Dağınıq skleroz - Beyində və onurğa beynində iltihabi proseslər nəticəsində meydana gələn, müxtəlif nevroloji pozuntulara yol açan və hələ də tam müalicəsi tapılmayan kompleks bir xəstəlikdir.
Nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova İki sahil.TV-yə müsahibəsində bu xəstəliyin yaranma səbəbləri, əlamətləri və müasir müalicə üsulları barədə məlumat verdi.
- Leyla xanım, dağınıq sklerozun ilkin əlamətləri hansılardır və onu ilkin mərhələdə necə aşkar etmək olar?
- Dağınıq skleroz (Multiple Skleroz, MS)-mərkəzi sinir sisteminə təsir edən, xroniki və autoimmun bir xəstəlikdir. Bu xəstəlik beyin və onurğa beynindəki sinir liflərini qoruyan mielin qişasının zədələnməsi ilə yaranır. Sinir hüceyrələrinin mielin qişası zədələndikdə, beynin və bədənin müxtəlif hissələri arasında məlumat ötürülməsi pozulur. Bu da fiziki, emosional və koqnitiv problemlərə səbəb olur. Dağınıq sklerozun əsas xüsusiyyəti onun hər kəsdə fərqli simptomlarla özünü göstərməsidir. Bəzi insanlar daha çox fiziki problemlər, məsələn, əzələ zəifliyi, hərəkət çətinlikləri və ya görmə problemləri yaşaya bilər, digərləri isə emosional və psixoloji təsirlər, yəni, depressiya, narahatlıq, yaddaş problemləri və ya diqqət dağınıqlığı ilə üzləşə bilərlər. Psixoloji baxımdan bu xəstəlik insanların özlərini necə hiss etdiklərini, dünyaya necə baxdıqlarına əhəmiyyətli dərəcədə təsir edir. Dağınıq sklerozlu şəxslər bəzən tənhalıq, qorxu və ya gələcəyə dair qeyri-müəyyənlik hissi ilə qarşılaşa bilərlər. Belə vəziyyətlərdə psixoloqların rolu çox önəmlidir. Çünki xəstənin emosional və psixoloji dəstəyini təmin etmək lazımdır. Həqiqətən də dağınıq skleroz yalnız fiziki xəstəlik deyil, həm də psixoloji bir sınaqdır. Bu səbəbdən müalicə planı yalnız medikamentoz terapiya ilə kifayətlənməməlidir. Fiziki və emosional dəstək, həmçinin həyatın mənalı tərəflərini tapmaq, psixoloji cəhətdən güclü olmaq bu xəstəliyi idarə etməyə kömək edən vacib amillərdəndir.
- Psixoterapiya MS xəstələrinə hansı mərhələlərdə daha çox faydalı olur? Ailənin və yaxınların emosional dəstəyi MS xəstəsinin psixoloji sağlamlığına necə təsir edir?
- Dağınıq skleroz (MS) xəstələrinin psixoterapiyaya ehtiyacı xəstəliyin inkişaf mərhələlərinə uyğun müəyyən edilir. Xəstəliyin ilkin mərhələsində MS xəstələri adətən xəstəliyin diaqnozu ilə bağlı şok və qorxu yaşayırlar. Bu mərhələdə psixoterapiya xəstəyə xəstəliklə bağlı məlumat verir, duyğusal stresdən azad olma yollarını öyrədir. Bu mərhələdə xəstənin ailəsi və yaxınları ilə olan münasibətlər də əhəmiyyətli rol oynayır, çünki onların emosional dəstəyi xəstənin psixoloji sağlamlığını gücləndirir. Demək olar ki, psixoterapiya hər bir mərhələdə xəstənin fərdi ehtiyaclarına uyğun olaraq təyin edilməlidir.
- MS xəstələrində həyat keyfiyyətini artırmaq üçün hansı psixoloji vasitələr tövsiyə edərdiniz?
- Dağınıq skleroz xəstəsi olan bir şəxs emosional gərginliyi azaltmaq üçün hər gün müəyyən vaxtlarda meditasiya, dərin nəfəs alma, bədən rahatlama məşqləri və ya yoqa kimi rahatlama texnikalarından istifadə edə bilər. Bununla yanaşı, müsbət psixoloji təsir yaratmaq üçün gündəlik yazı yazmaq və ya yaradıcı fəaliyyətlərlə məşğul olmaq xəstənin özünə olan inamını gücləndirə bilər. Yaxın ətrafın dəstəyi MS xəstəsinin emosional sağlamlığına müsbət təsir göstərir. Ailənin və yaxınların davamlı emosional dəstəyi, xəstənin özünü daha az yalnız hiss etməsinə və həyatın çətinliklərinə qarşı daha möhkəm durmasına kömək edir. Ailənin başa düşməsi, dəstəkverici bir mühitin yaradılması və xəstəyə qarşı şəfqət xəstənin özünə olan münasibətini yaxşılaşdırır, psixoloji olaraq daha dayanıqlı olmasına səbəb olur. Bir sözlə, dağınıq skleroz xəstəsi üçün gündəlik emosional özünəqulluq xəstənin psixoloji və emosional sağlamlığını qorumaq, onu motivasiya etmək və ümumilikdə həyat keyfiyyətini artırmaq məqsədini güdür.
- Beyin və sinir sistemi yorğunluğu ilə psixoloji yorğunluq arasında nə kimi fərqlər var?
- Beyin və sinir sistemi yorğunluğu ilə psixoloji yorğunluq arasında qarşılıqlı əlaqə var. Məsələn, bir insanın fiziki və ya zehni yorğunluğa məruz qalması onu emosional olaraq daha həssas hala gətirə bilər. Həmçinin uzun müddət davam edən psixoloji stress beyindəki sinir sisteminə təsir edərək daha dərin yorğunluğa səbəb ola bilər. İnsanlar bu iki növ yorğunluğu çox vaxt bir-birindən ayıra bilmirlər, çünki əlamətlər bənzər olur. Bu iki tip yorğunluğu anlamaq və ayırmaq üçün ən vacib addım öz bədənimizi və zehni vəziyyətimizi diqqətlə izləməkdir. Həmçinin, bir mütəxəssisdən - psixoloq və ya nevropatoloqdan kömək almaq, doğru diaqnoz qoyulmasına və müalicə prosesinin düzgün yönəldilməsinə kömək edəcəkdir. Hər iki növ yorğunluq insanın həyat keyfiyyətinə ciddi şəkildə təsir edə bilər. Buna görə də bu əlamətləri düzgün anlamaq və vaxtında müdaxilə etmək çox önəmlidir. Belə bir yanaşma yalnız fiziki deyil, həm də emosional sağlamlığın qorunmasına kömək edər.
- Leyla xanım, düşüncəmizmi yorulub, yoxsa sinir sistemimiz? İlk növbədə psixoloqa müraciət etməliyik, yoxsa nevropatoloqa?
- Sinir sistemi ilə bağlı problemlər çox vaxt beyindəki və ya bədənimizin digər hissələrindəki funksional pozuntulardan irəli gəlir. Psixoloji vəziyyətlər daha çox emosional və zehni vəziyyətlərlə əlaqəli ola bilər. Əgər şəxs özündə yorgunluq, düşüncə pozuntuları müşahidə edirsə bu, həm psixoloji, həm də nevroloji səbəblərdən qaynaqlana bilər. Belə vəziyyətlərdə ilk növbədə psixoloqa müraciət etmək məsləhət görülə bilər. Çünki bəzən emosional stres, narahatlıq və ya depressiya düşüncə və zehni yorğunluğa səbəb olur. Psixoloq bu kimi hallarda insanın emosional vəziyyətini dəyərləndirir və əgər bu problem psixoloji səbəbdən olsa, uyğun terapiya və məsləhətlər verə bilər. Ancaq əgər şikayətlər davamlı və daha ciddi fiziki əlamətlərə (məsələn, əzələ zəifliyi, koordinasiya problemləri, həssaslıq pozuntuları və s.) səbəb olarsa, o zaman nevropatoloqa müraciət etmək daha məqsədəuyğundur. Nevropatoloq sinir sistemi pozuntularını aşkar edə bilər və lazım gələrsə, müvafiq müalicə üsulları təyin edə bilər. Bəzən psixoloji və nevroloji problemlər bir-biri ilə əlaqəlidir. Məsələn, bir insanın yaşadığı emosional stress və ya anksiyete sinir sistemində fiziki problemlərə yol aça bilər. Bu halda həm psixoloq, həm də nevropatoloq ilə paralel işləmək ən yaxşı nəticə verə bilər. Qısa desək, əgər düşüncə və emosional vəziyyətlə bağlı problemləriniz varsa, əvvəlcə psixoloqa müraciət etmək daha məqsədəuyğundur. Əgər əlamətlər sinir sistemi pozuntuları ilə əlaqəlidirsə, nevropatoloqa müraciət etmək məqsədəuyğundur.
Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”