28 aprel 2025 16:35
142

Tələbələr ABŞ-dan NİYƏ QAÇIR?

Donald Tramp administrasiyası ilə Harvard da daxil olmaqla bir sıra ABŞ universiteti arasında gərginliyin artmasından sonra amerikalı tələbələr Böyük Britaniyada təhsil almaq üçün internetdə getdikcə daha çox axtarışa başlayıblar.

“İki sahil” xəbər verir ki,  "Financial Times" bu barədə ali təhsil haqqında məlumat üzrə ixtisaslaşmış Studyportals platformasının məlumatlarına istinadla yazır.

Məlumatda qeyd edilir ki, mart ayında Böyük Britaniyada ali təhsili ilə bağlı ABŞ-dan edilən sorğularının sayı 2024-cü ilin eyni ayı ilə müqayisədə 25% artıb. ABŞ-dan Almaniya, Avstraliya, Fransa və bəzi digər ölkələrdə təhsillə bağlı sorğuların sayı əhəmiyyətli dərəcədə olmasa da, artıb.

Mart ayında beynəlxalq tələbələrin ABŞ-da təhsil almaqla bağlı sorğularının sayı, əksinə, 15% azalıb. Müxtəlif ölkələrdə ali təhsil axtarışı üçün öz platformasına malik olan Keystone Education Group həmçinin bildirir ki, 2025-ci ilin ilk üç ayında ABŞ-dan Amerika universitetlərində təhsil almaqla bağlı sorğuların sayı keçən illə müqayisədə 27% azalıb, Böyük Britaniyada təhsil almaqla bağlı isə 23% artıb.

Son həftələr Donald Tramp administrasiyası ilə Harvard Universiteti arasında münaqişə kəskinləşib. ABŞ səlahiyyətliləri universitetə ​​antisemitizmlə mübarizə aparmamaqda ittiham edərək bir neçə milyard dollar qrantı dondurub. Harvard Universiteti artıq bu qərara qarşı məhkəmə iddiası qaldırıb.