23 may 2025 22:25
122

Ali təhsil müəssisələrinə 60489 plan yeri ayrılıb - Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzi (DİM) artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır

Mayın 23-də Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirib.

Sədr qeyd edib ki, bu il ali təhsil müəssisələrinə qəbul olunmaq üçün qeydiyyatdan keçən  abituriyentlərin sayı 130 min 641 nəfərə çatıb. Ötən illə müqayisədə, ərizələrin sayında təqribən 12 min artım var. Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Cari ildə buraxılış imtahanlarında 119 mindən çox şagird iştirak edib. Bu da ötən illə müqayisədə 11 min 710 nəfər artım  deməkdir.

DİM-in sədri vurğulayıb ki, bu həftəsonu keçiriləcək II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında 54246, iyunun 1-də keçiriləcək I və IV ixtisas qrupları üzrə imtahanlarda isə 37692 abituriyentin iştirakı nəzərdə tutulur. Bu mərhələdə də ötən illə müqayisədə təqribən 7 min çox imtahan iştirakçısı var.

İmtahan keçirilən şəhər və rayonlara toxunan sədr onların sayının daim artırılmasına diqqət yetirildiyini söyləyib. “2012-ci ildən etibarən keçirilən buraxılış imtahanları bütün şəhər və rayonlarda təşkil olunur. Qəbul imtahanları isə lap əvvəllər Bakı və Naxçıvanda, daha sonra DİM-in regional bölmələrinin yerləşdiyi digər böyük şəhərlərdə, hazırda isə respublikamızın 24 şəhər və rayonunda keçirilir. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. Artıq işğaldan azad olunmuş bölgələrdə yaşayan abituriyentlər öz doğma torpaqlarında imtahan verirlər,” – deyə sədr bildirib.

Ötən ildən etibarən tələbə qəbulu aparılan Qarabağ Universiteti haqqında məlumat verən M.Abbaszadə 2025-ci ildə bu təhsil müəssisəsi üzrə qəbul planının 28.5% artırılaraq 1440 yerə çatdırılmasının regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə 60489 plan yeri ayrılıb. Bu, ötən illə müqayisədə 1309 yer və ya 2.21 faiz çoxdur: “Plan yerlərinin 28 min 401-i dövlət sifarişi ilədir. Bu, əvvəlki illə müqayisədə 568 yer və ya 2.04 faiz artım deməkdir. I ixtisas qrupu üzrə plan yerləri artırılıb Belə ki,  I ixtisas qrupu üzrə 2024-cü ildə 19 min 990 plan yeri ayrılmışdı. 2025-ci ildə bu göstərici 2.28 faiz artırılaraq 20 min 445-ə çatıb. II ixtisas qrupu üzrə  14935 plan yeri ayrılıb. Bu ixtisas qrupu üzrə 2024-cü illə müqayisədə 385 yer və ya  2.65 faiz artım qeydə alınıb.  III qrup üzrə plan yerində 124 yerlik artım qeydə alınıb. 2024-cü ildə 15 min 459, 2025-ci ildə isə bu say 0.80 faiz artırılaraq 15 min 583 plan yeri müəyyən olunub. Bu il IV ixtisas qrupu üzrə 4732 plan yeri ayrılıb. Beləliklə, IV ixtisas qrupu üzrə 2024-cü illə müqayisədə 114 yer və ya 2.47 faiz artım qeydə alınıb. V ixtisas qrupu üzrə plan yerləri 5.06 faiz artırılaraq 4794-ə çatdırılıb. Bu, bütün ixtisas qrupları arasında ən yüksək faiz göstəricisidir”.

Sədr diqqətə çatdırıb ki, tam orta (11 illik) təhsil bazasında qəbul planı 28.15 faiz artırılaraq 15 min 874 yerə çatdırılıb:” Əvəzində ümumi orta (9 illik) təhsil bazasında plan yerləri 25.49 faiz azalıb”.

M.Abbaszadənin sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər.

Bu il keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları haqqında danışan sədr ötən illə müqayisədə nəticələrin bir-birinə demək olar ki, uyğun olduğunu vurğulayıb. 2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür.

Tədbirdə gələcək imtahan iştirakçılarının davranış qaydalarına da xüsusi diqqət yetirmələri ilə bağlı çağırış edilib. Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırılıb ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər. Yəni, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər.

Sonda Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verilib.

Qeyd edək ki, hazırda buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə materiallarının işlənməsi, ekspertizası və yoxlanılması ilə bağlı müəllif, ekspert və marker hazırlığı kurslarında iştirakla bağlı qeydiyyat davam edir. 2017-ci ildən etibarən 178 kurs təşkil olunub və indiyə qədər 3175 nəfər sertifikat alaraq Mərkəzin elektron “Məlumat bazası”na daxil edilib.Bundan əlavə, hər il imtahanların təşkilində nəzarətçi qismində iştirak etmək istəyən şəxslərin sertifikatlaşdırılma prosesi həyata keçirilir. 2019-cu ildən başlayan bu prosesdə 5900 nəfər uğur qazanıb müvafiq sertifikat alıb. Yeni tədris ilinin əvvəlində növbəti qeydiyyat prosesinə start veriləcək. Hazırda isə təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə elan edilən “Gənc psixometrik” təcrübə proqramının iştirakçıları ilə təlimlər həyata keçirilir. Eyni zamanda, gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasına təkan vermək məqsədilə həyata keçirilən könüllülər layihəsi də uğurla davam etdirilir. DİM fəaliyyəti boyunca keçirdiyi imtahanların bütün mərhələlərində təhsil ictimaiyyətinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə, ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verib. Odur ki, həyata keçirilən tədbirlərdə ictimaiyyətin daha fəal olması ümumi işimizin xeyrinə olardı.

Yaqut Ağaşahqızı, “İki sahil”