29 aprel 2025 22:00
137

Biganəliklə mübarizə aparırıq

Bu gün artıq bir ay olur ki, sadəcə bir tarixi abidəyə deyil, bütövlükdə tarixi irsimizə qarşı olan biganəliklə mübarizə aparırıq. Çoxu bu məsələni sadəcə bir məscid davası kimi görür. Bəziləri də “rəsmi qurumlara müraciət edin, onlar reaksiya verəcək” deyir.

Gəlin, sizə bir statistika açıqlayım. Əbu Müslüm məscidi məsələsi qaldırılandan indiyə qədər 19 status paylaşdım, 3 xüsusi müraciət ünvanladım, 1 açıqlama verdim, 2 radio (ASAN Radio və 105 FM) müsahibəsi, bir TV süjeti (AzTV), 75+ xəbər, 1 qəzet məqaləsi yayımlandı. 11 quruma və 43 deputata birbaşa meyl üzərindən müraciət edildi. Nəticə isə göz qabağındadır.

Bu məsələyə demək olar ki, ən gözəl cavablardan birini verən Sportinfo saytı oldu. Nə olsun ki, futbolumuz inkişaf etməyib. Əsas odur ki, milli dəyərlərimizə biganə qalmayan bu cür idman mediamız var. Ümumiyyətlə, media mənsublarımıza əvvəldən sona qədər bu məsələdə yanımızda olduqlarına görə nə qədər təşəkkür etsəm, yenə azdır.

Nəticə hasil olsa da, olmasa da, mən bir daha əmin oldum ki, Əhməd bəy Ağaoğlu əbəs yerə bu sözləri demirdi: “Bəli, sözlər, sözlər! Biz müsəlmanlar sözdə hamını geridə qoyarıq, dildə bizim tayımız-bərabərimiz yoxdur. Biz gəlişigözəl sözlər danışmağı, əla sağlıqlar deməyi, özümüzü maarifin, mədəniyyətin əsl tərəfdarları kimi qələmə verməyi bacarırıq”.

Elnur Nəciyev, 
tarix üzrə fəlsəfə doktoru