Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 aprel 2025-ci il tarixli Sərəncamına əsasən Azər Şahverdi oğlu Məmmədrəhimov Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib. A.Məmmədrəhimova nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
“İki sahil” xəbər verir ki, O, 2001-2005-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr, 2007-2009-cu illərdə magistr, 2009-2014-cü illərdə Naxçıvan Dövlət Universitetində hüquq, 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Elektron idarəetmə ixtisası üzrə magistr təhsili alıb.
Bu təyinata qədər 2005-2010-cu illərdə bir neçə özəl şirkətin maliyyə şöbəsinin rəisi, 2010-2013-cü illərdə “Azərpoçt” MMC-də maliyyə xidmətləri üzrə mühəndis, 2013-cü ildən etibarən isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.
Həmçinin, A.Məmmədrəhimov 2016-2021-ci illər ərzində Ümumdünya Poçt İttifaqının Poçt Maliyyə Xidmətləri Komissiyasının həmsədri, 2021-ci ildən “Azərpoçt” MMC-nin Müşahidə Şurasının katibi kimi fəaliyyət göstərib.
24 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
2024-cü ilin avqust ayından cari tarixə qədər isə “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.
Qeyd edək ki,bu təyinatadək Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifələrini Rahid Ələkbərli icra edib.