Fransanın paytaxtı Parisdə yüzlərlə insan islamofobiyaya göz yumulmasına qarşı keçirilən etiraz aksiyasına qoşulub.
“İki sahil” xəbər verir ki, aksiya iştirakçıları “Grand-Combe” məscidində 22 yaşlı Abubakarın bıçaqlı hücum nəticəsində öldürülməsini pisləyiblər. Onlar gəncin qətlə yetirilməsinə etiraz ediblər. Həmçinin yüksək səslə “Ədalət” tələbini səsləndirib və faciəyə şərait yaradan mühiti pisləyiblər. Etirazçılar ölkədə müsəlman icmasının getdikcə daha çox sıxışdırıldığını və bu icmaya qarşı həyata keçirilən qanunsuz əməllərə göz yumulduğunu vurğulayıblar. Eyni zamanda, media subyektlərinin bu məsələlərə qeyri-obyektiv yanaşmasına və ölkədə baş alıb gedən irqi ayrı-seçkiliyin bütün formalarına qarşı çıxıblar. “İslamofobiya var, bu reallıqdır. Hökumətin susqunluğu səbəbindən isə islamofobiya getdikcə artır”, - deyə nümayişçilər bildiriblər. Onlar, həmçinin daxili işlər naziri Brüno Rötayonun amansız qətl hadisəsinə reaksiya verməsini və ümumilikdə islam dininə “təhlükə” kimi baxılmasına son qoyulmasını tələb ediblər.
Qeyd edək ki, Abubakar 40 bıçaq zərbəsi ilə öldürülüb. Qatil bu hadisəni videoya çəkərək sosial şəbəkədə paylaşıb. O, daha bir neçə nəfəri də öldürmək istədiyini bildirib. Hadisədən sonra Fransa Müsəlman Dini Şurası ibadət edənlərə məscidlərdə tək qalmamağı, təcrid olunmamağı tövsiyə edib və hökuməti müsəlmanların ibadət yerlərində təhlükəsizliyi gücləndirməyə çağırıb. Ölkənin Baş naziri Fransua Bayru islamofob alçaqlığı pisləyərək, qatilin tutularaq cəzalandırılmasını təmin etmək üçün dövlətin resurslarının səfərbər olunduğunu bildirib.