29 may 2025 01:37
176

BMT Komissiyası: Rusiyanın Ukraynada əhaliyə dron zərbələri insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir

Rusiya Silahlı Qüvvələrinin dronlarla endirdiyi və Ukraynada mülki şəxslərin ölümünə səbəb olan zərbələr insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna ilə bağlı BMT-nin Müstəqil Beynəlxalq İstintaq Komissiyasının yeni hesabatında deyilir.

Qeyd olunub ki, 2024-cü ilin iyul ayından bəri Rusiya ordusu Xerson vilayətində Dnepr çayının sağ sahili boyunca 100 km-dən çox ərazidə mülki əhalini dəfələrlə öldürüb və yaralayıb. Hesabatda bildirilib ki, dron hücumları genişmiqyaslı, sistematik olub və əlaqələndirilmiş dövlət siyasəti çərçivəsində gerçəkləşdirilib.

Komissiya qeyd edib ki, hücumlar müntəzəm olaraq və oxşar sxem üzrə həyata keçirilib, bu da onların planlı, təşkil olunmuş və məqsədyönlü xarakterindən xəbər verir. Rusiya hərbi və mülki hakimiyyətinin cinayətləri qabaqlamaq və ya dayandırmaq üçün hər hansı tədbir gördüyü barədə məlumat yoxdur.

Rəsmi məlumatlara görə, Xersonun və Ukraynanın nəzarətində olan ərazidəki 16 yaşayış məntəqəsinin pilotsuz uçuş aparatları ilə atəşə tutulması nəticəsində təxminən 150 dinc sakin ölüb və yüzlərlə insan yaralanıb. Zərərçəkənlər arasında kişilər, qadınlar və uşaqlar var, əksəriyyəti kişilərdir. Mülki əhaliyə müxtəlif vəziyyətlərdə – küçəyə çıxarkən, piyada gedərkən və ya hər hansı nəqliyyat vasitəsindən istifadə edərkən zərbələr endirilib.

Qeyd olunub ki, Rusiya dronlarının hücumları ölüm və ağır bədən xəsarətləri, o cümlədən amputasiyalar, yaralar və kontuziyalar, həmçinin psixoloji travmalar və qorxu hissi ilə sonuclanıb.

Hesabatda deyilib ki, mülki şəxslərə, eləcə də mülki infrastruktur obyektlərinə zərbə endirmək üçün dronlardan istifadə beynəlxalq humanitar hüququn fundamental prinsipinin pozulmasıdır (bu prinsipə görə zərbələr yalnız hərbi hədəflərə yönəldilə bilər). Komissiyanın topladığı sübutlar hücumları həyata keçirənlərin bu əməlləri qəsdən törətdiklərini şübhə altına qoymur. Buna görə də Komissiya belə nəticəyə gəlib ki, Rusiya silahlı qüvvələri Xerson vilayətində mülki sakinlərə qəsdən zərbələr endirməklə hərbi cinayətlər törədiblər.

Qeyd edək ki, Ukrayna ilə bağlı BMT-nin Müstəqil Beynəlxalq İstintaq Komissiyası BMT-nin İnsan Hüquqları Şurası tərəfindən tapşırılmış müstəqil bir qurumdur və xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzü kontekstində insan hüquqlarının bütün ehtimal olunan pozuntularını və sui-istifadələrini, beynəlxalq humanitar hüququn pozuntularını və əlaqəli cinayətləri araşdırmaqla məşğuldur. Komissiyanın tərkibinə Erik Myose (sədr), Pablo de Qreyff və Vrinda Qrover daxildir.