23 may 2025 17:32
169

Şimali kiprli jurnalist: Mən bu mədəniyyətə, bu xalqa, bu torpağa könüldən bağlanmışam - EKSKLÜZİV

Azərbaycan insanının gözəlliyi bu gün burada – bu möhtəşəm festivalda – 50 ölkənin nümayəndələri ilə bir araya gəlib. Bu, sadəcə bir tədbir deyil, xalqlar arasında dostluğun, mədəniyyətlərin qovuşduğu bir bayramdır. Azərbaycan təkcə mədəniyyət baxımından deyil, artıq diplomatiya sahəsində də dünya arenasında öz sözünü deyən ən güclü dövlətlərdən birinə çevrilib.

Bu fikirləri ADA Universitetində keçirilən 13-cü Beynəlxalq Festivalda Şimali kipirli jurnalist, televiziya aparıcısı Serdar Şengül “İki sahil”ə açıqlamasında söyləyib.

Şimali kiprli jurnalist qeyd edib ki, Prezident İlham Əliyevin açıqlamalarında Azərbaycanın hər zaman Şimali Kipr Türk Respublikasının həmişə yanında olduğunu bildirməsi bizim üçün son dərəcə əhəmiyyətlidir: “Bu mövqe bizə yalnız siyasi deyil, həm də mənəvi güc verir. Biz bilirik ki, artıq yalnız deyilik. Yaxşı ki, Türkiyənin yanında Azərbaycan da var. Cənab Prezident İlham Əliyevin gücünü və dəstəyini hiss etmək bizim üçün böyük bir qürur və şərəfdir”.

Həmsöhbətimizin sözlərinə görə, onun Azərbaycan mədəniyyətinə duyduğu heyranlıq isə sözlə ifadə olunacaq qədər sadə deyil: “Burada hər musiqidə bir tarix yatır, hər rəqsdə bir ruh danışır. Azərbaycanın incə zövqlə yoğrulmuş mədəni irsi insana həm estetik zövq verir, həm də dərin bir bəşəriyyət sevgisi aşılayır. Mən bu mədəniyyətə, bu xalqa, bu torpağa könüldən bağlanmışam”.

Nigar Orucova, “İki sahil”