16 dekabr 2025 21:56
110

Çexiya hökuməti Avropa İttifaqının miqrasiya paktını rədd edib

Prezident tərəfindən 15 dekabrda təsdiqlənən Çexiya hökuməti çərşənbə axşamı keçirilən iclasda Avropa İttifaqının miqrasiya paktını rədd edib.

“İki sahil” xəbər verir ki, bu məlumatı ölkənin baş naziri Andrey Babişə istinadən Çexiya Xəbər Agentliyi (ÇXA) yayıb.

"Bugünkü iclasda hökumət Aİ-nin miqrasiya paktını rədd edib", – baş nazirin sözləri belə çatdırılıb. Nazirlər Kabinetinin proqram bəyanatı layihəsində Aİ miqrasiya paktından imtina və miqrasiyanın, sığınacaq verilməsinin tənzimlənməsi üzrə yeni qanunvericilik aktlarının hazırlanması nəzərdə tutulur.

Agentliyin təqdim etdiyi qərara görə, hökumət qaçqınların Aİ ölkələri arasında kvotalarla bölüşdürülməsini rədd edib və qeyri-qanuni miqrantların tamamilə qəbul edilməməsi mövqeyini bildirib.

"Hökumət Aİ-də miqrasiya və sığınacaq verilməsi paktını mövcud formada rədd edib və onun sərtləşdirilməsinə fəal şəkildə çalışacaq", - sənəddə qeyd olunub. Çexiya Aİ-nin xarici sərhədlərinin gücləndirilməsində, qaçaqmalçılara qarşı mübarizədə və qeyri-qanuni miqrantların problemlərinin icma hüdudlarından kənarda həllində israr edir.

Nazirlər Kabineti həmçinin Aİ-nin karbon kvotaları ticarəti sistemini (ETS 2) rədd edib, dövlət tərəfindən müəyyən edilən elektrik tariflərinin azaldılması barədə qərar qəbul edib və hökumət koalisiyası partiyalarının siyasətçilərin maaşlarının artımını 2030-cu ilin sonuna qədər dondurmaq təklifini dəstəkləyib. Bu norma parlament tərəfindən təsdiqlənəcəyi halda, onların maaşları 2026-cı ildən artırılmayacaq.