26 aprel 2025 22:47
515

İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb -  YENİLƏNİB-3

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.

“İki sahil” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib.

Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.

"Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir. 

Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.

***

İranın cənubundakı Bəndər Abbas şəhərinin Mahid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə çatıb.

“İki sahil”in İran mətbuatına istinadla verdiyi məlumata görə, limanın gömrük xidməti bildirib ki, partlayışın səbəbi çox güman, təhlükəli maddələr və kimyəvi materialların saxlandığı anbarda baş verən yanğın olub.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

“İki sahil”in "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər. 

Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib. 

Partlayışın səbəbi araşdırılır. 

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.

“İki sahil” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.

Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil.

Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.