May ayının 15-də Biləsuvar rayonun Amankənd kəndində şəhid Hüseynov Ziyarət Mail oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək ailəsinə baş sağlığı veriblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olmuş Hüseynov Ziyarət Mail oğlu 15 may 1994-cü ildə Biləsuvar rayonun Amankənd kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Nemət Sultanov adına Dövrüşlü kənd tam orta məktəbində təhsil almış və 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətə olmuşdur. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. 2016-cı ilin aprel döyüşlərində, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində Cəbrayıl, Laçın, Kəlbəcər və Şuşa istiqamətində gedən döyüşlərində iştirak etmişdir. Vətən müharibəsində yaralanmasına baxmayaraq müharibədən sonra yenidən hərbi xidmətini davam etdirmişdir. 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuşdur. Sentyabr ayının 14-də böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Amankənd kəndində torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Hüseynov Ziyarət Mail oğlu Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə ölümündən sonra isə 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!