28 aprel 2025 22:23
103

Zərifə xanım Əliyeva nurlu siması ilə daim yaddaşlarda yaşayacaq

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Biləsuvar rayonunda tədbir keçirilib.

Aprel ayının 28-də görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi tərəfindən “Görkəmli alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə  Akademik Zərifə Əliyevanın, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçılarına görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Görkəmli alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı” adlı videoçarx nümayiş olunub.

 Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, Biləsuvar Rayon Mərkəzi Xəstəxansının direktoru Asif Əhmədov və Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov çıxış edərək qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyəti ilə dünya tibb elminə töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıblar.

Qeyd olunub ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilib. O, “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə, tibb aləmində ən yüksək olan “Averbax” mükafatına layiq görülüb. Ən başlıcası isə Zərifə xanım Əliyeva Heydər Əliyev kimi görkəmli siyasi xadimin həyat yoldaşı, XXI əsrdə Azərbaycanın Zəfər tarixinə adını yazdırmış Prezident İlham Əliyevin anasıdır. Zərifə xanım çətin və mübarizələrlə dolu həyat yolu keçmiş Heydər Əliyevə hər zaman sədaqətli həyat yoldaşı kimi dayaq olmuşdur. Görkəmli alimin ictimai fəaliyyəti bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsinə qaldırılaraq, yüksək səviyyədə inkişaf etdirilir.

Xüsusi vurğulanıb ki, Zərifə Əliyeva öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə, vəfalı ömür-gün yoldaşı olmaqla əsl Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilib. Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssəməsi olan Zərifə Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaq.

Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin hazırladığı bədii proqramla yekunlaşıb.