23 may 2025 23:37
135

Strateji əhəmiyyətli, dayanıqlı nəqliyyat mərkəzi - Orta Dəhliz

Rauf Ağamirzəyev: Azərbaycanın işğaldan azad edilən ərazilərdə Orta Dəhlizin şaxələndirilməsi istiqamətində ciddi işlər görülür

Azərbaycanla Çin təkcə ticarət tərəfdaşı deyil, həm də etibarlı strateji müttəfiq ölkələrdir. Bu strateji tərəfdaşlıq münasibətləri nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında infrastruktur və multimodal layihələrin birgə həyata keçirilməsi etibarlı, dayanıqlı və rəqabətədavamlı yükdaşıma marşrutlarını təmin etməklə Şərq və Qərb arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Xəbər verildiyi kimi, 21 may tarixində Çin Xalq Respublikasının Sian şəhərində “Çin–Avropa (Sian) Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumu keçirilib. Tədbirin mövzusu “Kəmər və yol təşəbbüsü” layihəsinin birgə icrası və “China–Europe Express” iqtisadi halqasının yaradılması olub. Forumda “China–Europe Express” dəhlizinin üstünlüklərindən tam istifadə etmək, bu istiqamətdə yük daşımalarını təşviq etmək, beynəlxalq ticarət üçün yüksək səmərəli, sərfəli və keyfiyyətli quru yol əlaqəsini qurmaq, müasir beynəlxalq logistika sisteminin tikintisini sürətləndirmək kimi məsələlərə toxunulub. “China–Europe Express” “Kəmər və yol təşəbbüsü”nün əsas hissəsidir və Çinlə Avropa ölkələri arasında yük daşımalarını inkişaf etdirmək məqsədi daşıyır. Forumda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Sian şəhərindən Avropa ölkələrinə

Forumda çıxış edən ADY sədrinin müavini qeyd edib ki, Çinin strateji əhəmiyyətli nəqliyyat qovşaqlarından biri olan Sian şəhərindən başlayan ekspres Avropa ölkələrinə, o cümlədən Almaniya, Polşa, Macarıstan, Çexiya, Litvaya da müntəzəm yük daşımalarına təkan verəcək: “China–Europe Express” Asiya və Avropa arasında logistik əməliyyatların sürətləndirilməsi, nəqliyyat marşrutlarının şaxələndirilməsinin təşviqi və iştirakçı ölkələrin ixrac-idxal potensialının dəstəklənməsi kimi üstünlükləri təmin edəcək.”

Arif Ağayev vurğulayıb ki, 2024-cü ildə ölkələrimiz arasında dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 47% artaraq 612 min ton təşkil edib. 2024-cü ildə ümumilikdə 287 blok-qatar, 2025-ci ilin ilk dörd ayında isə 73-ü tranzit, 92-si idxal rejimində olmaqla 165 blok-qatar artıq qəbul edilib. İlin sonunadək 600-dən çox blok-qatarın qəbulu gözlənilir. Bundan əlavə, 2024-cü il noyabrın 24-də Azərbaycandan Çinə ilk “Bakı–Sian” ixrac blok-qatarı yola salınıb. Bu günə kimi ümumi həcmi 10 min tona yaxın olan 6 blok-qatar yola salınıb. Bu rəqəmlər Orta Dəhlizin strateji əhəmiyyətini və potensialını bir daha təsdiqləyir.

Orta Dəhliz daha cəlbedicidir

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, artıq Çin–Avropa Dəmiryol Ekspresi işə düşüb: “Bu da Orta Dəhlizin daha dayanıqlı olduğuna bir işarədir. Çindən Azərbaycan istiqamətində müntəzəm blok qatarlarının sayı artmaqdadır. Bu il də həmin proses davam edir ki, bu da Azərbaycan üzərindən tranzit daşımalarının sayına birbaşa təsir edir. Azərbaycan marşurutu üzrə multimodal daşımalar Xəzər dənizi üzərindən Gürcüstan istiqamətində marşurutlar şaxələnir. Bu şaxələnmə Gürcüstan limanları və Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən Avropaya daşınma imkanları mövcuddur.”

R.Ağamirzəyev qeyd edib ki, regionda baş verən yeni geosiyasi vəziyyət fonunda Orta Dəhlizin önəmi artmaqdadır, Azərbaycanın bu yeniliyə uyğun olaraq işğaldan azad edilən ərazilərdə dəhlizin şaxələndirilməsi istiqamətində ciddi işlər görülür: “Horadiz-Ağbənd layihəsinin icrası demək olar ki, son mərhələsindədir. Horadiz-Ağbənd layihəsinin bir seqmenti də İran istiqamətində olan Araz dəhlizi də nəzərdə tutulur. Güman ki, gələn il bu layihə reallaşar, digər tərəfdən Naxçıvan dəmir yollarının yenidən qurulması nəzərdə tutulur. Həmçinin Qars-İğdır-Dilucu dəmir yolları layihəsi icra mərhələsindədir. Yaxın 5 il ərzində bu layihənin tamamlanması ilə Azərbaycan istiqamətinə gələn yük axınının fərqli marşurutlar üzrə daşınmasına imkan verəcək. Həmçinin Şərqi Anadoluda Sivasın Divriği ilçəsindən Qars istiqamətində ikinci dəmir yolu xətti layihəsinin icrasına başlanılıb. Ötən ilin sonlarında Dünya Bankı ilə Türkiyə hökuməti bu layihəni elan ediblər. 660 km-lik dəmir yolu xəttinin tikintisi Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq. Bu gün Divriği-Qars dəmir yolu vasitəsilə 750 min ton yük daşınması mümkün idisə, yeni xəttin tikilib istifadəyə verilməsindən sonra bu rəqəmin 20 milyon tona çatdırılaraq, dəhlizin ötürücülük qabiliyyətinin artırılması ilə nəticələnəcək. Bu da Orta Dəhlizin daha dayanıqlı fəaliyyətinə zəmin yaradacaq.”

Ekspert hesab edir ki, Azərbaycan yerləşdiyi srtateji mövqeyi ilə yanaşı, çeşidli nəqliyyat növlərinə çıxışı təmin edir: “Yəni, fərqli nəqliyyat növləri üzrə daşınma imkanı yaradır ki, bu da öz növbəsində Orta Dəhlizi daha cəlbedici edir. Rəqəmlərə də diqqət yetirsək aydın görmək olur ki, ötən il 4.5 milyon ton yük daşınmışdısa, 2023-cü illə müqaisədə 62 faiz artım deməkdir. Həmçinin 2030-cu ilə qədər Orta Dəhlizlə ən azı 10 milyon ton yükün daşınması və Ələt limanının ikinci fazası üzrə 500 min TEU (Twenty-Foot Equivalent Unit, konteynerlərin ölçülməsində istifadə olunan bir vahiddir) konteynerin qəbulu və ötürülməsi imkanı nəzərdə tutulur.”

Orxan Vahidoğlu, “İki sahil”