10 dekabr 2025 20:40
210

“Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda keçirilən ikigünlük təlim yekunlaşıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda keçirilən ikigünlük təlim yekunlaşıb.

Təlimin keçirilməsində əsas məqsəd ictimai fikir fenomeni kimi insanların düşüncələrinə təsir göstərən, ideyanın daha çevik və müasir formada ifadə edilməsinin yeni metodlarını özündə birləşdirərək jurnalistin yaradıcı şəxsiyyət kimi fərdi üslubunu formalaşdıran “storytelling” barədə media nümayəndələrini məlumatlandırmaqdır. Təlim çərçivəsində ənənəvi yazı tərzi ilə yeni məzmunun ifadə olunmasının mümkünlüyü, publisistik üslubun hipermətnə çevrilməsi, köşə yazarlığının dinamik formaları və cəlbediciliyinin artırılması kimi aktual mövzular müzakirə edilib. Qeyd olunub ki, “storytelling”in hazırda beynəlxalq trendə çevrilmiş standartlarını, daha geniş anlamda isə müasir narratologiya nəzəriyyələrini mənimsəmək mətnin, nitqin, ümumiyyətlə nəql etmənin bütün formalarında fikrin düzgün, anlaşılan olması və ictimai təsir gücünün artırılması baxımından mühüm əhəmiyyətə malikdir.  

9-10 dekabr tarixlərində keçirilən təlim çərçivəsində “Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”, “Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları”, “Narrativ nəzəriyyəsi: əsas prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)”, eləcə də “Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi” ilə bağlı media nümayəndələri üçün sessiyalar təşkil olunub.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Orxan Vahidoğlu, "İki sahil"