04 may 2025 14:55
105

Ərdoğan: Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq

Bölünmüş Kipr problemi son nəticədə adada iki suveren dövlətin yaradılması əsasında həll olunacaq.

“İki sahil”in “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın irəli sürdüyü iki dövlətli həll baxışını tam dəstəkləyirik. Biz töhfə verməyə və konstruktiv yanaşmaya davam edəcəyik. Martın 17-18-də Cenevrədə BMT-nin himayəsi ilə geniş tərkibdə keçirilən qeyri-rəsmi toplantıda razılaşdırıldığı kimi, Kipr türk xalqı gec-tez adada öz suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınmasını təmin edəcək”, - deyə o əlavə edib.

Ərdoğan bildirib ki, Türkiyə bu yolda həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olacaq:

“Biz səmimiyyətlə ədalətli, daimi, davamlı və reallığa əsaslanan bir həll istəyirik. Regionumuzda baş verən hadisələr də onu göstərir ki, bu reallıq indi qəbul edilməlidir. Bu adada iki xalqın, iki dövlətin olduğunu hər kəsin dərk etmə vaxtıdır. Ankaranın Kipr türklərinə və onların müstəqil dövlətinə dəstəyi dəyişməz olaraq qalır və Türkiyə Şimali Kiprin təhlükəsizliyinin qarantı olacaq”.