18 may 2025 17:40
105

Ömer Bolat: TDT ölkələri ilə iqtisadi əlaqələr Türkiyə üçün əhəmiyyətlidir

Türkiyənin ticarət naziri Ömer Bolat Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət-iqtisadi əlaqələrin daha da inkişafına ümid etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, türkiyəli nazir TDT liderlərinin mayın 20-21-də Budapeştdə keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitindən gözləntilərini bölüşüb.

O qeyd edib: “Macarıstandakı müzakirələr siyasətdən tutmuş ticarətə, nəqliyyata, sənayeyə, mədəniyyətə və təhsilə qədər geniş spektri əhatə edəcək. TDT-yə üzv ölkələr, eləcə də müşahidəçi dövlətlər arasında ticarətin həcmi 2024-cü ilin sonunadək 68,8 milyard dollara çatıb. Ötən il Türkiyənin bu ölkələrlə birbaşa ticarəti 30,9 milyard dollar təşkil edib”.

Nazir 2024-cü ildə TDT ölkələrində ÜDM-nin 1,8 milyard dollara çatdığını, türkdilli dövlətlərin xarici ticarətinin ümumi həcminin isə 1,1 trilyon dollar təşkil etdiyini vurğulayıb.

Bolatın sözlərinə görə, türk ölkələri ilə əməkdaşlığın prioritet istiqamətlərindən biri də turizmdir. O bildirib: “Təkcə 2024-cü ildə TDT ölkələrindən Türkiyəyə 2,6 milyon turist səyahət edib”.

Nazir bildirib ki, Ankara türk dövlətləri ilə ticarətin artırılması, logistika infrastrukturunun inkişafı, nəqliyyat sisteminin sadələşdirilməsi, ixrac və idxalda maneələrin aradan qaldırılması, qarşılıqlı investisiyaların artırılması kursunu həyata keçirir. O əlavə edib ki, təkcə son iki ildə Türkiyə TDT ölkələrinə onlarla ticarət nümayəndə heyəti göndərib, həmçinin qardaş dövlətlərdə bir çox sərgi tədbirlərində fəal iştirak edib.