25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur kişinin ailəsində dünyaya gələn Əsgər Vətəninə, xalqına gərək olmaq üçün böyüyür. 18 yaşında 44 günlük haqq savaşımızda “Vətən yaşasın” deyə canını ona qurban verir. Və bu Tanrıdan gəlmə sevgi Əsgərə əbədiyaşarlıq gətirir. Şanlı tarixə malik bir xalqın qəhrəmanlıq simvoluna dönərək milyonların ürəyində özünə yurd-yuva qurur.
Vətənə sevgi, doğma torpağa məhəbbət ana südü ilə birgə hopmuşdu Əsgərin canına. Odur ki, orta məktəbi bitirən kimi ordu sıralarına yollanıb, cəbhə bölgəsində müqəddəsliyinə tapındığı, hər qarışını canından artıq sevdiyi Azərbaycanın keşiyində durub. İlk gündən əsgəri borcunu şərəflə yerinə yetirib, ardıcıl keçirilən sınaq təlimlərdə fəal olub, bir müddət sonra yüksək döyüş məharətinə malik olduğu bilinib. Həmçinin qısa zaman kəsiyində mərd, cəsur, ağıllı, vətənpərvər bir gənc kimi zabitlərin, əsgərlərin sevimlisinə çevrilib. Ən əsası Vətən torpaqlarının azadlığı uğrunda erməni dığalarına qarşı döyüşə özünü hazırlayıb.
Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə atıcı olaraq qatılıb. Döyüş yolu ən qaynar nöqtə sayılan Suqovuşandan başlanıb. Vətən, torpaq məhəbbəti sayəsində Əsgər dəfələrlə ağır müharibə meydanlarından üzüağ, zəfərlə çıxıb. Ölüm-dirim savaşlarda olduğu 27 gün müddətində həmişə yağıya qan qusdurub, qəhrəmanlığı əsgərlərə nümunə göstərilib.
Hər döyüşdə sinəsini irəli verib qartal tək dığaların üstünə şığıyan igid əsgər 23 oktyabr 2020-ci ildə son döyüş günü çoxlu sayda düşmən yaraqlısını məhv edib, özü də qəfil atılan güllənin qurbanı olub. Qanı, rəşadəti hesabına adını qəhrəmanlıq tariximizə yazan Əsgər Məmmədov ölümündən sonra dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Yurdumuzun azadlığı, ərazimizin bütövlüyü əzəldən Əsgər Məmmədovu çox düşündürürdü. Erməni dığalarının Dağlıq Qarabağda, eləcə onun ətrafında apardığı işğalçı siyasətini heç cür öz vicdanına sığışdıra bilmirdi. O, ömrünün 18-ci ilində Vətən naminə misilsiz şücaət göstərərək əbədiyyət qovuşdu. Azərbaycan var olduqca, xalqın əziz oğlu da ürəklərdə yaşayacaq..
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü