İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradan Azərbaycanın başlıca məqsədi Cənubi Qafqazda sülhü, sabitliyi, təhlükəsizliyi və qarşılıqlı əməkdaşlığı bərpa etməkdir. Sülh sazişi üzrə danışıqlara başlanılmasının təşəbbüskarı da rəsmi Bakıdır. Ancaq Ermənistan bəzi Qərb ölkələrinin, xüsusilə Fransanın təlimat, təzyiq və şirnikləndirmələri ilə danışıqlar prosesini əngəlləyir, gecikdirmə taktikasına əl atır, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi şəkildə pozmaqda davam edir.
Azərbaycan tərəfinin mövqeyi belədir ki, torpaqlarımızın işğalda olduğu zamanlar qəbul edilmiş Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi regional geosiyası zərurətdir. Rəsmi İrəvan nəhayət anlamalıdır ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına münbit zəminin yaradılması Konstitusiyadakı dəyişikliklərdən, eləcə də ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verilməsindən keçir.
Ermənistanla Azərbaycan arasında sülh prosesin məntiqi sonluqla yekunlaşması üçün sülh müqaviləsi imzalanmalı, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Konstitusiyanı dəyişdirmədən, həmçinin Azərbaycana qarşı ərazi iddialarının yer aldığı normativ-hüquq sənədlərdə dəyişiklik etmədən rəsmi İrəvanla sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Çünki Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinə, ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Ən əsası da odur ki, Ermənistan Konstitusiyasında bu sənədə istinadlar öz əksini tapıb.
Havadarlarının köməyinə arxalanan, revanşizmin tüğyan etdiyi, hazırda region üçün təhdid mənbəyinə çevrilən Ermənistan 2024-cü ildə 1,4 milyard dollar həcmində təsdiqlədiyi hərbi xərclərinə müdafiə ehtiyacları üçün əlavə 500 milyon dollar vəsait ayırmağı nəzərdə tutur. Baş nazir Nikol Paşinyanın son zamanlardakı açıqlamaları bir daha göstərir ki, Ermənistanın sülh prosesi ilə bağlı bəyanatları tamamilə saxtadır. Çünki rəsmi İrəvan son illərdə xarici ölkələrlə bir neçə milyard dollarlıq silah müqavilələri imzalayıb, öz hərbi sənayesinə bir neçə yüz milyon dollar dəyərində sifarişlər verib.
Gerçəklik odur ki, Paşinyan hökuməti İkinci Qarabağ müharibəsindən sonra Hindistan və Fransadan silah alınmasına dair bir sıra müqavilələr imzalayıb. Belə ki, Ermənistan Hindistandan güllə və qumbaradan tutmuş, tank əleyhinə “Konkurs-M” raketləri, 90 ədəd 150 mm-lik “ATAGS” haubitsları, 80 mm-lik artilleriya qurğuları və “Pinaka” yaylım atəşli reaktiv sistemin 4 batareyası alıb. Bundan sonra Ermənistan bu ölkədən orta mənzilli “Akaş” zenit-raket kompleksi, pilotsuz uçuş aparatları (PUA) və onlara qarşı mübarizə sistemləri almaq üçün rəsmi Dehli ilə danışıqlar aparmağı planlaşdırıb.
Bundan sonra Ermənistan Hindistandan növbəti dəfə silah almağa başlayıb. Belə ki, iki ölkə arasında “Pinaka” raket sistemləri və “Akaş” yer-hava raketlərinin alınması ilə bağlı müqavilə imzalanıb. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanın 2024-2025-ci maliyyə illəri üçün Dehlidən silah və hərbi texnika alınmasına dair imzaladığı müqavilələrin həcmi 600 milyon dollara çatıb.
Bütün bunların fonunda tərəddüd etmədən demək olar ki, Ermənistan faşist ideologiyasını dövlət siyasətinə çevirib. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində faşist ideologiyası yürüdən Ermənistanı və onun himayədalarını bir daha ifşa edib: “Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur. Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ - bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır”.
Bütün bunların fonunda bir daha demək olar ki, Ermənistanın sürətlə silahlanması, revanşizmə meyllənməsi sülh danışıqları istiqamətində normallşma prosesinin yekunlaşdırılması üçün ən ciddi mane olaraq qalmaqdadır. Bir daha xatırlatmaq istərdik ki, rəsmi İrəvan üçün yeganə çıxış yolu bu təhlükəli siyasətdən əl çəkmək, Azərbaycanla sülh müqaviləsinin imzanlanması üçün siyasi iradə nümayiş etdirərək əlverişli tarixi şəraitdən istifadə etməkdir. Dövlətimiizn başçısının bildirdiyi kimi, Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahları tədarük etməsi sülh prosesini poza bilər. Prezidentimizin bildirdiyi kimi, rəsmi İrəvan unutmamalıdır ki, Azərbaycan sadəcə olaraq bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq: “Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar”.
Nəhayət, sülh əleyhinə addımlar atan rəsmi İrəvan unutmamalıdır ki, Ermənistanın sürətlə silhalanması, regionda yeni eskalasiya bu ölkə üçün yeni facilərə səbəb olcaq.
Zahid Rza, “İki sahil”