətlərimiz olduqda bildiririk. Ümid edirik, gələn il Şuşa Forumuna gəlsəniz biz sizinlə müəyyən məsələləri bölüşəcəyik.»

   Prezident İlham Əliyev Forumda, həmçinin «Siz süni intellektdən istifadə edirsinizmi» sualına cavab olaraq vurğulamışdır ki, yox, mən özüm istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər. Mənə də bəzən bu barədə məlumat verirlər. Amma yəqin ki, nə vaxtsa, mən də istifadə edəcəyəm. Çünki süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın.

  Bu çağırışların səsləndirildiyi vaxtdan ötən bir ildə Azərbaycanın qeyd olunan istiqamətdə atdığı addımların, uğurlu nəticələrin  xroniologiyasına diqqət yetirmək kifayətdir. Yuxarıda qeyd etdiyimiz Prezident İlham Əliyevin sədrliyi ilə  müşavirə, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası görülən işlərin və qarşıdakı dövr üçün hədəflərin təqdimatı oldu. Təbii ki, məqsəd uğurların başlanğıcıdır. Azərbaycan hər zaman hədəflərə ardıcıllıqla nail olur. Hər bir yenliliyin tətbiqi isə müəyyən meyarlara uyğunlaşdırılır. Azərbaycan innovasiyalar ölkəsi olaraq bu yeniliklərə nə qədər maraq göstərsə də, onun nə vəd etdiyinin, həmçinin, hansı kriteriyalara cavab verdiyinin geniş təhlilini aparır.

 Dövlətimizin təhsil siyasəti gələcək nəsillərin bilikli, vətənpərvər və yüksəkixtisaslı kadrlar kimi formalaşmasına xidmət edir. Gənclərimizin xarici ölkələrdə təhsilinin davam etdirilməsi ilə bağlı imzalanan sənədlər də təhsil sahəsinin prioritetliyini təsdiqləyən mühüm addımlar sırasındadır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı» da bunin bariz nümunəsidir. Sənəddə qeyd olunduğu kimi, hər bir ölkənin sosial-iqtisadi inkişafı həmin ölkədə insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən, gələcək illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması xüsusi aktuallıq kəsb edir.  Qlobal dəyər zəncirinin formalaşmasında innovasiyaların rolu dayanmadan artmaqdadır. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizini məhz yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər təşkil edir. Hazırda iqtisadi artımı səciyyələndirən amillər ciddi dəyişikliklərə məruz qalmaqdadır. Bu dəyişikliklərin təməl hərəkətvericilərindən biri də rəqəmsallaşmadır. İqtisadiyyatın rəqəmsallaşdırılması dünyada iqtisadi proseslərin və resursların idarə olunmasını, optimallaşdırılmasını, paylaşılmasını və yerləşdirilməsini əsaslı şəkildə dəyişdirir. Bu proses məhsuldarlığı artırır, sahibkarlıq subyektlərini innovativ ideyalara, texnologiyalara, müasir idarəetmə və biznes modellərinə keçməyə təhrik edir və bazarlara yeni çıxış kanalları yaradır. Müasir dünyada bilik iqtisadiyyatı və innovasiya cəmiyyəti, davamlı və hərtərəfli inkişafın təmin edilməsi bütün dövlətlərin qarşısında duran vacib vəzifələrdəndir. Qloballaşma ölkələr arasındakı əlaqələri genişləndirir və bunun nəticəsi olaraq, təhsil sistemlərinin fəaliyyətinin və effektivliyinin müqayisəsinə maraq artır. Hazırda bir çox dövlətlər tərəfindən xaricdə peşəkar kadr hazırlığının xüsusi Dövlət proqramları ilə həyata keçirilməsi siyasəti dəstəklənir. Belə proqramların həyata keçirilməsi qloballaşan dünyada prioritet hesab edilən sahələr üzrə ölkənin əmək bazarının gələcək ehtiyaclarını müəyyənləşdirmək baxımından da xüsusi əhəmiyyət kəsb edir.

  Ümumiləşdirilmiş şəkildə qeyd etsək, süni intellekt texnologiyalarının tətbiq sahələrinin genişləndirilməsi və rəqəmsal suverenliyin möhkəmləndirilməsi müasir dövrün əsas çağırışıdır. Bu istiqamətdə görülən sistemli və elmi əsaslı tədbirlər ölkələrin rəqəmsal dayanıqlığının təmin olunmasında həlledici rol oynayır. Həyata keçirilən tədbirlər  həm dövlət idarəçiliyində səmərəliliyin artırılmasına, həm də iqtisadiyyatın rəqəmsal əsaslar üzərində inkişafına xidmət edir. Əsas hədəflərdən biri, təbii ki, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması və bu məqsədlə təhsil və elmi fəaliyyətin inteqrasiyasının gücləndirilməsidir. Dövlətimizin başçısının çıxışlarında kadr hazırlığı əsas çağırış kimi öndə saxlanılır. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə də cənab İlham Əliyev bildirdi ki, kadr hazırlığına  əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar: “Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.”

Hər bir hədəf  kompleks tədbirlərin həyata keçirilməsini bir tələb kimi qarşıya qoyur. Azərbaycanın dayanıqlı inkişafında kompleks tədbirlərin  rolu inkaredilməzdir.

Yeganə Əliyeva, “İki sahil”