Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün yaranan fürsət dəyərləndirilməlidir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İspaniyanın Baş naziri Pedro Sançesi qəbul edərkən deyib.
Onun sözlərinə görə, rəsmi Ankara savaşın başa çatması üçün səylərini davam etdirir: “İstanbulda baş tutan müzakirələrdə əsir mübadiləsi kimi məsələlərin gündəmə gəlməsi etimad mühitinin yaradılması üçün əhəmiyyətlidir”.
Türkiyə lideri həmçinin qeyd edib ki, rəsmi Ankara Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı məqsədində dəyişiklik etməyib: “Üzvlük prosesinin canlandırılması üçün Aİ konstruktiv mövqe sərgiləməlidir”.
Ərdoğan Türkiyə ilə İspaniya arasında ticarət həcminin artırılması istiqamətində səylərin davam etdiyini və iki ölkənin bir çox sahədə, xüsusilə müdafiə sənayesi və nəqliyyatda əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcəyini bildirib.
Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.