10 yanvar 2025 16:59
158

Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır

Dövlət başçısı 7 yanvar 2025-ci ildə yerli televiziya kanallaına olan müsahibəsində bildirib ki, biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır.

Zəngəzur dəhlizinin açılması Ermənistanın müvafiq öhdəliyidir və üçtərəfli bəyantlarda bu hal təsbit olunub. 2020-ci il 10 noyab  tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində sözügedən məsələ öz təsbitini tapıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı digər üçtərəfli Bəyanatda bir daha bu məsələyə toxunulub: “2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir”. Həmin İşçi qrupu fəaliyyətə başlasa da, bir neçə görüş keçirsə də, Ermənistanın mövqeyi səbəbindən ortada hansısa nəticə yoxdur.

Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.

Zəngəzur dəhlizinin işə düşməsi məqsədilə ölkəmiz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir və prosesi əsas etibarı ilə yekunlaşdırmaq üzrədir. Amma bu vaxta kimi Ermənistan rəhbərliyi dəhlizin açılması istiqamətində hər hansı əməli addım atmır, sözdən o tərəfə keçməyən fikirlər səsləndirir. Halbuki, dəhlizin açılacağı təqdirdə ondan ən böyük fayda götürən tərəflərdən biri Ermənistan özü olacaq. Çünki işə başladıqdan sonra  bu dəhliz Ermənistanın əsas ticarət və nəqliyyat yollarından biri olmasına gətirib çıxaracaq, idxal və ixrac marşrutlarının şaxələndirməsinə imkan verəcək. Eyni zamanda Zəngəzur dəhlizi Ermənistanın izolyasiya vəziyyətindən xilas olmasına, onun region və ondan kənar ölkələrlə  əlaqələrində yeni mərhələnin başlanmasına səbəb olacaq. Perspektivdə Zəngəzur dəhlizi Ermənistan üçün enerji təhlükəsizliyi baxımından da müstəsna əhəmiyyət kəsb edə bilər.

Sözügedən dəhlizinin strateji əhəmiyyəti bu mənada həm də onunla ölçülür ki, o, işə düşdüyü halda Cənubi Qafqaz regionu daha sürətlə sabitliyin bərqərar olduğu əməkdaşlıq məkanına çevriləcək.

Almaz Rizvanova,
48 nömrəli məktəbin müəllimi