30 aprel 2025 10:36
88

Britaniya kriptovalyuta sənayesini tənzimləmək üçün yeni qanun layihəsi təqdim edib

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz hökumətin kriptoaktivlər sənayesini tənzimləmək üçün yeni qanun layihəsini təqdim edib.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, bu qanunlar çərçivəsində kriptovalyuta birjaları, treyderlər və vasitəçilər ilk dəfə olaraq hüquqi tənzimləmə sahəsinə daxil ediləcək.

Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, yeni qaydalara əsasən, kriptovalyuta ilə məşğul olan platformalar və şəxslər rəsmi qeydiyyata alınacaq. Bu həm qeyri-qanuni fəaliyyəti məhdudlaşdıracaq, həm də qanuni innovasiyaları dəstəkləyəcək. Bundan əlavə, Britaniyada müştəriləri olan kripto şirkətləri şəffaflıq, istehlakçı hüquqlarının qorunması və dayanıqlı fəaliyyət sahələrində konkret standartlara cavab verməli olacaq.

Nazirlik qeyd edib ki, hazırda Britaniyada yetkin əhalin təxminən 12 faizi bitcoin və ya eterium kimi kriptovalyutalara sahibdir və ya əvvəllər sahib olub. Bu göstərici 2021-ci ildə cəmi 4 faiz idi.