30 iyun 2026 11:18
130

Türk dünyası çərçivəsində həyata keçirilən humanitar təşəbbüslər strateji xəttin davamıdır

"Son illər türk dövlətləri arasında əməkdaşlıq ideya və mədəni yaxınlıq mərhələsindən çıxaraq çoxşaxəli inteqrasiya modelinə çevrilməkdədir. Əgər on-on beş il əvvəl əməkdaşlığın əsas istiqamətlərini daha çox mədəniyyət və ortaq tarixi irsin qorunması təşkil edirdisə, bu gün Türk Dövlətləri Təşkilatı siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji, təhsil, elm və humanitar əlaqələri özündə birləşdirən Avrasiyanın ən dinamik regional platformalarından biri kimi çıxış edir".

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. 

Deputat bildirib ki, belə bir şəraitdə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsi təkcə yubiley xarakterli tədbir deyil. Bu təşəbbüs, əslində, türk dövlətləri arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinin məhz humanitar inteqrasiya üzərində qurulacağına dair mühüm siyasi mesajdır. Müasir beynəlxalq münasibətlər sistemində rəqabət artıq yalnız enerji ehtiyatları, nəqliyyat dəhlizləri və iqtisadi imkanlar üzərində qurulmur. Dövlətlərin beynəlxalq nüfuzu getdikcə daha çox onların intellektual potensialı, elmi əməkdaşlıq imkanları, təhsil sistemi, mədəni diplomatiyası və ümumi humanitar məkan formalaşdırmaq qabiliyyəti ilə müəyyən edilir. Başqa sözlə, “yumşaq güc” amili qlobal siyasətin əsas alətlərindən birinə çevrilməkdədir. Bu baxımdan təsadüfi deyil ki, türk dünyasının gələcəyinə dair müzakirələr yenidən məhz Bakıda aparılır.
Millət vəkilinin fikrincə, 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultay öz dövrü üçün misilsiz elmi hadisə idi. İlk dəfə olaraq müxtəlif türk xalqlarının nümayəndələri eyni platformada toplaşaraq dilçilik, əlifba, terminologiya, təhsil və elmin inkişafı kimi fundamental məsələləri müzakirə etdilər. Qurultay göstərdi ki, dil təkcə ünsiyyət vasitəsi deyil, milli kimliyin, tarixi yaddaşın və mədəni davamlılığın əsas dayaqlarından biridir. Lakin həmin dövrdə irəli sürülən bir çox ideyaların həyata keçirilməsi sonrakı siyasi proseslər səbəbindən mümkün olmadı. Totalitar idarəçilik, repressiyalar və ideoloji məhdudiyyətlər uzun illər türk xalqları arasında təbii elmi və humanitar əməkdaşlıq imkanlarını məhdudlaşdırdı.
"Bu gün isə tarix sanki yeni mərhələyə qədəm qoyur. Müstəqil Azərbaycan Birinci Türkoloji Qurultayın xatirəsini sadəcə yaşatmır. Ölkəmiz həmin qurultayın ideyalarını yeni geosiyasi reallıqlar şəraitində yenidən aktuallaşdırır. Artıq söhbət müstəqil türk dövlətlərinin iştirak etdiyi, rəqəmsal texnologiyalar dövründə formalaşan və dəyişən beynəlxalq münasibətlər sisteminə uyğun yeni əməkdaşlıq modelindən gedir. Əlamətdar haldır ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin geniş şəkildə qeyd olunması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən dəstəklənib. Bu isə onu göstərir ki, humanitar əməkdaşlıq artıq ikinci dərəcəli istiqamət deyil, təşkilatın uzunmüddətli inkişaf strategiyasının əsas komponentlərindən biri kimi qiymətləndirilir"-deyən Sevinc Fətəliyeva əlavə edib ki, bu yanaşma müasir beynəlxalq təcrübə ilə də tam səsləşir. Dünyanın ən uğurlu inteqrasiya modellərinin təcrübəsi göstərir ki, belə birliklərin dayanıqlılığı yalnız iqtisadi göstəricilər və ticarət dövriyyəsi ilə ölçülmür. Ortaq təhsil məkanı, elmi-tədqiqat əməkdaşlığı, akademik mobillik, universitetlərarası əlaqələr, mədəni mübadilə və vahid intellektual mühit inteqrasiyanın uzunömürlü olmasını təmin edən əsas amillərdir. Məhz buna görə Avropa İttifaqı uzun illərdir Erasmus+, birgə elmi proqramlar və universitet konsorsiumlarına ciddi investisiyalar yatırır. Çünki humanitar inteqrasiya siyasi razılaşmalardan daha möhkəm və davamlı təməl yaradır. Türk Dövlətləri Təşkilatı da bu istiqamətdə ardıcıl şəkildə irəliləyir və bu modeli türk dünyasının tarixi, mədəni və mənəvi xüsusiyyətlərinə uyğun şəkildə inkişaf etdirir.
Onun sözlərinə görə, bu gün Orta Dəhlizin inkişafı, nəqliyyat bağlantılarının genişlənməsi, enerji əməkdaşlığının dərinləşməsi və qarşılıqlı ticarətin artması vahid intellektual məkanın formalaşdırılmasını zəruri edir. İqtisadi layihələr dövlətləri bir-birinə yaxınlaşdırsa da, xalqları uzunmüddətli şəkildə birləşdirən əsas amillər elm, təhsil, mədəniyyət və ortaq dəyərlərdir. Məhz buna görə son illərdə Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Universitetləri Birliyi kimi institutların fəaliyyəti genişlənir, birgə elmi layihələr həyata keçirilir, akademik mübadilə proqramları inkişaf etdirilir, ortaq mədəni irsin qorunması istiqamətində yeni təşəbbüslər irəli sürülür.
Deputatın fikrincə, bu prosesdə Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Bakı tədricən türk dünyasının əsas intellektual mərkəzlərindən birinə çevrilir. Əgər əvvəllər Azərbaycan daha çox etibarlı enerji tərəfdaşı və mühüm nəqliyyat qovşağı kimi tanınırdısa, bu gün ölkəmiz türk dünyasının humanitar gündəliyinin formalaşdığı əsas platformalardan biri kimi çıxış edir. Türk Dövlətləri Təşkilatının sammitləri, TÜRKSOY-un tədbirləri, Türk Dövlətlərinin Parlament Assambleyasının toplantıları, beynəlxalq elmi forumlar və mədəni layihələr bu tendensiyanı aydın şəkildə nümayiş etdirir.
Sevinc Fətəliyeva qeyd edib ki, humanitar diplomatiyanın gücləndirilməsi Azərbaycanın xarici siyasət kursunun da mühüm istiqamətlərindən biridir: "Azərbaycan artıq uzun illərdir müxtəlif beynəlxalq platformalar arasında dialoqu təşviq edən ölkə kimi tanınır. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, COP29, Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu və digər beynəlxalq tədbirlər ölkəmizin müxtəlif sivilizasiyalar arasında körpü rolunu uğurla yerinə yetirdiyini təsdiqləyir. Türk dünyası çərçivəsində həyata keçirilən humanitar təşəbbüslər də məhz bu strateji xəttin davamıdır. Bu siyasət qlobal geosiyasi transformasiyalar fonunda daha da aktuallaşır. Müasir beynəlxalq münasibətlər sistemi getdikcə daha çox çoxtərəfli və çoxqütblü xarakter alır. Regional təşkilatların rolu artır, orta güclərin beynəlxalq proseslərə təsiri genişlənir. Belə şəraitdə humanitar potensial, intellektual diplomatiya və mədəni təsir dövlətlərin beynəlxalq nüfuzunu gücləndirən əsas amillərdən birinə çevrilir. Azərbaycan bu imkanlardan ardıcıl və məqsədyönlü şəkildə istifadə edir". 

Digər mühüm məqam isə ondan ibarətdir ki, humanitar əməkdaşlıq siyasi konyunkturadan daha az asılıdır. Hökumətlərin dəyişməsi, iqtisadi böhranlar və ya beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər müəyyən layihələrin icrasına təsir göstərə bilər. Lakin universitetlər, elmi mərkəzlər, akademik institutlar və mədəni təşkilatlar arasında qurulan əməkdaşlıq uzunmüddətli etimad mühiti formalaşdırır və dövlətlərarası münasibətlərin davamlı inkişafına xidmət edir. Məhz buna görə Bakıda keçirilən Türk Dünyası Həftəsi yalnız yubiley tədbiri kimi deyil, türk dövlətlərinin vahid humanitar məkanının institusional əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilməlidir.

"Azərbaycan bu prosesdə, sadəcə ev sahibi rolunu oynamır. Ölkəmiz iqtisadi əməkdaşlığı humanitar məzmunla tamamlayan, ortaq tarixi yaddaşı gələcəyə yönəlmiş inkişaf resursuna çevirən müasir türk inteqrasiya modelinin formalaşmasında aparıcı təşəbbüskar dövlətlərdən biri kimi çıxış edir. Bakıda keçirilən Türk Dünyası Həftəsinin əsas siyasi və strateji əhəmiyyəti də məhz bundan ibarətdir. Bu tədbir bir daha göstərir ki, türk dövlətləri arasında əməkdaşlığın gələcəyi yalnız iqtisadi göstəricilər və nəqliyyat layihələri ilə müəyyən olunmayacaq. Bu gələcək eyni zamanda ortaq intellektual məkanın formalaşdırılmasından, yeni alim və tədqiqatçı nəslinin yetişdirilməsindən, mədəni bağların möhkəmləndirilməsindən və ümumi tarixi yaddaşın qorunmasından asılı olacaq. Bu gün Azərbaycan məhz həmin strateji baxışın həyata keçirilməsində aparıcı rol oynayaraq humanitar diplomatiyanı xarici siyasətinin mühüm istiqamətlərindən birinə, eyni zamanda isə bütün türk dünyasının daha sıx inteqrasiyasına xidmət edən təsirli vasitəyə çevirir"-deyə, Sevinc Fətəliyeva vurğulayıb.